Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Oktyabr 2018 10:19

Düşmənin istənilən hədəfi məhv ediləcək

Bu yaxınlarda həmkarımla birgə ön xətdə yerləşən hərbi hissələrin birində olduq. Dəniz səviyyəsindən min metrlərlə yüksəklikdə, dağlıq ərazidə yerləşən bölmələrdə qış aylarında hava çox sərt keçir. Baxmayaraq ki, payız fəsli həyatımıza yenicə qədəm qoyub, artıq buralarda qışın əlamətləri hiss olunurdu.
Hərbi hissədə əvvəlcə mayor Fariz Hüseynovla görüşdük. Zabit xidmətin yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi. "Havanın sərt keçməsi, yağışlı, dumanlı olması əsgərlərin xidmətinə heç bir maneçilik törətmir. Əksinə, onlar xidmətə ikiqat məsuliyyətlə yanaşır, gecə-gündüz döyüş mövqelərində düşməni müşahidə edirlər. Hazırda bölmələrimiz ən müasir  silah və sursatlarla tam təchiz edilib. Bu, qarşımıza qoyulan tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsinə imkan verir. Havanın soyuq və sərt keçdiyi bu bölgədə şəxsi heyətin xidməti düzgün təşkil etməsi üçün yüksək diqqət və qayğı göstərilir. Bu yaxınlarda Müdafiə naziri general-polkovnik Zakir Həsənov ön xətdə yerləşən bölmələrimizdən birində oldu. Əsgərlərimizlə görüşüb onların sosial-məişət şəraiti ilə maraqlandı. Təbii ki, yuxarı rəhbərliyin şəxsi heyətlə mütəmadi maraqlanması orduya olan diqqət və qayğının bariz nümunəsidir."
Zabitlə söhbətdən sonra vaxt itirmədən digər bölməyə yola düşürük. Yolların dumanlı və yağışlı, çınqıllı və kələ-kötürlü olmasına baxmayaraq, sürücünün təcrübəsi hesabına ünvana rahatlıqla çatırıq.
Şəxsi heyət topların ətrafında düzülüb dərs keçirdi. Onlar taqım komandirinin nəzarəti altında 122 mm-lik D-30 haubitsa topunu "Döyüşə" və "Səfərə" vəziyyətinə gətirirdilər. Şəxsi heyətlə tanış oluruq. İlk həmsöhbətim leytenant Rüfət Həsənov bu il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini artilleriya ixtisası üzrə bitirərək ordu sıralarına xidmətə göndərilib. Naxçıvan şəhərindən olan gənc zabitimiz təhsil ocağında öyrəndiklərini bu gün tabeliyində olanlarla bölüşməklə yanaşı, əsgərlərin praktiki vərdişlərini artırmaq üçün daim çalışır. O qeyd etdi ki, bu gün Azərbaycan Ordusunda artilleriya bölmələri istənilən tapşırığı yerinə yetirməyə hazırdır.
- Dövlətimizin ordu quruculuğuna diqqət və qayğısını artilleriya qoşunlarında da hər gün hiss edirik. Yuxarı komandanlığın təsdiq etdiyi döyüş hazırlığı tədbirləri kompleks şəkildə yerinə yetirilir. Günün nizam qaydasına uyğun olaraq şəxsi heyətə gündüz və gecə dərsləri keçirilir. Əsgərlərimiz artıq toplardan təyinatı üzrə istifadə etməyi bacarırlar. Hamıya məlumdur ki, biz təkcə dərslərlə kifayətlənmirik. Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, artilleriya bölmələrinin praktiki təlimləri də yüksək səviyyədə keçirilir. Bunlar bir daha sübut edir ki, ordumuz hər an Ali Baş Komandanın əmri ilə düşmənin istənilən hədəfini məhv etməyə və işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir.
Zabitlə söhbətdən sonra top komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbrahim Vəliyevlə kəlmələşirik. Öyrənirəm ki, Gəncə şəhərindən olan İbrahim artıq 8 ildir xidmət edir. Əsgəri xidmətini başa vurduqdan sonra o, ordu sıralarına yenidən qayıtmaq qərarına gəlib. Bu gün  artıq peşəkar top komandiridir. "Çox sevinirəm ki, ön xətdə mərd əsgərlərlə və peşəkar zabitlərlə xidmət edirəm. Burada kollektivimiz bir-biri ilə çox mehribandır. Tabeliyimizdəkilər isə dərsə yüksək maraq göstərirlər. Bütün heyət istənilən an "Həyəcan" siqnalı ilə mövqeyini tutmağa, verilən tapşırığa uyğun vəzifəsini icra edərək topu qısa zamanda "Döyüşə" vəziyyətinə gətirib nəzərdə tutulan düşmən hədəfini məhv etməyə tam hazırdır."
Növbəti müsahibim əsgər İsmayıl İsmayıllıdır. Xidmətinin əsas hissəsini başa vuran əsgərimiz Bərdə rayonundan hərbi xidmətə çağırılıb. O bildirdi ki, qazandığı biliklərə görə komandir heyətinə borcludur. "Hava şəraitinin necə keçməsindən asılı olmayaraq, zabitlərimiz döyüş hazırlığımızın yüksək olması, biliklərimizin artırılması üçün daim məşğələlər keçirlər. Onların sayəsində bu gün bölməmizdə olan artilleriya silahlarının hansı döyüş qabiliyyətinə malik olduğunu bilirik. Qazandığımız biliklər bizə imkan verir ki, gələcək döyüşlərdə düşmənin istər aşkarda, istərsə də sığınacaqda yerləşən bölmələrini məhv edək."
Heyət nəfəri əsgər Rəşad Rüstəmli isə keçirilən dərslərin gələcəkdə öz effektini göstərəcəyini vurğuladı. "Havanın soyuq və yağışlı olmasına baxmayaraq, dərslərimiz yüksək səviyyədə keçir. Artıq bizlər artilleriya qurğusunun taktiki-texniki xüsusiyyətlərini, ondan istifadə etməyi, müşahidə cihazı vasitəsilə məsafənin təyinini, hədəfi nişan almağı və digər məlumatları öyrənmişik. Qazandığımız uğurlara görə komandir heyətimizə borcluyuq. Gündəlik  keçirilən dərslərin nəticəsini isə döyüş meydanında düşmən üzərində qazandığımız qələbəylə sübut edəcəyik. Biz hər an düşmənə ağır zərbələr endirməyə və işğal altındakı torpaqlarımızı azad etməyə hazırıq."
Əsgərlər Soltan Qəribov, Ağasəf Şahməmmədov, Eltun Əliyev də bu gün dərslərdə öyrəndiklərini sabahkı döyüşlərdə icra etməyə hazır olduqlarını bildirdilər.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR