Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Oktyabr 2018 09:13

“Asudə vaxtlarımızda yarışlar da təşkil olunur”

Hərbi hissələrdə şəxsi heyətin döyüş hazırlığının yüksək olması ilə yanaşı, onların mənəvi-psixoloji vəziyyətinə də xüsusi önəm verilir. Ona görə də dərs prosesləri bitdikdən sonra gün ərzində əsgərlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb.
"N" hərbi hissəsində əsgərlərin asudə vaxtlarını necə keçirdikləri ilə maraqlanırıq . Kimisi  dama oynayır, kimisi qəzet oxuyur, kimisi də televiziya verilişlərini izləyirdi. Baş gizir Möhləddin Əmənov və çavuş Elşad Orucov arasında keçirilən dama yarışını maraqla izləyən gizir Sirac Həsənovla həmsöhbət oluruq. Öyrənirəm ki, hərbi qulluqçular öz aralarında yarış təşkil ediblər. "Təkcə əsgərlərimiz deyil, zabit və gizirlərimiz də asudə vaxtlarını burada keçirirlər", - deyə  gizir Sirac Həsənov söhbətə başladı. - Asudə vaxtımızda buraya gəlirik. Əsgərlərimizlə birgə televiziya proqramlarını izləyir, radio dinləyir, söhbət edirik. Bu gün də öz aramızda dama yarışı təşkil etdik. Əsas məqsədimiz vaxtımızı səmərəli keçirmək və yaddaşımızda xoş xatirələr yaratmaqdır.
Təkcə oyun və televiziya verilişləri ilə kifayətlənmirik, - deyə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə cavabdeh zabit leytenant Emil Həsənov söhbətimizə qoşulur. - Həftə sonları, bayram günlərində əsgərlər arasında idman və bilik yarışları da təşkil olunur. Şəxsi heyət bu tədbirlərdə həvəslə iştirak edir. Gözlərindəki sevinci, üzlərindəki təbəssümü gördükcə onların döyüş ruhunun yüksək olduğunu hiss edirik. Azərbaycan əsgəri istənilən an Ali Baş Komandanın əmrinə hazırdır.
Əsgər Mirhüseyn Ədalətli yaradılan şəraitdən razılığını bildirdi. "Yuxarı komandanlığa minnətdarıq ki, bizlər üçün bu cür şərait yaradıb. Asudə vaxtlarımız səmərəli keçir. Kitab və jurnallar oxuyur, oyunlar oynayır, eyni zamanda xəbərləri, vətənpərvərlik mövzusunda filmləri izləmək imkanı qazanırıq. İstər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə baş verən hadisələrdən xəbər tuturuq. Hərbi verilişlərə maraqla baxırıq. Bu cür proqramlar döyüş ruhumuzu, vətənpərvərlik hisslərimizi daha da artırır. Tarixi kinoları, xalqımıza qarşı törədilmiş soyqırımlardan bəhs edən filmləri izlədikcə, düşmənə olan nifrətimiz artır. Torpaqlarımıza qovuşacağımız günün həsrəti ilə yaşayırıq. Bu həsrətdi bizi aprel zəfərindən Günnüt zəfərinə aparan. Bu həsrətdi bizi ayaqda saxlayan. Bir gün bu həsrət döyüşlərdə düşməni məğlub etməyə, onu bağışlamamağa vəsilə olacaq."
Əsgər Pərvin Cəfərov əsgər yoldaşının sözlərinə qoşularaq bildirdi ki, hər birimiz o günü səbirsizliklə gözləyirik. "Asudə vaxtlarda təşkil olunan yarışları bitirdikdən sonra öz aramızda söhbət edirik. Hamımızın fikri üst-üstə düşür. Gün o gün olsun ki, belə yarışları Qarabağda keçirək.”

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR