Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Oktyabr 2018 09:12

Əsgər dostluğu uzunömürlüdür

Dostluq - fədakarlıq deməkdir. Bu arada aprel döyüşləri zamanı dostları uğrunda  canını fəda verən, onların həyatı üçün öz həyatından keçən şəhid mayor Elnur Əliyevin adını çəkmək yerinə düşər. Şəhid zabitimiz Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə öz canını dostları yolunda qurban verdi. Özünü erməninin atdığı qumbaranın üstünə ataraq şəhid oldu. Əlbəttə, Elnur Əliyev kimi insanların ömür yolu bugünkü gənclərə əsl örnəkdir.
Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində əsgər dostluğundan söz düşəndə leytenant Kənan Məmmədov Daşkəsən rayonundan ordu sıralarına çağırılan əsgər Orxan Bayramovla Qəbələ rayonundan hərbi xidmətə çağırılan əsgər Vasif Paşayevin dostluqlarından danışdı. Qeyd etdi ki, hərbi hissədə Orxanla Vasifin dostluğu hər kəsə nümunədir. "Kənardan onların münasibətlərini seyr etdikdə insana xoş hisslər aşılayır. Bir-birinə hər zaman dayaq olurlar. Çox vaxt döyüş növbəsinə də birgə çıxırlar. Hər zaman deyirlər ki, onların dostluğu mülki həyatda da davam edəcək".
Əsgər Orxan Bayramov qeyd etdi ki,dostluq qırılmaz zəncirə bənzəyir.  Dörd söz - daş, od, su, torpaq sözlərinin birləşməsindən əmələ gəldiyindən, dost, daş kimi möhkəm, od kimi daimi, su kimi saf, torpaq kimi güclü və əbədi olmalıdır. Səmimi, möhkəm dostluğu heç nə ilə sarsıtmaq mümkün deyil. Əlbəttə, xoş günün dostluğu vaxtsız açan çiçəyə bənzəyir - onu şaxta, qar vurub soldurur. Çətinliklərdə bərkiyən dostluq isə uzunömürlü olur. Bizim səngərdə qazandığımız dostluq buna görə də ömürlük olacaq. Burada çoxlu dostlarım var. Onlarla aramızda qarşılıqlı səmimiyyət və hörmət yaranır. Belə dostlarımızdan biri də Vasif Paşayevdir. Asudə vaxtlarımızda bir yerə yığışır, domino, şahmat, dama və digər oyunlar oynayırıq. Ən şirin xatirələrim dostlarımla bağlıdır. Özlüyümdə qəti şəkildə müəyyənləşdirmişəm: həyatımda dostlarımı heç vaxt heç nə ilə və heç kimlə əvəz etmək olmaz".
- İnsanlar arasında hər xoş münasibəti dostluq adlandırmaq olmaz. Həqiqi dostluq bərkdə-boşda, həyatın enişli-yoxuşlu yollarında sınanılır. Əsl dostluq insanlar arasında münasibətlərin uca zirvəsidir. Əgər sən dostluğu yüksək qiymətləndirirsənsə, gərək dostun yolunda hər bir çətinliyə dözməyi bacarasan, sirlərini ondan gizlətməyəsən, heç vaxt yalan danışmayasan. Dostu olmaq böyük xoşbəxtlikdir. İnsan dostu ilə həyatda daha inamlı olur, üzləşdiyi problemləri asanlıqla dəf edir. Necə deyərlər: "Ağac kökləri ilə, insan dostları ilə var olar". Dostlarımdan biri əsgər Orxan Bayramovdur. Onunla tanışlığımız səngərdən başlayıb. Necə deyərlər, əsgər dostu ömür dostudur. Əlbəttə ki, bizim dostluğumuz əbədi olacaq. Mən həyatımda belə dost qazandığım üçün sevincliyəm. Sevincliyəm ki, onun kimi qürurverici dostlarım var. Dostluq gözəl və sözlərlə ifadə edilə bilməyəcək qədər ülvi hissdir. Bir əsgər kimi  yalnız bir məqsədimiz var - doğma torpaqlarımızı işğaldan azad edib, yurdlarından didərgin düşmüş həmyerlilərimizi dədə-baba obalarına qovuşdurmaq. Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə tez bir zamanda buna nail olacağıq. Düşmənlərimizə aprel döyüşlərində olduğu kimi bir daha ordumuzun gücünü göstərəcəyik. Arzu edirəm ki, məhz əsgər dostlarımla Şuşada, Laçında, Kəlbəcərdə.... oturub xatirələrimizi bölüşək, - deyə əsgər Vasif Paşayev bildirdi.
Səngərdə belə dostlarla tanış olduğum üçün sevincliyəm. İnanıram ki, mərd əsgərlərimizin dostluğu da əbədi olacaq.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"