Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Oktyabr 2018 09:17

Vətən sevgisiylə döyünən ürək

Uşaqlıqdan hərbçi olmağı arzulayırdı. Köksünə sığmayan, yuxularını ərşə çəkən bu arzusunu ata-anasına açıqladı. Fazil kişi oğlunun qərarından çox razı qaldı. Axı özü də Qarabağ döyüşlərinin iştirakçısı idi. Övladının işğalda olan torpaqlarımızı azad görmək arzusu, bu amal uğrunda döyüşmək istəyi ilə fərəhləndi. "Sən sadə bir kəndli ailəsində dünyaya göz açan mərd övladsan. Qərarın məni olduqca sevindirdi. Seçdiyin yol çətin və şərəflidir. Bu yolda daha dözümlü, qərarlı və bacarıqlı olmalısan. Tutduğun yolda Allah sənə yar olsun". Anası isə ağlayıb "sənin dost-tanışın həkim, müəllim olmağı arzulayıb rahatlıq axtarır, sənsə özünü odun, alovun içinə atırsan" deyirdi. Axı orta məktəbdə oxuyan Ayaz,  Zəminə ananın gözündə hələ də körpəydi.
Çox qərarlıydı, hərbçi olmaq istəyirdi. Onun üçün Vətən hər şeydən önəmliydi. Doğma torpaq uğrunda canından keçməyə hazır idi. Xəyallarının arxasınca gedən Ayaz sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verir. İmtahanları uğurla başa vurur. Məktəbli Ayaz kursant adını qazanır. Hamı kimi hərbi forma geyinməyin sevincini yaşayır. İlk dəfə onu hərbi mundirdə görən atası qürurlanır, Zəminə ananın gözündəki yaş bu dəfə sevinc, fərəh göz yaşına dönür. Çünki Vətənə bağlı övlad böyütmüşdülər. Gözlərinin ağı-qarası övladlarına xeyir-dua verib, Allaha əmanət edərək tutduğu yolda uğurlar arzuladılar.
- Sənin kimi övlada sahib olduğum üçün Allahıma şükür edirəm, - Fazil kişi dedi. - Müharibənin qan-qadasını görmüşəm, anan da o illər yolumu həsrətlə gözləyib. Bu səbəbdən hərbçi olmağını istəmirdi, amma qəlbən sevinirdi. Sənin kimi igid oğul böyütdüyümüz üçün qürur hissi keçirdirik.
Ayaz kursant olduğu dövrdə səmimiyyəti, mehribanlığı və hərb sənətinə bağlılığı ilə seçilir, müəllim və kursant heyətinin rəğbətini qazanır. İllər bir-birini sürətlə əvəzləyir və o, 2015-ci ildə leytenant hərbi rütbəsi ilə məzun olur.
Baş leytenant Ayaz Cəfərlinin ilk xidmət yeri ön xətt hərbi hissələrindən biri olur. Zabit ailəsiylə vidalaşıb yola düşdüyü anı və atası ilə söhbətini belə xatırlayır:
- Hə igid, demək gedirsən?
- Bəli atacan, işğaldan azad edilməli torpaqlarımız var.
- Biz səni Vətən üçün böyütmüşük. Nə sən, nə də Vətən darda qalmasın.
- Gözün arxada qalmasın. Qarabağı azad edənlər sırasında olacam.
- Xudahafiz oğlum...
- Xudahafiz ata...
Valideynlərin xeyir-duası ilə Ayaz hərbi xidmətə yollanır. Düşmənlə üz-üzə səngərlərdə xidmət aparır. Dəfələrlə atəşkəs pozulanda, düşməni cavab atəşi ilə susdurmağa nail olur. Gecələr gündüzləri, dəqiqələr saatları, günlər ayları qova-qova zaman ötür. Ayaz təcrübəli zabit kimi formalaşır. O, anasının övlad toyu görmək arzusu, atasının nəvə oynatmaq istəyindən agah idi. Lakin onun üçün həyatdakı ən böyük sevgi Vətən sevgisi idi.
Anası bəzən zəng edər, yuxularından danışar, ehtiyatlı olmasını istəyərdi. Hər dəfə Ayaz zarafata salıb ana ürəyini rahatlatmağa çalışardı. 2016-cı ilin martın son günlərində Zəminə ana narahatlıq içində yuxudan qalxır. Gördüyü yuxunu əvvəlcə suya, sonra zəng edərək Ayaza danışır.
"Gördüm ki, qaranlıq bir gecədi, güllə səsləri gəlir. Əvvəlcə təlaşa düşdüm. Arxanca gəlib dəfələrlə Ayaz deyə səslədim. Dönüb baxırsan, “ana, Vətən məni gözləyir, tələsirəm” deyib yoluna davam edirsən. Nə qədər çağırsam da, qayıtmırsan. Sonra günəşin qürubunda uca bir dağın zirvəsinə üçrəngli bayrağımızı sancdığını görürəm".
Anasının son cümləsi səhər mehi kimi bütün ruhuna yayılır Ayazın. Üzünə gülüş, gözlərinə sevinc qonur.
- Görürsən ana, torpaqlarımızı azad edib, bayrağımızı zirvələrdə dalğalandırmışam. Allahın izni ilə yuxuların gerçək olar, olacaq, olmalıdır... Başqa yolu yoxdur. Hər şey yolundadı, məndən nigaran olma.
Aprelin ilk günləriydi. Axşam düşür, hava get-gedə qaralırdı. Zəif külək əsirdi. Həmin gün leytenant Cəfərlinin gözlərində qəribə sevinc vardı. Anasının səsi qulağında əks-səda verirdi: "Uca bir dağın zirvəsinə üçrəngli bayrağımızı sancdığını görürəm". Sanki tezliklə ata-baba torpaqlarına qayıtmaq düşüncəsinin verdiyi fərəh bütün bədənini sarır, ürəyinə qəribə sevinc gətirir.
Gecədən bir az ötmüşdü. Erməni diversiya qruplarının bütün sərhədboyu ərazilərdən basqına keçməsi məlumatı alınır. Gənc komandir silaha sarılıb tabeliyində olan şəxsi heyətə müvafiq komandalarla yerlərini tutmağı əmr edir. Verilən komanda nəticəsində düşmən üzərinə əks-həmlə ilə hücuma keçən bölmələr arasında Ayaz və əsgərləri də döyüşür. Düşmən üzərinə mərmi yağdıra-yağdıra anasının yuxusunun çin olacağını düşünür, əzəli torpaqlarımıza bayrağımızı sancmaq arzusu ilə irəli atılır. Döyüşlər Azərbaycan Ordusunun layiqli qələbəsi ilə nəticələnir. Torpaqlarımızın bir qismi azad edilir.
Bu qələbədə Ayaz və əsgərlərinin də payı olur. Gənc komandir aprel zəfərində iştirakını həyatdakı ən böyük uğuru sayır.
- Mən Azərbaycan Ordusunun zabiti olaraq bu gün də Vətənimin keşiyindəyəm.  Torpaqlarımızın bir qisminin azad olunmasında iştirak etmək hələ Vətən qarşısında övladlıq borcunu yerinə yetirmək demək deyil. Təlimlərdə iştirak etməli, döyüş vərdişlərimizi artırmalıyıq. Ali Baş Komandanın əmri ilə tarixi torpaqlarımızı azad edəcəyimiz gün tam rahat olacağıq.


Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR