Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Oktyabr 2018 10:23

“Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir”

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu ordu dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində döyüş hazırlığına görə dünyanın 50 ən aparıcı ordusu sırasında qərarlaşıb.
Ordumuzun döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığına yiyələnməsi üçün maddi-texniki bazanın inkişaf etdirilməsi, qabaqcıl üsulların tətbiqi ilə təlim və tədris sisteminin daim təkmilləşdirilməsi, hərbi təhsilin və hərb elminin günün tələbləri səviyyəsinə qaldırılması, şəxsi heyətin yeni döyüş şəraitinə uyğun təlimlərə cəlb edilməsi  nəticəsində nəzərdə tutulan uğurlara nail olunub. Əldə edilən uğurlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd etdiyi kimi, hərbi potensialımızın yüksəldilməsi nəticəsində mümkün olub: "Demək olar ki, biz bu gün öz hərbi potensialımızı maddi-texniki təchizat baxımından tam təmin etmişik... Bir sözlə, bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti də yüksək səviyyədədir. Bizim ordumuz bunu döyüş meydanında da göstərib və nümayiş etdirib."
Son illərdə davamlı olaraq güclənən və regionun ən qüdrətli ordusuna çevrilən Azərbaycan Ordusu inkişaf baxımından 2018-ci ildə də parlaq göstəricilərlə əlamətdardır. Faktlar və rəqəmlər göstərir ki, Azərbaycan bu il siyasi, iqtisadi, sosial, beynəlxalq münasibətlər kimi vacib istiqamətlərlə yanaşı, ordu quruculuğu və onun gücləndirilməsi sahəsində böyük nailiyyətlər qazanıb.
Azərbaycan Ordusunun qüdrətini son illərdəki hərbi əməliyyatlar da sübut edir. Ermənistan tərəfinin təxribatlarının qarşısı uğurlu əks-hücum əməliyyatları ilə alınır. Bu isə o deməkdir ki, ordumuz istənilən an işğal altında olan torpaqlarımızı azad etməyə, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir.
Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı keçirilən hərbi parad da ordunun yüksək döyüş qabiliyyətini və vətənpərvərlik əhval-ruhiyyəsini sübut etdi.
Son beş ildə hərbi potensialımızın təkmilləşdirilməsinin nəticəsidir ki, Azərbaycan Ordusu adını dünya miqyasında güclülər sırasına daxil edib. Beynəlxalq hərbi ekspertlərin də etiraf etdikləri kimi,  müdafiə qüdrəti artan Azərbaycan Ordusunun reytinqinin yüksək səviyyədə olmasını aprel döyüşləri və Günnüt zəfəri də təsdiqlədi.
2018-ci ildə Azərbaycan Ordusunda yeniləşməyə yol açan sürətli dəyişikliklər və komplektləşdirmə işləri həyata keçirildi. Diqqət cəlb edən məqamlardan biri də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun mütəmadi olaraq cəbhə bölgələrində hərbi hissələrin şəraiti, əsgərlərin döyüş hazırlığı ilə yerində tanış olması, tapşırıq və tövsiyələr verməsidir. Mütəmadi keçirilən bu səfərlərin nəticəsi olaraq cəbhə zonasında döyüş tapşırığı icra edən hərbi hissələrin məişət şəraiti daha da yaxşılaşdırıldı, eyni zamanda şəxsi heyət məişət xarakterli işlərdən tamamilə azad edildi.
Son illər ərzində Azərbaycan Ordusunda keçirilən irimiqyaslı təlimlər diqqət çəkdi və ölkənin müdafiə qüdrəti barədə layiqincə yüksək təəssürat yaratdı. Azərbaycan Ordusunun döyüş hazırlığı səviyyəsinin yoxlanılması, döyüş texnikasının, müasir silahların tətbiqi imkanlarının öyrənilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyət və təminatın təşkili, döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların icrasının yoxlanılması məqsədilə keçirilən təlimlərə böyük sayda şəxsi heyət, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunları, ən müasir standartlara uyğun zirehli texnikalar cəlb edildi.
Təlimlər, yoxlamalar və digər tədbirlər ordumuzun müasir döyüşün ən mürəkkəb tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirməyə hazır olduğunu, onun döyüş qabiliyyətinin və peşəkarlığının, yeni silah sistemlərindən və döyüş texnikasından istifadə etmək bacarığının əhəmiyyətli dərəcədə artdığını göstərdi.
Ölkəmizin son illərdə dinamik iqtisadi inkişafı və nəticə etibarilə ordumuzun güclənməsi ölkə başçısının fəaliyyətinin nəticəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.
Son illərdə dost və digər dövlətlərin hərbi təhsil sistemi ilə tanışlıq, təcrübə mübadiləsi məqsədilə Müdafiə Nazirliyinin yüksək səviyyəli nümayəndə heyətlərinin aparıcı dünya ölkələrinə səfərləri olub. Plana uyğun olaraq, hərbi təhsil müəssisələrinin professor və müəllim heyəti həmin dövlətlərin hərbi təhsil müəssisələrinin nümayəndələri ilə qarşılıqlı təcrübə mübadiləsi aparıb.
Bu gün qarşıda duran əsas vəzifələrdən biri Azərbaycan Ordusunun daha da modernləşməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsidir. 2018-ci ildə keçirilən möhtəşəm paradlar Azərbaycan Ordusunun həm güc və qüdrətini, həm də modernləşdiyini nümayiş etdirdi. Bu paradlar həm də xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramın təntənəsi idi. Hal-hazırda Azərbaycan Ordusunun qüdrətlənməsi və işğal olunmuş ərazilərimizi istənilən an azad etməyə qadir mükəmməl bir orduya çevrilməsi yönündə Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək əzmkarlıq Heydər Əliyev ideyalarının qətiyyətlə davam etdirilməsi deməkdir.
Son beş ildə, həmçinin yeni hərbi hissələr inşa edilib, şəxsi  heyət üçün hər cür şərait yaradılıb. NATO standartlarına müvafiq hərbi hissələrdə xidmət şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə də təsir göstərib.
Hərbi xidmətin nüfuzunun artırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi də  irimiqyaslı islahatlar çərçivəsində təqdirəlayiq işlərdən hesab olunur. Müdafiə Nazirliyi ölkənin əsas güc strukturlarından biri kimi bu sahədə bir neçə yeni qanunvericilik aktının layihələrini hazırlayıb, aidiyyəti dövlət qurumları ilə razılaşdırıb və onları müvafiq instansiyalara təqdim edib.
Güclü ordu üçün ən əsas şərtlərdən biri də şəxsi heyətin mənəvi-psixoloji vəziyyətidir. Əgər psixoloji durum yüksək səviyyədə olarsa, ən müasir texnika ilə təchiz olunmuş düşmənə belə asanlıqla qalib gəlmək olar. Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nəticəsi olaraq həyata keçirilən bütün tədbirlər Azərbaycan Ordusunun şəxsi heyətində mənəvi-psixoloji ruh yüksəkliyi yaradıb.
Hərbi məqsədlər üçün xərclərin artımı hərbçilərin sosial vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Azərbaycan Ordusuna ictimai nəzarət üçün yüksək səviyyədə şəraitin yaradılması isə ordu rəhbərliyinin ordu-cəmiyyət əlaqələrinə xüsusi önəm verməsindən xəbər verir. "Açıq qapı" günlərinin müntəzəm keçirilməsi bu baxımdan xüsusi əhəmiyyətə malikdir.
Azərbaycanın hərbi sənaye kompleksi də artıq yetərincə formalaşıb. Bu gün Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Bu baxımdan ölkəmizdə keçirilən "ADEX" Beynəlxalq müdafiə sərgisi də xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin məntiqi nəticəsi, Azərbaycanın iqtisadi tərəqqisinin göstəricisidir. Xüsusi qeyd etmək lazımdır ki, Müdafiə Nazirliyinin rəhbərliyi ordumuzun ölkəmizdə istehsal olunan silah-sursatla təchizatını daim diqqətdə saxlayır. Müdafiə Nazirliyinin rəhbərliyi ordumuzun NATO ilə uğurlu əməkdaşlığına da xüsusi diqqət ayırır. Bu da Azərbaycan Ordusunun modernləşməsinə və NATO standartlarına uyğunlaşdırılmasına mühüm töhfələr verir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin orduda islahatların davam etdirilməsini, ordu quruculuğunun daha müasir metodlarla həyata keçirilməsini, döyüş hazırlığının ən müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasını prioritet vəzifələr kimi müəyyənləşdirməsi hərbi qüdrətimizin əsasında dayanır. Bütün bunlar isə Ermənistanla aparılan danışıqların ölkəmiz üçün ədalətli şəkildə yekunlaşmayacağı təqdirdə, işğal altında olan ərazilərin azad edilməsi üçün Azərbaycanın üstünlüyünü təmin edir.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan Ordusu ən şərəfli missiyanın - torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifənin öhdəsindən gəlməyə hər an hazırdır.

"Azərbaycan Ordusu"