Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Oktyabr 2018 10:36

İdman - sağlamlıqdır

Şəxsi heyətin fiziki hazırlığının yüksək səviyyədə olması döyüşdə qələbəni təmin edən əsas amillərdən biridir. Əsgər fiziki cəhətdən möhkəmdirsə, o, qarşıya qoyulan tapşırığı operativ və yüksək səviyyədə icra etməyə qadirdir. Ordumuzda şəxsi heyətin fiziki hazırlığının və sağlamlığının yüksəldilməsinə yönəlik dərslər keçirilir, kütləvi idman tədbirləri, ordu birincilikləri təşkil olunur.
Düşmənlə mümkün əlbəyaxa döyüşlərdə fiziki cəhətdən hazırlıqlı əsgər məğlubedilməzdir. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dediyi "Ən müasir silahı da əsgər idarə edir" fikri, döyüşdə əsgərin fəaliyyətinin daha mühüm əhəmiyyət kəsb etdiyinin sübutudur.
Ön xətdə yerləşən "N" hərbi hissəsində şəxsi heyətin fiziki hazırlığı ilə tanış oluruq. Komandirlərin rəhbərliyi altında müxtəlif hərəkətləri icra edən əsgərlərin fiziki cəhətdən hazırlıqlı olması ilk dəqiqələrdən hiss olunur. Ardıcıllıqla turnikdə və paralel qollarda çalışmalar icra edən əsgərlərin hər biri normativləri vaxtında və dəqiqliklə yerinə yetirirlər.
Əsgər Mobil Qəribov bildirdi ki, idmanla müntəzəm məşğul olmaq hər bir kəs üçün vacib şərtdir. "İdman insanın bədənini möhkəmləndirir və xəstəliklərə qarşı müqavimətini artırır. Fiziki göstəriciləri yüksək olan əsgər qarşıya qoyulan bütün tapşırıqları çevikliklə yerinə yetirməyə qadirdir. Keçirilən fiziki hazırlıq məşğələləri mürəkkəb relyefdə, çətin iqlim şəraitində hərəkət etməyimizə yardımçı olur".
Əsgər Muradxan Qasımov fiziki və döyüş hazırlığının qarşılıqlı əlaqə təşkil etdiyini dedi. "İdman əsgərin döyüş ruhuna müsbət təsir edən amillərdən biridir. Döyüş hazırlığı və fiziki hazırlıq bir-biri ilə vəhdət təşkil edir. Komandirlərimiz bizi məlumatlandırarkən bildirdi ki, fiziki və döyüş hazırlığı yüksək olan əsgər daha cəld və çevik olur, verilən tapşırıqların tez müddətdə öhdəsindən gəlir. “Hərbi xidmətdə olduğum müddətdə əsgər dostlarımla birlikdə idmanla müntəzəm məşğul oluruq. “İdman sağlamlıqdır” deyib atalarımız. İdman təkcə hərbi xidmətdə olanlar üçün deyil, hər bir fərd üçün zəruridir.”
Əsgər Məhərrəm Şahsuvarov yaradılan şəraitin onların bədən tərbiyəsinin inkişafına xüsusi töhfə verdiyini vurğuladı. "Bölməmizdə şəxsi heyətin fiziki göstəricilərinin artırılması üçün bütün şərait yaradılıb. Hərbi şəhərcikdə fiziki hazırlıq çalışmalarını yerinə yetirmək üçün idman qurğuları quraşdırılıb. Hərbi xidmətə gələrkən turnikdə dartınma hərəkətini etməkdə çətinlik çəkirdim. Burada komandirlərimin və əsgər yoldaşlarımın köməkliyi ilə turnikdə dartınma çalışmasını və fiziki hazırlığın digər çalışmalarını düzgün yerinə yetirməyə başladım".
İdmanın qaydasız döyüş növü üzrə üçqat respublika çempionu əsgər Tural Fərzəliyev fiziki çalışmaları yerinə yetirərkən əsl idmançı olduğunu da sübut etdi, söhbəti ilə Vətəninə bağlılığını da. "Oğullarımız istər idman arenalarında, istərsə də döyüş meydanında hər zaman düşmənə güclü rəqibdirlər. Hərbi xidmətə gəlməmişdən əvvəl məşq yoldaşlarım erməni idmançılarının gücsüz, zəif olduğunu deyirdilər. Bədnam qonşularımız bizim idmançıları özlərinə həmişə "arzuolunmaz" rəqib sayırlar. Hər bir idmançı və hərbi qulluqçunun müqəddəs vəzifəsi üçrəngli bayrağımızı yüksəkliklərdə dalğalandırmaqdır. Aprel döyüşlərində azad etdiyimiz Lələtəpə yüksəkliyində bu gün dalğalanan bayrağımız gün gələcək işğal altında olan digər torpaqlarımızda da dalğalanacaq".



Fuad CƏFƏROV, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR