Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Oktyabr 2018 08:57

Ordumuz - gücümüz, qüdrətimiz

Ordu anlayışı bir millət olaraq bütün mənasıyla bizim düşüncəmizdə həmişə yaşayıb, varlığımızda həmişə var olub; bu hiss, bu duyğu tərbiyəmizdə, inkişafımızda, sağlam böyüməyimizdə və gələcəyə hazır olmağımızda çox gərəkli işlər görüb, indi də görməkdədir... Azad olsaq da, olmasaq da, yaşadığımız minilliklər boyu ordunun mənasını dərindən anlamışıq; evlərimizdə yalnız övlad yox, əsgər böyütmüşük, şifahi ədəbiyyatımızda, xalq yaradıcılığımızda da bu hisslərin, duyğuların gözəl ifadələri var. Ona görə də deyə bilərik ki, ordu anlayışı xalqın ruhunda yaşayan and yerlərimiz kimi mənəvi dəyərlərimizdəndir. Müstəqilliyə gedən yol da bu dəyərlərdən keçir. Azadlıq da belə qazanılır... Biz bir millət kimi, xalq kimi həmişə bu duyğuların, bu düşüncənin içində olmuşuq. Ordu həyatını, əsgərlik xidmətini ömrümüzün müqəddəs borcu hesab etmişik, çünki yerdə torpağımızı, göydə bayrağımızı elə qorumuşuq... Elin orduya üz tutub yaratdığı və həmişə fəxrlə işlətdiyi ifadədi: "Yerdə torpağımızı, göydə bayrağımızı  qoru, çünki  ora  Vətənimizdir!"
Ordu xalq gücünün təzahür formasıdır. Xalqın gücü əgər düzgün idarə olunarsa, dəyərləndirilərsə, inkişafı bir də ordusuyla ölçülər... Xalqın özü deyir:

...Ordubada...
Yol gedər Ordubada.
Ağıllı Sərkər istər,
Verməsin ordu bada.

Sərkərdəni də xalq yetirir, yəni, ordu yaranıbsa, sərkərdəsi də yaranacaq. Çünki  ordu xalqla bir yerdədi. Xalqın nəzarəti, diqqəti var üzərində, nigarançılığı var həm də. Ona görə də hər bir ordu mənsub olduğu, yəni, içindən çıxdığı xalqa bənzəyər, ordu xalq gücünün bir, bütöv əl-ələ, çiyin-çiyinə olduğu yerdi, Xalqın narahatçılığı da ona görədi: "...ağıllı Sərkər istər, verməsin ordu bada." Ordunu sevmək gec-tez xalq sevgisinə gətirib çıxaracaq. Biz bunu ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı, Prezidentimiz İlham Əliyevin timsalında gördük...
"Lələ" xalq arasında böyük deməkdi, "sərkərdə" mənasında da düşünmək olar. "Lələtəpə" qələbəsinə də qeyd etdiyim bu möhtəşəm birlik, bərabərlik duyğularının gücüylə gəlib çıxdıq. Bununla belə hələ çox qələbələr yolumuzu gözləyir... Ordumuzla bağlı minilliklər boyu ruhumuzla daşıdığımız bu hiss, bu duyğu bizi həmişə güclü saxlayıb, işğaldan, məhv olmaqdan, ölümlərdən qoruyub. Ona görə də yüz illiklərlə igidlərini - sərkərdələrini düşüncələrində yaşadıb, bu günəcən gətirib, sabahlara hazır olub, oğul deyib tərənnüm edib, adına nəğmələr oxuyub. "Koroğlu" kimi, "Dədə Qorqud" kimi yüzlərlə qəhrəmanlıq dastanları yaradıb, bizi bu gün təntənəsini yaşadığımız müstəqilliyimizə qovuşdurub. Biz bu gün ordumuzla bir yerdə ucalara qalxıb boyumuzu göstərə bilirik! Bizi görmək istəməyənlər belə artıq bizi görməyə başlayıb!

Mövlud SÜLEYMANLI, xalq yazıçısı