Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Oktyabr 2018 09:19

“Qanbağışlama” aksiyası keçirildi

Oktyabrın 18-də Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan bankında 18 Oktyabr  Dövlət Müstəqilliyi Gününə həsr olunmuş "Qanbağışlama" aksiyası keçirdi. Aksiyada Həmkarlar İttifaqı Komitəsinin üzvləri ilə yanaşı, hərbçilər də iştirak etdilər.  
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi tibb xidməti polkovniki Tofiq  Tağıyev bildirdi ki, belə aksiyalar ordu ilə xalqın birliyinin göstəricisi olmaq etibarilə ordu quruculuğuna xidmətdir. "Baş Klinik Hospitalda olan xəstələr daim diqqət mərkəzindədirlər. Bugünkü aksiyada iştirak edən hər kəsə minnətdaram".
Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Abiyat Ağadadaşova qeyd etdi ki, bir neçə ildir ardıcıl keçirilən "Qanbağışlama" aksiyası könüllüdür. "Biz davamlı olaraq Vətənimizin müdafiəsində dayanan hərbçilərin yanında oluruq. Bu, onlara həm də mənəvi dəstəkdir. Yaralılar görür ki, ictimaiyyət onlara nə səviyyədə ehtiram bəsləyir. Bununla yanaşı, Həmkarlar İttifaqının əməkdaşları müntəzəm olaraq hərbi hissələrdə, cəbhə bölgələrində olurlar. Mənəvi dəstəyimizlə Vətənin keşiyini çəkənlərimizdə, düşmən təxribatlarının qarşısını alanlarımızda ruh yüksəkliyi yaratmağa çalışırıq. Bugünkü aksiyada 14 təşkilatdan 80 nəfər iştirak edir.”
Tibb xidməti mayoru Elvin Rüstəmov bildirdi ki, 24 saat fəaliyyət göstərən Qan Bankı hospitalda müalicə alan xəstə və yaralıları lazımi qan və onun komponentləri ilə təmin etmək üçün yaradılıb. "Müasir tibbi avadanlıqlarla təmin olunmuş bölmədə qanın bütün komponentləri təlimata uyğun hazırlanır. Aksiyada öncə məlumat kartlarına donorlar haqqında lazımi məlumatlar qeyd olunur. Şikayətlərinin olub-olmaması ilə maraqlanılır. Hemoqlobinləri, qan təzyiqləri, ürək ritmləri yoxlanılır. Temperaturu, ritm pozğunluğu olanlar, müalicə alanlar, antibiotik qəbul edənlər qan verə bilməzlər. Verilən qanlar qruplara bölünür, yoxlanılır, qan və onun komponentləri ən müasir üsullarla test edilir. Əgər hər hansı bir problem - xəstəlik aşkar olunarsa, donorla əlaqə saxlanılır və bilgi verilir. Aidiyyəti qurumlara da məlumat veririk."
Həkimlərdən tibb xidməti polkovnik-leytenantı Vüsal Rüstəmzadə, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Kazım Quliyev, tibb bacıları - baş çavuşlar Gülarə Məmmədova, Yeganə Ramazanova, Nigar Feyziyeva, çavuş Günay Əliyeva və digərləri nəcib və humanist xarakterli bu aksiyada vəzifələrinin öhdəsindən layiqincə gəldilər.
Donorlardan Sahib Əsədov, Firdovsi Xəlilov, Daşdəmir Əliyev, Gülsəda Quluqızı, Lətafət Əmirova, Vəfa Ramazanova, Dilarə Cəfərova, Səyyar Nəzərov və başqaları belə aksiyalara qoşulmalarından qürur duyduqlarını, verdikləri qanın Azərbaycan hərbçisinə nə qədər gərəkli olduğunu dərk etdiklərini bildirdilər. "Qanım hansı zabitin, əsgərin həyatda qalmasına kömək olarsa, özümə yaxşı vətəndaş deyə bilərəm. Bu,  ən böyük xoşbəxtlikdir".


Günay TAĞIYEVA,  "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR