Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Oktyabr 2018 09:09

“Azərbaycan əsgəri tarixi torpaqlarımızı azad etməyə qadirdir”

Azərbaycan Ordusu dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün təminatçısı olduğundan onun şəxsi heyətinin vətənpərvər ruhda tərbiyə olunması, əsgərlərdə milli mənlik şüurunun inkişaf etdirilməsi, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji keyfiyyətlərinin təkmilləşdirilməsi günün tələblərinə uyğun qurulur. Ona görə də Azərbaycan Ordusunda şəxsi heyətin təlim və tədrisinə xüsusi önəm verilir və onların təbii imkanlarının üzə çıxması üçün hər cür şərait yaradılır. Azərbaycanın müharibə vəziyyətində olması nəzərə alınaraq şəxsi heyətin milli-mənəvi özünüdərki, milli mənlik şüurunun formalaşması diqqət mərkəzində saxlanılır. Şəxsi heyətin hərbi vətənpərvərlik tərbiyəsi, xalqımızın əsrlər boyu yaratdığı və qoruduğu milli-mənəvi dəyərləri mənimsəməsi, ona yaxından bələd olması, əsl vətəndaş, əsl döyüşçü kimi yetişməsi baxımından ictimai-siyası hazırlıq dərslərinin əhəmiyyəti böyükdür.
Digər hərbi hissələrdə olduğu kimi, "N" hərbi hissəsində də şəxsi heyətin vətənpərvər ruhda tərbiyə olunmasına, torpaqlarımızın bir qisminin işğal altında olduğu bir şəraitdə bu yöndə təbliğatın gücləndirilməsinə, ictimai-siyasi dərslərin keçirilməsinə xüsusi əhəmiyyət verilir.
Hərbi hissədə iştirak etdiyimiz ictimai-siyasi dərslərdən birində söhbət zamanı kapitan  Nicat Əsədov bildirdi ki, ordu rəhbərliyinin qarşısında duran başlıca vəzifələrdən biri də şəxsi heyətə vətənpərvərlik hisslərinin aşılanması və onun qorunub saxlanmasından ibarətdir. - Ordunun qarşısında duran taleyüklü məsələni nəzərə alanda, sözügedən məsələyə son dərəcə məsuliyyətlə yanaşmaq reallığı ortaya çıxır. Şəxsi heyətimizin vətənpərvərlik ruhunun yüksək olması ordu rəhbərliyinin qarşısında duran prioritet məsələlərdəndir. Hər bir hərbi qulluqçu yaxşı başa düşür ki, onun vətənpərvərlik, torpağa, dövlətə sədaqət hissi yüksək olmalıdır. Bu baxımdan ictimai-siyasi hazırlıq dərslərinin şəxsi heyətimizin formalaşmasında, nizam-intizamının yüksəldilməsində rolu böyükdür. Həmin dərslər şəxsi heyətimizə dövlətimizin daxili və xarici siyasətini düzgün dərk etməyə, siyasi prosesləri, ölkə və ordu rəhbərliyinin fəaliyyətini də izləməyə yardımçı olur.
"Həftədə iki dəfə tədris edilən ictimai-siyasi hazırlıq dərsləri biz əsgərlərin hərbi vətənpərvərlik, dövlətçilik, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda xidmət etməsində mühüm rol oynayır", - deyə əsgər Orxan Babayev söhbətə başladı.
- Vətənpərvərlik hisslərinin arzuolunan səviyyədə olması bütün çətinliklərin öhdəsindən məharətlə gəlməkdə yardım-çıdır. Aprel döyüşləri də sübut etdi ki, qələbəni müasir silah və texnikaya dərindən bələd olan, ən əsası vətənpərvərlik hissləri ilə tərbiyə olunan Azərbaycan əsgəri qazandı.
"Aprel döyüşləri ordumuzun inkişafının bariz nümunəsidir", - deyə kiçik çavuş Turan Zeynallı söhbətə qoşuldu. - Bu qələbə Azərbaycan Ordusunun gücünü, qüdrətini düşmənə nümayiş etdirdi. Düşmən anladı ki, Azərbaycanın ən müasir silah-sursatla təmin olunmuş çox güclü ordusu və peşəkar hərbçiləri var. Bu ordu istənilən an Ermənistan ordusunu darmadağın edər və işğal altında olan ərazilərimizi düşməndən təmizləyər.
Əsgər Tofiq Paşanov isə bildirdi ki, Azərbaycan Ordusunun gücü Silahlı Qüvvələrin 100 illiyi münasibətilə keçirilən hərbi paradda da sübut olundu. "Keçirilən hərbi parad Azərbaycan Ordusunun gücünün və müdafiə qabiliyyətinin gücləndirilməsinin nümayişidir. Bu, ordumuzun, əsgərimizin gücünü, texnikamızın qüdrətini göstərən bir məsələdir. Digər tərəfdən, düşmənə mesajdır ki, Azərbaycan əsgəri tarixi torpaqlarımızı azad etməyə qadirdir.
Əsgər Ədil Mehrəliyev əminliklə qeyd etdi ki, həmin vaxta az qalıb. Ona görə ki, bu gün fərqli zamandır, düşmənin qarşısında güclü Azərbaycan Ordusu dayanır. Aprel qələbəsini, Günnüt zəfərini qazanan Azərbaycan əsgəri tarixi Qələbə ilə xalqına sevinc bəxş etmək arzusundadır. Azərbaycan əsgəri bu dəfə döyüşə başlasa, üçrəngli bayrağımızı Cıdır düzündə dalğalandırmayana qədər dayanmayacaq.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR