Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Oktyabr 2018 10:49

Uğurlarımız təsadüfi deyil

Bu günlərdə Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birlikdə təşkil etdiyi, Nabranın meşə zolaqlarında keçirilən səmti müəyyənetmə idman növü üzrə növbəti açıq respublika çempionatına yekun vurulub. İki gün davam edən yarışda nazirlik, idarə, təşkilat və güc strukturlarını, klub və federasiyaları, idman cəmiyyətlərini, ali təhsil müəssisələrini təmsil edən 150-dən çox idmançı müxtəlif məsafələr üzrə yarışlarda qüvvələrini sınayıb. İdmançılar komanda və şəxsi birincilik üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Çempionat elektron qeydiyyat sisteminin tətbiqi ilə keçirilib.
Yarışda idman xəritəçiliyi sahəsində tanınmış xarici mütəxəssislər tərəfindən çəkilmiş beynəlxalq standartlara uyğun idman xəritələrindən istifadə olunub. Gərgin keçən mübarizədən sonra həm komanda hesabında, həm də fərdi yarışlarda qaliblərin adları müəyyənləşib. Müdafiə Nazirliyinin komandası çempionatda üçüncü yerə layiq görülüb. Qızlar arasında fərdi yarışlarda isə xanım təmsilçilərimiz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Məryəm Ziyatxanova və əsgər Şəfəq Quliyeva qızıl medal qazanıblar.
Respublika çempionatında komandamızı layiqli şəkildə təmsil edən qalib idmançılarımızla oxucularımızı tanış edirik.
İlk həmsöhbətim müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məryəm Ziyatxanovadır. Məryəm Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetini bitirib. İlk öncə onu qazandığı uğur münasibətilə təbrik edirəm və düşüncələrini öyrənirəm. "Əlbəttə, həyatda heç bir uğur asanlıqla qazanılmır. Əgər qarşına məqsəd qoymusansa, ona çatmaq üçün gərək əlindən gələni edəsən. Dövlətimiz gəncliyin inkişafına böyük diqqət və qayğı göstərir. Hər bir gənc yaradılan bu əlverişli şəraitdən, qayğıdan faydalanmalı, Vətənimiz üçün layiqli vətəndaş olmalı, ölkəmizi onun sərhədlərindən kənarda da layiqincə təmsil etməlidir. İdmana marağım kiçik yaşlarımdan yaranıb. Arzum sağlam həyat tərzi keçirmək və bu yolda hər hansı nəticə yox, böyük uğurlar qazanmaq idi. İdmanda da böyük uğurlar qazanmaq üçün gərgin zəhmət tələb olunur. "Bir idmançı nə qədər çox idman növünə yiyələnsə, uğur qazanmaq şansı bir o qədər artar" prinsipi ilə idmanda ilk addımlarımı şahmat və qılıncoynatma ilə atmışam. Sonradan əlbəyaxa döyüş növlərinə üstünlük verdim. Hərb peşəsini seçdikdən sonra səmti müəyyənetmə idman növü ilə maraqlandım. Səmti müəyyənetmə idman növü topoqrafiya biliklərinə sahib olmaqda adama kömək edir, lazımi vərdişlər aşılayır. Həmçinin  yaranmış vəziyyəti tez və dəqiq qiymətləndirməyi və fiziki yorğunluğa baxmayaraq, düşünmə qabiliyyətini tələb edir. Onu həm də "qaçışda şahmat" kimi də adlandırırlar", - əsgər M.Ziyatxanova deyir.
Məryəmin sözlərindən bir daha əminlik yaranır ki, o, seçdiyi peşəyə ürəkdən bağlıdır. İşini həm sevir, həm də vəzifələrinin öhdəsindən müvəffəqiyyətlə gəlməyi bacarır. Söhbətinə davam edən müsahibim yarışların gedişindən danışır:
- Çempionata gəlincə, çox ciddi hazırlıq prosesi keçmişdik. Uğurlarımız təsadüfi deyildi. Çünki təlim-məşqlərdə, yarışlarda iştirak edirdik. Son günə kimi həm fiziki, həm nəzəri, həm də psixoloji çalışmışdıq. Bir sözlə, bütün diqqətimizi bu çempionata yönəltmişdik. Sevinirəm ki, ümidləri doğruldaraq qızıl medal qazandım. Yarış heç vaxt həyəcansız ola bilməz. Eyni zamanda, məsuliyyətli idim. Xəritəyə və kompasa diqqətlə baxır, şərti işarələri araşdırır, təyin olunmuş ərazilərdə nəzarət məntəqələrini tapırdım. Çalışırdım ki, heç bir səhvə yol verməyim. Səmti müəyyənetmə yarışlarında cüzi diqqətsizlik belə uğursuzluqla nəticələnə bilər. Bir qədər həyəcan və narahatçılıq keçirtməyimə baxmayaraq göstərdiyim nəticə həyatımda xoş bir xatirəyə çevrildi. Finiş nöqtəsinə hamıdan birinci çatanda sevincimin həddi-hüdudu yox idi. Qalib olacağıma  inanırdım,   və buna görə də məqsədimə çatdım. Lakin bu nəticə ilə arxayınlaşmaq olmaz. Əsas hədəfim beynəlxaq turnirlərdə ölkəmizi layiqincə təmsil etmək, dövlətlər arasında himnimizi səsləndirmək, üçrəngli bayrağımızı dalğalandırmaqdır. Ölkə çempionatında qızıl medal qazanmışamsa, deməli, istənilən yarışda mübarizə aparmağa qadirəm. Ən başlıcası özümə inanıram. Çünki inam qələbənin yarısıdır. Bizə yaradılan şəraitə görə Müdafiə naziri general-polkovnik Zakir Həsənova, komandanlığa sonsuz təşəkkürümü bildirirəm.
Növbəti həmsöhbətim isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəfəq Quliyevadır. Şəfəq Zəngilan rayonunda anadan olub. Dörd ilə yaxındır hərbi xidmətdədir. O da söhbətimizdə qələbə haqqında düşüncələrini bölüşdü:
- Belə yarışlar şübhəsiz ki, topoqrafiq biliklərimizi və düşünmə qabiliyyətimizi artırır. Hər şey çox sadədir. Səmtin müəyyən edilməsində ən əsas  "alət"  insan beynidir. Köməkçi alətlər isə kompas və xəritədir. Bunlar insan bilikləri ilə bütövləşir və təyin olunmuş cinaha doğru düzgün azimutla hərəkət etmək üçün zəmin yaradır. Bu zaman nəzəri biliklərimiz köməyimizə çatır. Yetərincə hazırlıqlı olmağımız zəmin yaratdı ki, biz bu yarışda qalib olaq. Düzdür, rəqiblərimiz də təcrübəli və güclü idi. Hərbçi olmağımız bizi digər yarışçılardan üstün edən bir xüsusiyyət idi. Yuxarı komandanlıq yarışlara yüksək səviyyədə hazırlaşmağımız üçün hər cür şərait yaratmışdı. Üzərimizə bir vəzifə düşürdü: qalib olmaq. Bizə olan etimadı doğrultduğumuz üçün çox sevincliyəm. Gərgin mübarizə şəraitində keçən yarışın sonunda qalib kimi təltif olunmaq da qürurverici idi. Həmin gün yaddaşıma silinməz izlərlə həkk olundu. Əsas amalımız isə Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etməkdir. Biz də döyüş əmrinə hər an hazırıq. Əminik ki, tezliklə ordumuz Böyük Qələbəni qazanacaq.
Bu gün ordumuzda nümunəvi xidmətinə görə seçilən qadın hərbi qulluqçularımız çoxdur. Onlar öz xidmətləri ilə kişilərdən geri qalmırlar. Məryəm və Şəfəqin timsalında bütün qadın hərbi qulluqçularımıza xidmətlərində uğurlar arzulayırıq.

Samir HÜSEYNOV,

"Azərbaycan Ordusu"