Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Oktyabr 2018 09:06

Əsgərlərimiz ana qayğısı ilə əhatə olunublar

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində dünya təcrübəsi nəzərə alınaraq mühüm addımlar atılır. Görülən işlərin nəticəsidir ki, ordumuz dünyanın ən güclü orduları sırasındadır.
Son vaxtlar hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi məqsədilə müasir standartlara cavab verən hərbi hissələr inşa edilir. Zabit və əsgərlərimizin dolğun qidalanması üçün bütün avadanlıqlarla təchiz edilmiş yeməkxanalar da tikilib. Şəxsi heyətin isti çörəklərlə təmin olunması üçün hərbi hissədə çörək sexləri quraşdırılıb. Bu istehsal sahəsi şəxsi heyəti nəinki çörəklə, həm də şirniyyat məmulatları ilə də təmin edir. Əsgər yeməkxanalarında qadın aşpazların çalışması bişirilən yeməklərin keyfiyyətini artırmaqla yanaşı, əsgərlərimizə ana qayğısını hiss etdirir.
Hərbi qulluqçulara ləziz təamlar hazırlayan aşpazlarımızla tanış olmaq imkanını qazanırıq və ilk həmsöhbətim Elmira Məmmədovadır. "Aşpazlıq sadəcə yemək bişirmək ilə bitmir. Hazırladığın hər təama öz sevgini qatmağı bacarmalısan. Vətənin müdafiəçiləri üçün yemək hazırlamaq ikiqat məsuliyyət tələb edir. Çalışırıq ki, bişirdiyimiz yeməklər dadlı alınsın. Mənim oğul övladım yoxdur, ancaq əsgərlərimizin hər biri mənim oğlumdur. Ana Vətənin keşiyində dayanan övladlarımın dadlı, həmçinin keyfiyyətli qidalanmaları üçün əlimizdən gələni əsirgəmirik. İnanıram ki, onlar da tezliklə bizlərə Qələbə sevincini daddıracaqlar".
Xəyalə Həsənova bildirdi ki, aşpaz yaradıcı, səbrli və dadlı yeməklər bişirmə qabiliyyətinə malik olmalıdır. "Hər birimiz üçün analarımızın bişirdiyi xörəklər əvəzsizdir. Çalışırıq ki, hazırladığımız təamlar əsgərlərin ürəyincə olsun, analarının bişirdiyi xörəklərdən seçilməsin, onlar ləziz və dadlı xörəklərlə qidalansınlar".
- Əsas məqsədimiz əsgərlərimizin sağlamlığıdır. Biz də öz növbəmizdə bişirdiyimiz ləziz təamlarla onların sağlamlığını qoruyub saxlamağa çalışırıq. Yemək saatlarında əsgərlərimizlə söhbət edirik və yeməklə bağlı fikirlərini, istəklərini nəzərə alırıq. Əsgərlərimiz gecə-gündüz torpaqlarımızın keşiyində dayanırlar. Onların həvəslə nahar etdiyini görmək biz anaları çox xoşbəxt edir. Vətənimizi xain düşməndən mətinliklə qoruyan gənclərimiz üçün yemək bişirməkdən qürurverici nə ola bilər?! Bunun üçün çalışırıq ki, bizə həvalə olunan vəzifənin öhdəsindən layiqincə gələk, - bu sözləri əsgərlərimizi qayğı və sevgisi ilə əhatə edən Zülfiyyə İsmayılova dedi.
"Hərbi hissələrdə çalışan hər bir qadın əsgərlərimizə doğma ana, bacı kimi qayğı göstərməlidir", - deyə Vəsilə Məmmədova söhbətə başladı. - Biz əsgərlərimiz üçün dadlı xörəklər bişirməklə Vətən qarşısında vətəndaşlıq borcumuzu yerinə yetiririk.  Yəni əsgərlərimiz nə qədər düzgün qidalansa, bir o qədər sağlam olar, komandirlərinin öyrətdiklərinə dərindən yiyələnərlər. Bu da ordumuzun döyüş qabiliyyətinin artması deməkdir. Hər bir ana övladının sağlamlığını istəyir.
Bizim bir arzumuz da var ki, övladlarımız işğal olunmuş torpaqlarımızı azad etsin, Şuşada, Laçında, Xankəndidə... üçrəngli bayrağımızı dalğalandırsınlar.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
fotolar  Namiq PƏNAHOVUNDUR