Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Oktyabr 2018 09:04

“Böyük Qələbəni qazanacağıq!”

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci ilin döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda  "Ən yaxşı tank bölüyü" adı uğrunda yarış keçirilib. Tank bölmələrinin döyüş hazırlığının yoxlanılması, heyətlərin bilik və bacarıqlarının artırılması, döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təşkil olunan yarış təlim mərkəzində yerləşən müxtəlif atış sahələrində baş tutub. Yarışa cəlb olunan heyətlər verilən tapşırıqları dəqiq, vaxtında və düzgün icra ediblər. Komandalar sürücülük, atış, fiziki hazırlıq və digər məşğələlər üzrə məqbulları müvəffəqiyyətlə yerinə yetiriblər.
Həmçinin, heyətlər gecə vaxtı atış sahəsində düşmənin peyda ola biləcək istənilən hədəflərinə qarşı atış aparmaq bacarıqlarını da nümayiş etdiriblər. Yarışın şəffaf və düzgün keçirilməsi, nəticələrin dəqiq hesablanıb qiymətləndirilməsi məqsədilə yuxarı komandanlıq tərəfindən yaradılan komissiya heyəti yarışın nəticələrini yüksək qiymətləndirib.
Keçirilən yarışın yekununda "Ən yaxşı tank bölüyü" adına layiq görülən heyət müəyyənləşib. Komissiya heyətinin yekun nəticələrinə əsasən birinci yerə "Beyləqan" komandası layiq görülüb. Heyət üzvlərini yaxından tanımaq üçün "N" hərbi hissəsinə yollandıq.
Hərbi hissənin zabiti Elvin Həsənovun müşayiəti ilə tank saxlancında olan heyət ilə tanış oluruq. Zabit qələbə nəticəsində hərbi hissənin hər bir üzvünün sevinc hissi keçirdiyini bildirdi. "Hər il baş tutan belə yarışlar artıq ənənəyə çevrilib. Ümumilikdə ordumuzda bu cür yarışların keçirilməsi şəxsi heyətin döyüş hazırlığının və mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsində müsbət rol oynayır.
Yarışda iştirak edən heyətlər yüksək döyüş qabiliyyəti və bacarıq nümayiş etdirdi. Heyətimiz cüzi fərqlə digər komandaları qabaqladı. Bu yarışların bütün mərhələlərində verilən tapışırıqları dəqiq və vaxtında yerinə yetirməklə bir daha nümayiş etdirdik ki, Ali Baş Komandanın istənilən döyüş tapşırığını yerinə yetirməyə hər an hazırıq", - mayor E.Həsənov dedi.
Qalib heyətə yaxınlaşırıq. Şəxsi heyət tankın ətrafında düzülərək döyüş hazırlığı planına uyğun olaraq məşğələ keçir. Məşğələdən sonra onlardan bir neçəsinin yarış haqqında fikirlərini  öyrənirik.
İlk olaraq leytenant Tofiq Həmidovla həmsöhbət oluruq. Əslən Abşeron rayonundan olan zabit, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və  Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunudur. Bu peşəni öz istəyi ilə seçdiyini bildirən Tofiq dedi ki, əmisi Rəis Həmidov ehtiyatda olan zabitdir və Qarabağ müharibəsinin iştirakçısıdır. "Zabit olmaq istəyimin formalaşmasında əmimin Qarabağ döyüşlərindən, silahdaşlarından danışması təsirsiz ötüşməyib. Bu şərəfli peşəyə yiyələnmək istəyimi bildirəndə əmim də, atam da çox sevindi və qürurlandı.  Hər birimiz  yarışın qalibi olduğumuz üçün sevincliyik. Yarışda yüksək nəticə göstərməyimiz düşmən üzərində qələbə qazanacağımızdan xəbər verir. Hər birimiz yaxşı bilirik ki,  bu gün dərslərdə, təlimlərdə nə qədər əziyyət çəksək, sabah döyüş meydanında qələbə qazanmaq o qədər asan olar. Ona görə də üzərimizə düşən vəzifələrin öhdəsindən məsuliyyətlə gəlir, döyüş vərdişlərinin daim artırılması istiqamətində işlər aparırıq. Günün nizam qaydasına uyğun olaraq təşkil olunan nəzəri və praktiki dərslərdə şəxsi heyətin öyrədilənləri mənimsəməsi üçün bütün biliklərimizi səfərbər edirik. Yarış zamanı dərslərdə öyrəndiyimiz bilikləri sınaqdan keçirdik. Heyətimizlə qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən bacarıqla gələrək yarışın qalibi olduq", - leytenant T.Həmidov dedi.
Söhbətinə davam edən gənc zabit yarışın mərhələlərindən söz açaraq bildirdi ki,  beş mərhələdə keçirilən yarışın  birinci mərhələsində  sıra baxışı, bölmənin ümumi  hazırlığı və  zahiri görkəminə baxış keçirildi. "İkinci mərhələdə isə   komanda üzvlərinin fiziki hazırlığı yoxlanıldı. Eyni zamanda, şəxsi heyətdən idman normativləri qəbul olundu. Sonrakı mərhələdə yarış iştirakçılarının gecə və gündüz zamanı  atıcılıq və  sürücülük qabiliyyətləri yoxlanıldı. Sonuncu mərhələ isə taktiki hazırlıqdan oldu. Bu mərhələdə tam kalondan döyüş kalonuna açılış, düşmənin aşkar olduğu istiqamətə və geriyə hərəkət üzrə bacarıqlar yoxlanıldı."
Ordu sıralarına Kürdəmir rayonundan qatılan baş gizir Taleh Quliyev yarış haqqında təəssüratlarını bizimlə bölüşdü:
- İlk dəfə Ənvər Əblucun ekranlaşdırdığı "Ağ atlı oğlan" filmini seyr edəndə yeniyetməydim. Qarabağımızın azadlığı uğrunda erməni qəsbkarlarına qarşı gedən müharibədə yaşlılarla bərabər məktəbli oğlanın da göstərdiyi qəhrəmanlıqdan təsirləndim. Muradın qəhrəmanlığı hər birimizi fədakarlığa, vətənpərvərliyə səsləyirdi. Həmin vaxtdan hərbçi olmağı qərara aldım. Artıq 20 ildir Vətənim Azərbaycana xidmət edirəm. Xidmətə başladığım gündən Murad kimi, "ağ atımda" (tankımda) düşmən qüvvələrini işğalda olan torpaqlarımızdan qovub-çıxarmaq istəyirəm. Bunun üçün əlimizdən gələni əsirgəmirik. Qazandığımız uğurlar da bunun bariz nümunəsidir. "Ən yaxşı tank bölüyü" adı uğrunda keçirilən yarışı sadəcə sınaq kimi qəbul etmirdik. Həyəcanlı olmağımız da təbiidir, çünki rəqiblərimiz çox güclüydü. Lakin həmişə olduğu kimi, çətinliyin üstünə getdik və qalib olduq. Əsas məqsədimiz isə Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə erməniləri törətdikləri vəhşiliklərə görə cəzalandırmaqdır.
Salyan rayonundan olan gizir Elməddin Zaidov hərbçi ailəsində dünyaya göz açıb. "Atam həmişə Qarabağımızdan danışanda gözləri yaşarır. O həmişə deyir ki, Vətənin dar günündə hər birimiz onu müdafiə etməliyik. Atama hərbçi olmaq istədiyimi bildirəndə mənimlə qürur duyduğunu dedi. Çünki onun yolunu davam etdirəcəkdim. Xidmətə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi başlasam da, sonra gizir hazırlığı kursunu bitirdim. Əmim Nuxbala, qardaşım Xəyyam da düşmənlə təmas xəttində xidmət edirlər. Hər zaman yuxarı komandanlığın etimadını doğrultmağa çalışırıq. Qatıldığımız yarış da asan keçmədi. Məqsədimiz birinci olmaq idi. Bunun üçün komandirlərimizin öyrətdiklərini düzgün tətbiq edərək qalib olduq. Belə yarışların döyüş şəraitinə uyğunlaşmağımız üçün əhəmiyyəti böyükdür. Arzu edirəm ki, yarışda keçirdiyimiz hissləri tezliklə Böyük Qələbənin sevinci əvəz etsin".
"Dayım Qarabağ müharibəsinin iştirakçısı olub. O, Tərtər istiqamətində gedən ağır döyüşlərdə itkin düşüb. Xidmətə başladığım gündən dayımın qismində bütün şəhidlərimizin qisasını almaq istəyirəm. Ürəyi Vətənlə döyünən hər kəsin yalnız bir amalı var - işğalda olan torpaqlarımızı azad etmək. "Ən yaxşı tank bölüyü" adı uğrunda keçirilən yarışın qalibi olmağımızla fəxr edirəm. Yarışda iştirak edən hər komanda çalışırdı ki, qalib olsun. Bunun üçün gərgin mübarizə gedirdi. Verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirərək birinci olduq. Qarşımızda duran əsas məqsəd növbəti yarışlara daha hazırlıqlı olmaqdır, çünki birinciliyi qoruyub saxlamaq onu qazanmaqdan çətindir", - deyə Masallı rayonundan hərbi xidmətə çağırılan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Pərvin Həsənov bildirdi.
Növbəti həmsöhbətimiz yarış zamanı hədəfləri dəqiq tuşlayaraq məhv edən müddətdən artıq  həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər  Fərrux Rzayevdir. Aprel döyüşlərinin iştirakçısı olan Fərrux Lələtəpə yüksəkliyi istiqamətində düşmən təxribatının qarşısının alınmasında iştirak edib.
- Yarışlar zamanı atdığım mərmilərin heç biri hədəfdən yayınmadı. Nişangahdan gördüyüm hədəflərin hər birini real düşmən hədəfi təsəvvür edirdim. Hər kəs üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldi, çəkdiyimiz əziyyətlər bəhrəsini verdi və biz yarışın qalibi olduq. Başda komandirimiz olmaqla heyətin hər bir üzvü yüksək əzmkarlıqla mübarizə apardı. Biz qalib ordunun əsgərləriyik. Aprel döyüşlərindəki qələbəmizi təkrarlamağa hər an hazırıq. Həmin gün düşməni necə məhv etdiksə, döyüş əmriylə Böyük Qələbəni də qazanacağıq. Keçirilən təlimlər, yarışlar da bizi bu qələbəyə ruhlandırır. Əslən Xocavənd rayonundanam. Ən böyük arzum ailəmlə doğma yurd-yuvamıza qayıtmaqdır. Bu arzunun reallaşacağı gün uzaqda deyil. Ali Baş Komandanın döyüş əmri ilə işğalda olan bütün torpaqlarımızı azad edərək mənim kimi, qəlbi  torpaq həsrəti ilə alışan həmyerlilərimizin ürəyinə su səpəcəyik.
- Silahdaşlarım kimi, mən də qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirmək üçün əlimdən gələni etdim, - hərbi xidmətə Zərdab rayonundan çağırılan müddətdən artıq  həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mehdi İbadov söhbətimizə qoşulur. -  Atam Qarabağ müharibə veteranıdır. Hərbçi olmaq istəyim də elə atamla bağlıdır. Onun döyüş xatirələri, müharibədən olan söhbətləri məni hərbçi olmağa ruhlandırıb. Atamın timsalında torpaqlarımız uğrunda döyüşən, canından keçən Vətən oğullarının əmanət qoyduğu yurd-yuvamızın düşməndən azad olunması vəzifəsi bizlərin üzərinə düşür. Yaxşı başa düşürük ki, döyüş qabiliyyətimizi daim yüksək tutmalı, torpaqlarımızı hərb yolu ilə azad etməyə hər an hazır olmalıyıq. Bunun üçün dərslərdə, təlimlərdə fəal iştirak edib, öyrədilən hərbi biliklərə və bacarıqlara dərindən yiyələnirik. Belə yarışlar biliklərimizi sınağa çəkir, bacarıqlarımızı nümayiş etdirməyə zəmin yaradır. Ordumuzun yüksək döyüş qabiliyyətindən xəbərdar olan düşmən və onun havadarları bilsinlər ki, hər an torpaqlarımızı işğaldan azad etməyə hazırıq. Təlim sahəsində şərti hədəfləri dəqiq məhv etdiyimiz kimi, döyüş meydanında da düşmən qüvvələrini darmadağın edəcəyik. Yüksək döyüş bacarığı, əzmkarlıq, dözümlülük nümayiş etdirərək yarışın qalibi olduğumuz kimi, Ali Baş Komandanın rəhbərliyi altında düşmənə qarşı mərdliklə döyüşərək Böyük Qələbəni qazanacağıq!
Əminliklə qeyd etmək lazımdır ki, peşəkarlıq səviyyəsini günbəgün artıran ordumuz xalqımızın etimadını istənilən vaxt doğruldacaqdır.

Hazırladı: Ruslan HƏSƏNZADƏ, Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"