Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Oktyabr 2018 08:58

“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”

Azərbaycan 1918-1920-ci illərdə müsəlman Şərqində ilk parlamentli, demokratik, dünyəvi dövlət qurmuş, lakin xalqımızın böyük mübarizələr, savaşlar sayəsində nail olduğu bu müstəqillik uzun sürməmişdir. Tarix üçün çox qısa bir zaman olsa da, əhəmiyyəti baxımından xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. Mövcud olduğu müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlarını konstitusion hüquqlarla təmin etmiş, daxili quruluşundan asılı olmayaraq, bütün ölkələrlə münasibətləri faydalılıq əsasında yaratmağa çalışmışdır.
Cümhuriyyətin demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və s. sahələrdə atdığı addımlar yarımçıq qalmamış, müstəqilliyini XX əsrin sonlarında yenidən bərpa edən dövlətimiz varislik ənənələrini yaşatmış, inkişaf etdirmişdir.
1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Həmin il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Bununla da Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi. Dövlət müstəqilliyimizi dünya ictimaiyyəti tanıdı və qəbul etdi.
Həmin tarixi və möhtəşəm gündən artıq 27 illik bir müddət keçir. Bu müddət ərzində Azərbaycan bütün sahələrdə misli görünməmiş inkişafa, tərəqqiyə nail olsa da, əldə edilən uğurlar asanlıqla başa gəlmədi. Müstəqillik və azadlıq qurbanlar bahasına, çətinliklə əldə olunur. Müstəqilliyimizin ilk illərində xalqımız, sözün həqiqi mənasında, ağır, məşəqqətli günlər yaşadı. 1988-ci ildən Ermənistanın Azərbaycana torpaq iddiası ilə başlayan münaqişə ölkəmizdə vəziyyəti son dərəcə ağırlaşdırdı. Ermənistandakı dədə-baba torpaqlarından deportasiya olunan soydaşlarımız Azərbaycana pənah gətirdi. Torpaqlarımızda müharibə gedirdi, çadır düşərgələrinin sayı gündən-günə artırdı. Dağlıq Qarabağ, həmçinin ətrafındakı ərazilər erməni qəsbkarları tərəfindən işğal olundu. Bir tərəfdən müstəqilliyimizin başı üstünü almış real təhlükəni sovuşdurmaq, digər tərəfdən erməni təcavüzündən xilas olmaq, torpaqlarımızı müdafiə etmək, ölkəmizin ərazi bütövlüyünü qoruyub saxlamaq, işğal olunmuş torpaqlarımızı azad etmək kimi Vətən qarşısındakı borcumuzu yerinə yetirməliydik. Xalqımız öz gücünü və qüdrətini göstərməliydi. Dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir zamanda respublikamızın o zamankı rəhbərləri belə vacib, taleyüklü vəzifələrin öhdəsindən gələ bilmirdilər.
Məhz buna görə də torpaqlarımızın xeyli hissəsi itirildi, ölkədə xaos, anarxiya baş alıb getdi, vətəndaş müharibəsi təhlükəsi yarandı, qardaş qırğını başlandı, qanunçuluğun əsasları ciddi şəkildə zəiflədi, cinayətkarlıq halları görünməmiş səviyyəyə çatdı, dövlətçiliyimiz və müstəqilliyimiz təhlükə qarşısında qaldı.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: "Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir".
Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən də atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.
Azərbaycan daxilində yaranan nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlandı ki, bu da  müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilib. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var...
Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusudur. Ulu Öndərin zəngin irsi, ideyaları və tövsiyələri müasir cəmiyyətimizin inkişafının nəinki ideya mənbəyidir, həmçinin möhtəşəm səfərbəredici amildir. Ümummilli Liderin təlatümlərdən, təhlükələrdən çıxararaq qurub yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir. Ulu Öndərin yaratdığı quruculuq şəraiti indi Azərbaycanın real siyasi və iqtisadi həyatında təzahür edir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir.
Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə diqqət yetirilir.
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi inkişaf tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"

***


Təqvimimizdəki yaddaqalan, böyük sevinclə gözlədiyimiz əlamətdar günlərdən biri də 18 oktyabr tarixidir. Bu tarix kiçikdən tutmuş böyüyə qədər hər birimizin yaddaşına böyük hərflərlə yazılıb. Bu tarixi gün bütün ölkə vətəndaşları üçün çox müqəddəs və əzizdir. Çünki həmin gün xalqımız bir əsrdə ikinci dəfə müstəqillik qazanmışdı. İndi o əlamətdar tarixdən 27 il keçir. Ötən hər gün müstəqilliyimiz daha da möhkəmlənir. Müstəqilliyimiz möhkəmləndikcə də ölkəmizin, dövlətimizin beynəlxalq aləmdə nüfuzu durmadan artır.
Təbiidir ki, müstəqillik qazandığımız, keçmiş ittifaqın buxovlarından azad olduğumuz 18 oktyabr günü hər birimiz üçün unudulmazdır. 27 il əvvəl - 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Beləliklə, Azərbaycan 1920-ci ilin aprelində bolşeviklərin istilası zamanı itirdiyi müstəqilliyini yenidən bərpa etdi. Xalqımızın tarixinə böyük hərflərlə yazılmış həmin günü indi hamımız qürur və iftixar hissi ilə qeyd edirik.
Həmişə istənilən bir işin əvvəlində çətinlikləri, maneələri dəf etməli oluruq. Müstəqilliyimizin ilk illərində də Azərbaycanın siyasi və iqtisadi quruculuğunda müəyyən çətinliklər meydana çıxmışdı. O vaxtlar ölkəyə rəhbərlik edənlərin kifayət qədər idarəetmə qabiliyyəti olmadığından, onlar müstəqilliyimizin möhkəmlənməsi üçün yetərli işlər görə bilmirdilər. Müstəqilliyimiz təhlükə altında idi. Ölkədə baş verən xaos vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Çox çətin bir vəziyyət yaranmışdı. Belə bir vaxtda müstəqilliyimizin möhkəmləndirilməsi, ölkənin inkişaf etdirilməsi üçün xalq ümummilli liderimiz Heydər Əliyevə üz tutub hakimiyyətə dəvət etdi. Ulu Öndər ölkəni xaosdan xilas etmək, müstəqilliyimizi daha da möhkəmləndirmək üçün 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdı. Ümummilli liderimiz Heydər Əliyev çox qısa bir zamanda müstəqilliyimizi daha da möhkəmləndirdi, onu əbədi və dönməz etdi. Ulu Öndər zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, doğma Vətənə tükənməz sevgisi ilə Azərbaycanı daha da inkişaf etdirərək, zirvələrə ucaltdı.
Əsl müstəqillik ölkənin öz sərvətlərinin tam sahibi olmasıdır. Bu, müstəqilliyin vacib amillərindən, zəruri atributlarından biridir.  Bu, yaşanmış tarixin sınağından çıxmış sübut olunmuş bir həqiqətdir. Yaxın tariximizdən hamımıza yaxşı məlumdur ki, 20 sentyabr 1994-cü ildə ümummilli lider Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi - "Əsrin müqaviləsi" imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq dünya qarşısında sərvətlərinin mütləq sahibi olduğunu bir daha sübut etdi. Beləliklə, müstəqilliyimizin iqtisadi əsası qoyuldu. İnkişafa doğru çox uğurlu addımlar atıldı. Bu günə qədər ölkə büdcəsinə həmin müqavilədən milyonlarla vəsait daxil olub.
Qazanılan və əldə olunan iqtisadi dirçəliş nəticəsində, başqa sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğurlu islahatlar həyata keçirildi. Qısa müddət ərzində Azərbaycanın müstəqilliyinin qarantı olan güclü, qüdrətli Silahlı Qüvvələr yaradıldı. Bu gün tam inamla deyə bilərik ki, Azərbaycan Ordusu dövlətimizin müstəqilliyini qorumağa və torpaqlarımızı erməni işğalçılarından azad etməyə qadir və hazırdır. Bunu zabit və əsgərlərimiz 2016-cı ilin aprel döyüşlərində hünər və cəsarətləri ilə bir daha dünyaya sübut etdilər. Onlar erməni işğalçılarının hücumlarını dəf edərək geri oturtdular. Gərgin döyüşlərdə düşmənin xeyli canlı qüvvəsi və döyüş texnikası məhv edildi. Cəsur zabit və əsgərlərimiz sübut etdilər ki, ordumuz güclü və qüdrətlidir.
Ümummilli lider Heydər Əliyevin zəngin irsi müasir cəmiyyətimizin, müstəqilliyimizin ən inamlı ideya mənbəyidir. Müdrik rəhbərin böyük əziyyətlər bahasına qurub-yaratdığı müstəqil Azərbaycan bu gün Ulu Öndərin siyasi irsinin layiqli davamçısı möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf etdirilir. Sabahlara doğru inamlı addımlar atılır. Bu gün ölkəmizin üçrəngli bayrağı dünyanın ən nüfuzlu ölkələrinin bayraqları ilə bir sırada dalğalanır. Müstəqilliyi gündən-günə möhkəmlənən bir ölkənin vətəndaşı olmaqdan hamımız qürur duyuruq. Fəxr edirik ki, belə güclü və qüdrətli dövlətimiz var.
Azərbaycan Ordusunun başqa hərbi hissə və birləşmələrində olduğu kimi Cəmşid Naxçıvanski adına Hərbi Liseydə də müstəqilliyimizin qazanılması və möhkəmləndirilməsi istiqamətində aparılan islahatlar və əldə olunan uğurlar mövzusunda tədbirlər keçirilir. Sabahımızın zabitləri olacaq kursantlara müstəqilliyimizin şərəfli tarixindən geniş məlumat verilir. Mövzuya uyğun olaraq qısametrajlı filmlər nümayiş etdirilir. Bütün bunlar isə kursantların müstəqilliyimiz haqqında biliklərini daha da artırır.
Ümummilli liderimiz Heydər Əliyev müstəqilliyimizdən həmişə böyük inamla danışaraq deyirdi: "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir". Müstəqilliyimizin əbədi, daimi və dönməz olması üçün isə, təbiidir ki, ölkəmizin hər bir vətəndaşı səylə çalışmalı, üzərinə düşən vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirməlidir.
 
Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey