Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Oktyabr 2018 09:14

Əsgərlərimizin məişət şəraiti yüksək səviyyədədir

Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən, orduda diqqət yetirilən əsas məsələlərdən biri də hərbi qulluqçuların sosial-məişət qayğılarının həll edilməsidir. Bu məqsədlə yeni tikilən hərbi hissələrdə müasir əsgər yataqxanaları, təbliğat materialları ilə tam təmin olunmuş ideoloji, xidməti, tədris və istirahət otaqları, döyüş texnikası üçün saxlanclar, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi və digər obyektlər inşa edilir. Müasir standartlara cavab verən yataqxanalarda əsgərlərin  istirahəti üçün hərtərəfli şərait yaradılıb. İdeoloji otaqların da əsgərlərimizin Vətənimizin hərb tarixinin şanlı səhifələri barədə məlumatlarının artmasında müstəsna rolu vardır.
"N" hərbi hissəsində əsgərlərimiz üçün yaradılmış məişət şəraiti ilə tanış olduq. Yeni tikilən hərbi hissə müasir qurğu və avadanlıqlarla təchiz edilib. Bir daha əmin oldum ki, burada əsgərlərimizin nümunəvi xidmət etməkləri üçün mümkün olan bütün şərait yaradılıb. Hərbi hissənin ərazisi ilə tanışlıqdan sonra Vətən müdafiəçiləri ilə həmsöhbət olduq.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ravid İbrahimov bildirdi ki, uşaq yaşlarından atasının Qarabağ uğrunda gedən döyüşlərdə ermənilərin insanlığa sığmayan hərəkətlərindən bəhs edən söhbətlərini dinləyib. "Əmim Mirzə İbrahimov Vətənimizin dar günündə erməni işğalçılarına qarşı döyüşlərin iştirakçısı olub. O, Qubadlı rayonu uğrunda ağır döyüşlərdə şəhadətə yüksəlib. Atam həmişə onun qəhrəmanlığı, cəsarəti və rəşadətindən mənə söhbət edərdi. Qarabağ veteranı olan əmim Bəhruz İbrahimov  da tez-tez xalqımızın başına açılan vəhşiliklərdən danışardı. Mən də böyüyüb əsgər olacağım, əmimin qisasını alacağım günü səbirsizliklə gözləyirdim. Artıq bu gün güclü və qüdrətli Azərbaycan Ordusunun əsgəri olmağımla fəxr edirəm". 
Yaradılan sosial-məişət şəraitindən danışan Ravid bildirdi ki, yuxarı komandanlıq tərəfindən göstərilən diqqət və qayğı gəncləri daha da ürəklə xidmət etməyə ruhlandırır: "Şəxsi heyətin sağlamlığı, yataq dəstlərinin dəyişdirilməsi, paltarlarının yuyulması hər bir komandirin diqqət mərkəzindədir".
"Yuxarı komandanlığa bizlər üçün yaradılan şəraitə görə minnətdarlığımı bildirirəm. Biz də verilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirərək onların etimadını doğruldacağıq. Azərbaycan əsgəri düşməndən qat-qat güclüdür, üstündür. Ermənilər bilməlidirlər ki, Ali Baş Komandanımızın döyüş əmri ilə aprel döyüşlərində başlanan Böyük Qələbəyə gedən yolu müvəffəqiyyətlə yekunlaşdıracağıq. Hər birimiz düşməni torpaqlarımızdan qovub çıxaracağımız, ərazilərimizi işğaldan azad edəcəyimiz günü səbirsizliklə gözləyirik", - bu sözləri Nəsimi rayonundan hərbi xidmətə çağırılan əsgər Rafiq Məlikov dedi.
Xəzər Universitetinin məzunu olan əsgər Ramil Hüseynov Nərimanov rayonundan hərbi xidmətə çağırılıb. O bildirdi ki, atası, əmiləri Qarabağ uğrunda gedən döyüşlərin iştirakçıları olublar. "Vətən müqəddəsdir. Atam və əmilərimin keçdiyi döyüş yolu həmişə mənim üçün nümunə olub. Vətənin müdafiəçilərinin sıralarında olmağımla qürur duyuram. Komandirlərimizin öyrətdiklərini dərindən mənimsəməyə çalışıram. Artıq xidmətimi başa vururam. Buna baxmayaraq, hər an torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak etməyə hazıram".
Əsgər Tərlan Mirzəyev də xidmətə gəldiyi gündən şanlı ordumuzun layiqli əsgəri olmağa çalışdığını bildirdi. "Xidmətə gəldiyimiz gündən komandir heyətinin diqqət və qayğısı ilə əhatə olunmuşuq. Hərbi hissədə xidmətimiz üçün hər cür şərait nəzərdə tutulub. Gördüyünüz kimi, əsgər yataqxanamız, yeməkxanamız, məişət, ideoloji otağımız... müasir standartlara cavab verir. Bizim üzərimizə yalnız məşğələlərdə diqqətli, nizam-intizamlı olmaq, verilən tapşırıqları vaxtlı-vaxtında və dəqiq yerinə yetirmək düşür. Biz də üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib xalqımızın etimadını doğruldacağıq".
Gördüklərimiz sübut edir ki, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, hərbi hissələrin maddi-texniki təminatının gücləndirilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
fotolar  Namiq PƏNAHOVUNDUR