Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Oktyabr 2018 10:07

Hər cür qayğı ilə əhatə olunmuşuq

Azərbaycan Ordusu təkcə arsenalında olan silah-sursatı ilə deyil, həmçinin şəxsi heyətinin döyüş ruhunun yüksək olması, əsgərlər üçün yaradılmış sosial-məişət şəraiti ilə fərqlənir. Ordumuzdakı inkişafı, müsbət istiqamətli dəyişiklikləri valideynlər "Açıq qapı" günlərində daha yaxından görürlər. Onlara əsgərlərin istifadəsinə verilən camaşırxana, yataqxana, yeməkxana və digər xidməti obyektlər göstərilir. Belə olduğu halda valideynin ürəyində heç bir şübhə qalmır və onlar inanırlar ki, övladları əmin əllərdədir. Hərbi hissədə əsgərlərə valideyn qayğısı ilə yanaşan komandir heyəti, ana qayğısı ilə yemək bişirən xanımlarımız, xəstələndikdə yardım göstərən tibb heyətimiz fəaliyyət göstərir.
"N" hərbi hissəsində məişət şəraitiylə yaxından tanış olmaq imkanı qazanırıq. Mayor Ceyhun Rzayev yuxarı komandanlığın əsgərlərimiz üçün yaratdığı şəraitdən söz açdı. Zabit bildirdi ki, şəxsi heyətin sosial-məişət şəraitinin yüksək səviyyədə olması onların xidmətlərini düzgün yerinə yetirmələrində müsbət rol oynayır. "Ordumuzun bütün hərbi hissələrində əsgərlərin yüksək səviyyədə xidmət aparması üçün hərtərəfli şərait yaradılıb. Hərbi qulluqçularımızın sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bütün bölgələrdə yeni hərbi şəhərciklər salınaraq ən müasir avadanlıqlarla təchiz edilib. Ordu sıralarında xidmət edən hər bir hərbi qulluqçu dövlət qayğısını hiss edir və bu etimadı fədakar xidmətləri ilə doğrultmağa çalışır. Təbii ki, bütün bunlar Ali Baş Komandanın şəxsi heyətə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir".
Zabitlə birlikdə yataqxanaya daxil oluruq. Əsgərlərin istirahət etməsi üçün yataqxana zəruri ləvazimatlarla - çarpayılar, şkaflar və stullarla təmin edilib. Yataqxananın təmizliyi göz oxşayır. Baş gizir Şəmsi Məhərrəmzadənin rəhbərliyi altında bir neçə əsgər yataqxanada səliqə-sahman yaradır. Onlarla həmsöhbət oluruq.
Bölüyün baş çavuşu baş gizir Şəmsi Məhərrəmzadə bildirdi ki, yataqxananın nizama salınması, əsgərlərin üst-başlarının təmiz olması onun işinin tərkib hissəsidir. "Gündəlik yataqxanada səliqə-sahman, təmizlik işləri görülür. Bu birinci növbədə bizlər üçün vacibdir. Yuxarı komandanlıq bu gözəl şəraiti bizlər üçün yaradıb. Ona görə də onu qoruyub saxlamağı bacarmalıyıq. Hər gün təmizlik işlərinə xüsusi nəzarət edilir. Hər həftə köhnə yataq dəstləri yığılır, camaşırxanaya təhvil verilir, yeniləri ilə əvəz olunur. Şəxsi heyətin paltarları mütəmadi yuyulur. Səhər sıra baxışında üst-başının təmiz və səliqəli olması yoxlanılır. Əsgərlərin təyin olunmuş vaxtlarda yuyunması üçün hamam fəaliyyət göstərir. Təbii ki, bütün bunlar bizlər üçün, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçular üçün yaradılıb.”
Söhbət zamanı baş gizir Ş.Məhərrəmzadə onu da qeyd etdi ki, komandir heyətinin işi təkcə dərs deməklə, səliqə-sahman yaratmaqla bitmir. "Hamımız tabeliyimizdə olan şəxsi heyətin vətənpərvər ruhda xidmət etmələri üçün daim çalışmalıyıq, çalışırıqda. Onlara elə örnək olmalıyıq ki, gələcəkdə cəmiyyət içində nümunəvi davranışları ilə seçilsinlər. Onların heç birini öz balalarımdan ayırmıram. Mən də atayam. Gələcəyə ordumuz üçün iki müsəlləh əsgər yetişdirirəm. Övladlarıma da həmişə ordumuzun inkişafından, xalqımızın qəhrəmanlıq nümunələrindən danışıram. Ən böyük arzum odur ki, onlar da böyüyəndə bizlərə layiqli övlad, dövlətimizə layiqli vətəndaş, ordumuza layiqli əsgər olsunlar. Bu Vətənin övladıyıqsa, borcumuz Vətənə xidmət etməkdir. Hamımız Ali Baş Komandanın əmrinə hər an hazır olan Azərbaycan əsgəriyik."
"Yaradılan şərait ordu rəhbərliyinin bizlərə olan qayğısının nişanəsidir", - deyə əsgər Rafael Burcəliyev söhbətimizə qoşuldu. "Tanışlarımız, dostlarımız hərbi xidmətdən tərxis olub qayıdanda onlardan əsgərlik xatirələrini, gördüklərini danışmaqlarını xahiş edərdik. Hamısı söhbətə "Çağırsalar, yenidən xidmətə gedərəm" sözləri ilə başlayırdı. Səbəbini soruşanda Vətənə xidmətin nə qədər şərəfli peşə olduğunu deyərdilər. Yaradılan şəraitdən elə danışardılar ki, insan əsgərliyə tez getməyi arzu edərdi. Artıq xidmətimin xeyli hissəsini başa vurmuşam. Hər gün  dostlarımın dedikləri sözlərin həqiqət olduğunu görürəm. Xidmətimin bitməyini istəmirəm. Burada hər cür qayğı ilə əhatə olunmuşuq. Bu gün, mən də daxil olmaqla, bütün şəxsi heyətimiz yüksək şəraitdə xidmət etdiyimizə görə Ali Baş Komandana, Müdafiə nazirinə  minnətdarıq. Ona görə də istənilən an torpaqlarımızın azadlığı uğrunda döyüşlərə atılmağa hazırıq."


Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR