Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Oktyabr 2018 09:39

Tarixə ehtiram tədbiri

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edildi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar silsilə tədbirlərin həyata keçirilməsi davam etməkdədir. Bu tədbirlərin hər biri istər tarixə sədaqət, istər milli-mənəvi dəyərlərin mühafizəsi, istərsə də gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına qayğı kimi dəyərlidir. Belə tədbirlər hərbi hissələrdə də keçirilməkdədir. Hərbi anda sədaqətlə xidmət edən əsgərlər xalqımızın tarixini daha əhatəli öyrənirlər ki, bu da onların mənəvi-psixoloji hazırlığında olduqca əhəmiyyətlidir. 
Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşları, dövlət qulluqçuları Zümrüd Səmədova və Sairə Rəsulova bu günlərdə ön xətdə yerləşən hərbi hissələrimizdən birində əsgərlərlə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı söhbət aparıblar. Tədbirdə bu tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmasından, istiqlaliyyətimizin tarixindən, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə müstəsna rolundan, xalqın mübarizə əzmindən, o dövrün tarixi şəxsiyyətləri - Məmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əlağa Şıxlinskinin və başqalarının böyük xidmətlərindən söz açılıb. Ehtiramla xatırladılıb ki, böyük tarixi şəxsiyyət Heydər Əliyev qurucusu olduğu müasir Azərbaycanı Azərbaycan Demokratik Cümhuriyyətinin, ordumuzu Cümhuriyyət ordusunun varisi elan edib.
Hərbi hissədəki görüş bir daha təsdiqlədi ki, ordu ilə xalqın birliyi sarsılmazdır. 2016-cı ilin aprel döyüşləri haqqında deyilənlər əsgərlərin döyüş əzmini, qələbə ruhunu kükrədib.
Dövlət qulluqçuları hərbi hissənin ərazisində keçirilən ağacəkmə aksiyasına qoşulublar. Bu kompaniya ümummilli lider Heydər Əliyevin tövsiyələrinin yaşarılığının təsdiqidir. Ağac əkmək - qurmaq, yaratmaq Azərbaycan əsgərinin vətəndaşlıq duyğularının daha da genişləndirilməsinə xidmət edən tədbir kimi dəyərləndirilməlidir.
Şəhidlər unudulmur. Tədbirin davamı kimi Zümrüd Səmədova və Sairə Rəsulova şəhidlər Orxan Həmidovun və Səyyar Quliyevin ailələrinə də baş çəkiblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamıyla yenidən qurulan, əhalisi qayıdan Cocuq Mərcanlı kənd qəbiristanlığında şəhidlərin ruhuna ehtiram ziyarəti olub. Bu ziyarətin mahiyyəti Böyük Qələbəyə inam deməkdir. Xalq Azərbaycan əsgərinə güvənir, onun Böyük Qələbəsinə inanır.
Füzuli Dram Teatrının səyyar qrupu əsgərlər qarşısında maraqlı proqramla çıxış edib.
Bu tədbir "Cümhuriyyət İli - 100" tədbirlər silsiləsinin tərkib hissəsi kimi yaşanılıb.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"