Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Oktyabr 2018 10:20

Qələbə gününün marşını ifa edəcəyik

Hərbi hissələrdə əsgərlərimizin asudə vaxtlarının səmərəli keçməsi üçün hər cür şərait yaradılıb. Onlar şahmat, futbol, voleybol oynayırlar, müxtəlif maarifləndirici viktorinalar və yarışlar keçirir, həmçinin musiqi alətlərində ifa etməyi bacaran gənclər silahdaşları üçün musiqi dəqiqələri təşkil edirlər.
Bölmə komandiri mayor Elşən Hüseynov əsgərlərimizdən birinin gitara ifaçısı olduğunu və tez-tez öz yoldaşları üçün milli və klassik musiqilər ifa etdiyini bildirdi. "Hər bir komandir çalışır ki, əsgərlərimizin asudə vaxtı səmərəli keçsin. Bunun üçün müxtəlif tədbirlər planlaşdırıb həyata keçiririk. Qeyd edim ki, onlar da öz səylərini əsirgəmirlər. Belə əsgərlərdən biri də Emil Səfərovdur. O, bölmədə xidmətə başladığı gündən yoldaşlarının asudə vaxtının səmərəli keçməsi üçün təşəbbüs göstərir, gitarası ilə bölmənin bütün tədbirlərində fəal iştirak edir. Əsgərlərimiz kitab, qəzet, jurnal mütaliə edirlər. Onların oxuduqları hər kitab biz komandirlərə hərtərəfli yardımçı olur, çünki nə qədər savadlı döyüşçülərimiz olsa, düşmənə döyüş meydanında göz açmağa imkan vermərik. Əsgərlərimiz idmanla da məşğul olurlar. Əgər asudə vaxtımızdan yararlanmaq istəyiriksə, onu maraqlı edə bilərik, istər hərbi xidmətdə olsun, istərsə də mülki həyatda".
Fasilədə fürsətdən istifadə edərək əsgər Emil Səfərovla söhbət edirəm. Öyrənirəm ki, hərbi xidmətə Qaradağ rayonundan çağırılıb.
- Yetkinlik yaşıma çatandan sonra klassik və milli bəstəkarlarımızın əsərlərini dinləməyə üstünlük verdim. Ümumiyyətlə, öyrənməyi, öz üzərimdə çalışmağı çox sevirəm. Elə bir dövrdə yaşayırıq ki, bu gün öyrəndiklərimiz artıq sabah köhnəlmiş hesab edilir. Ona görə də hər birimiz öz üzərimizdə daim çalışmalıyıq. Musiqiyə olan marağım müəyyən bir müddətdən sonra məni gitarada ifa etməyə ruhlandırdı. Bu günə qədər musiqidə əldə etdiklərimi sərbəst öyrənmişəm, hələ də öyrənirəm. Musiqi mənim üçün həyatı daha dolğun anlamağa kömək edən, təbiət hadisələrini və insan hisslərini ifadə edən sehirli dünyadır. Düşünürəm ki, əgər qarşına hansısa bir məqsəd qoysan, mütləq ona nail olacaqsan.
"Hər bir sənət özü-özlüyündə çətindir və daim onunla məşğul olmağı tələb edir. Hərbi xidmətə gəldiyim gün komandirlərimə gitaramı gətirmək və asudə vaxtlarda əsgər yoldaşlarım üçün ifa etmək istədiyimi bildirdim. Onlar da bu təşəbbüsümü çox yaxşı qarşıladılar. Günümüz nə qədər qayğılı keçsə də, gitaranın simlərinə toxunduğum zaman bütün yorğunluğum çıxır. Həm də çox sevinirəm ki, az da olsa silahdaşlarımın istirahətində əməyim var", - bu sözləri əsgər Emil Səfərov dedi.
Həmsöhbətim qeyd etdi ki, boş vaxtlarında mütaliə etməyə də üstünlük verir. "Kitab seçərkən ehtiyatlı davranıram, çünki oxuduğum kitabların həyatıma, dünya görüşümün artmasına təsiri böyükdür. Bu səbəbdən daha çox tariximizlə bağlı, vətənpərvərlik mövzusunda kitablar oxuyuram. Xidmətə gəldiyim gündən komandirlərimin mənə öyrətdiklərinə dərindən yiyələnməyə çalışıram. Hər birimiz biliklərimizi təkmilləşdirməliyik. Bir arzum var: Böyük Qələbə gününün marşını ifa edənlərin sıralarında olmaq!".


Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR