Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Oktyabr 2018 09:06

Torpağı Vətən edən şəhidlər

Böyük Vətən müharibəsi cəbhələrində hünər tarixi yazan əfsanəvi partizanlar Əhmədiyyə Cəbrayılov, Nuru Abdullayev, Qarabağ müharibəsində erməni işğalçılarına sinəsini sipər edən Mikayıl Cəbrayılov, Orxan Hümmətov, Aqşin Abdullayev kimi oğullar xalqımızın qəhrəmanlıq xəzinəsidirlər. Torpağı Vətən edən oğullar unudulmur, xatirələri qəlblərdə yaşayır. Böyük şairimiz Məmməd Araz deyirdi ki, "Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı". Mikayıl, Orxan, Aqşin timsallı igidlərimiz Vətən daşı olub, Azərbaycanımızın ərazi bütövlüyü uğrunda canlarından keçərək  əbədiyyət qazandılar...
Taleyinə şəhidlik zirvəsi yazılan mayor Aqşin Abdullayev yaşasaydı, 36 yaşı tamam olacaqdı. O, 1982-ci il oktyabrın 7-də Şəki şəhərinin qədim Kiş kəndində dünyaya göz açmışdı. İlk təhsilini Kiş kənd tam orta məktəbində alan Aqşin həkim olmaq arzusuyla yaşayırdı. O, sonda qərarını dəyişərək Vətənə xidmət yolunu, müqəddəs hərbçi peşəsini seçir.  Vətəni qorumaq və düşmən işğalında olan torpaqlarımızı azad etmək amalı Aqşini zabit olmağa ruhlandırır. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. Təhsil aldığı illərdə hərbin sirlərinə dərindən yiyələnir. Kursant yoldaşlarının və müəllimlərinin etibarını qazanır. 2003-cü ildə hərbi təhsilini başa vuran Aqşin Azərbaycan Ordusunun sıralarında şərəfli xidmət yolu keçir. Xidmət dövründə fəxri fərmanlarla, diplomlarla, "Qüsursuz xidmətə görə" 2-ci, 3-cü dərəcəli və yubiley medalları ilə təltif edilir. Dəfələrlə komandanlığın ən çətin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirir. Düşmənin kəşfiyyat-diversiya qruplarının törətdiyi təxribatların qarşısını rəşadətlə alır.
2017-ci il fevralın 24-dən 25-nə keçən gecə... Düşmən növbəti dəfə təxribat törədir. Mayor Aqşin Abdullayev Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən şəhid olur. Vətənpərvər zabit hərbi əməliyyatda göstərdiyi igidliklərə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, ölümündən sonra "Şücaətə görə" medalı ilə təltif olunur. Şəhid mayor bu medala layiq görülən ilk hərbçi  kimi adını tarixin səhifələrinə yazır... Ailəli idi. 3 övladı Vətənə əmanət qalır.
Oktyabrın 1-də Aqşin Abdullayevin doğulduğu Kiş kəndində anım tədbiri keçirildi. Rayon ictimaiyyətinin müəllim və şagird kollektivinin, mərhumun zabit yoldaşlarının iştirak etdiyi anım tədbiri Kiş kəndində Qarabağ şəhidlərinin xatirəsinə ucaldılmış abidənin ziyarəti ilə başladı. Tədbir iştirakçıları şəhidlərin məzarı üzərinə əklil qoyaraq, tər qərənfillər düzdülər. Şəhidlərin ruhuna dualar oxundu və xatirələri dərin ehtiramla yad edildi. Sonra anım tədbiri Heydər Əliyev adına Kiş kənd tam orta məktəbində davam etdirildi. Azərbaycan Ordusunun şəhid mayoru Aqşin Abdullayevin məktəbdə yaradılan xatirə muzeyi ziyarət olundu və ekspozisiyada sərgilənən şəhid zabitə məxsus əşyalar, fotoşəkillər nümayiş etdirildi.
Anım tədbirində əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndirildi.
Açılış nitqi söyləyən Şəki rayon Polis şöbəsinin rəisi Əbülfət Rzayev bu tədbirin Aqşin Abdullayevin timsalında Vətən uğrunda canından keçən bütün şəhidlərimizə həsr olunduğunu dedi. "Azərbaycanımızın ərazi bütövlüyü, müstəqilliyi uğrunda, gələcək xoş günlər naminə canından keçən şəhidlərimizin xatirəsi hər birimiz üçün əzizdir. Allahdan onlara rəhmət diləyirəm.  Ölkəmizdə hər bir şəhid ailəsinə dövlətimizin diqqət və qayğısı yüksək səviyyədədir. Bütün bunlar möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir".
Ordumuzun gündən-günə artan gücündən danışan polis rəisi  2016-cı ilin aprel döyüşlərini və uğurlu Günnüt əməliyyatını bu qüdrətin bir daha təsdiqi olduğunu bildirdi. "Düşmən işğalında olan hektarlarla torpaqlarımız azad olundu. Mühüm əhəmiyyətli Lələtəpə yüksəkliyi düşməndən azad edildikdən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə yaranan təhlükə aradan qaldırıldı. Bu kəndin camaatı öz ata-baba yurduna qayıtdı. Bu bir tarixi hadisədir. Cocuq Mərcanlıya qayıdış Qarabağımıza, Şuşamıza və digər işğalda olan torpaqlarımıza qayıdışdır. Lələtəpədə, Bayraqtəpədə, Günnütdə dalğalanan üçrəngli Azərbaycan bayrağı çox tezliklə düşmən işğalında olan digər torpaqlarımızda da dalğalanacaq".
Şəki şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov Bakıda Azadlıq meydanında Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçirilən möhtəşəm paradın regionda ən güclü orduya malik olduğumuzu bir daha göstərdiyini bildirdi. "Möhtərəm Prezident cənab İlham Əliyevin söylədiyi kimi, Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Bu gün ordumuz ən müasir silahlarla təchiz edilib. 20 faiz torpaqlarımız düşmən işğalındadır. Dövlətimiz torpaqlarımızın sülh yolu ilə azad olunmasının da tərəfdarıdır. Lakin ordumuzun Mübariz, Murad, Samid, Orxan, Aqşin kimi oğulları torpaqlarımızın müharibə yolu ilə alınmasına,  Ali Baş Komandanın döyüş əmrinə hər an hazırdır. İllər keçəcək, qərinələr dolaşacaq, lakin torpaq uğrunda şəhid olan oğullarımızın adı heç zaman unudulmayacaq. Xalqımız igid oğullarının adını daim yaşadır, yaşadacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin".
Tədbidə iştirak edən polkovnik-leytenant Seymur Həbibullahov çıxış edərək şəhid mayor Aqşin Abdullayevi çox vətənpərvər, peşəkar hərbçi kimi tanıdığını, onun xatirəsinin yoldaşlarının və komandirlərinin qəlbində daim yaşayacağını vurğuladı.
Sonra Aqşin Abdullayevin orta məktəb müəllimləri olmuş Tahirə Lətifova və Xan İlyasov onunla bağlı xatirələrini bölüşdülər.
Şəhid zabitin anası Dursun Abdullayeva ailəsinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbiri təşkil edən hər kəsə minnətdarlığını bildirdi.
Anım tədbirinin sonunda şəhid Aqşin Abdullayevin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olundu.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"