Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Oktyabr 2018 09:41

İstiqlalımız qürur yerimizdir

Cümhuriyyət ilində Azərbaycanın dövlət müstəqilliyinin bərpasını böyük sevgilərlə xatırlanır: 1991-ci ilin sonlarında SSRİ-nin zəifləməsi bizə müstəqil olmaq üçün imkan yaratdı. Azərbaycan Ali Sovetinin növbəti sessiyasında dörd günlük müzakirələrdən sonra "Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul edildi. Nəhayət, biz 1991-ci ilin oktyabrın 18-də ikinci dəfə zəncirləri qıraraq müstəqilliyi daddıq.
Hürriyyət! O elə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir (Ə.Hüseynzadə). Azadlıq və xoşbəxtlik hər xalqın əzəli və əbədi istəyidir. Xalqımız min illərlə bu istəklə yaşayıb, bu istək naminə mübarizə aparıb. Azad fikir, azad düşüncə bir dövlətin yaşamı üçündü; xalq bu niyyətin icraçısı olmaqla dövlətçiliyini qoruyub.  Bu baxımdan xalqımız dövlətçiliyimizin cəfakeşidir.
Azərbaycan dövlətinin ərazisi dünya xəritəsində kiçik olsa da, onun müstəqillik, azadlıq mübarizəsi olduqca böyükdür. Xalqın fədakarlıqla əldə etdiyi müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan çətindir. Azərbaycan xalqı azadlıq, müstəqillik yolunda odlu-alovlu yoldan keçərək öz məqsədinə nail oldu. Aldığımız heç bir zərbə, heç bir məğlubiyyət bizi bu yoldan döndərmədi.
Biz XX əsrdə müstəqilliyimizi iki dəfə qazanmışıq. İlk müstəqilliyimiz cəmi 23 ay yaşasa da, həmin aylarda əvəzsiz işlər görüldü.
Azərbaycan dövlətinin müstəqilliyi qəbul olunduqdan sonra isə bayraq, gerb və himn haqqında da qərarlar qəbul edildi. Bu həmin bayraqdır ki, neçə-neçə igid oğullarımız - Mübarizlərimiz, Çingizlərimiz, Samidlərimiz qorxmadan, çəkinmədən onun yolunda şəhid oldular. Bu həmin gerbdir ki, müstəqilliyimizi təmsil edir və bunun sübutudur. Bu həmin himndir ki, məkanından asılı olmayaraq səsləndiyi hər yerdə könlümüzü riqqətə gətirir,  qeyri-ixtiyari ayağa qalxırıq, ürək çırpıntılarımız onun sədalarına qarışır.
Ulu öndərimiz Heydər Əliyev deyirdi: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam". Hər birimiz Ulu Öndərin bu kəlamını böyük sevgilərlə yaşadırıq. Mən də bir Azərbaycan vətəndaşı olaraq qürur duyuram.

Hüsniyyə İDRİSOVA, BSU-nun II kurs tələbəsi