Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Oktyabr 2018 10:06

“Övladlarımızı Vətən üçün böyüdürük”

Bütün peşələr gözəldir, doğmadır. İnsanın peşə seçimi, peşə sevgisi azaddır. Ürəyinə yatan istənilən ixtisası seçə bilərsən, təki o sahəyə həvəs və marağın olsun. Çoxları təsdiq edər ki, müəllimlik peşəsi daha ali və daha ucadır. Müəllimlik insandan böyük məsuliyyət, səbr və diqqət tələb edir. Müəllimlər saçlarını sinif otaqlarında, şagirdlərinin arasında ağardır. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə ingilis dili müəllimi işləyən Zemfira Şəfiyeva belə insanlardan biridir. O, 34 ildir ki, bu hərbi təhsil ocağında çalışır. İllərdir ki, bu fənni sevə-sevə gələcəyin zabitlərinə tədris edir. Zemfira Şəfiyeva 2013-2014-cü tədris ilinin nəticələrinə görə tədris əlaçısı olub. "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə mükafatlandırılıb.
Zemfira xanım Azərbaycan Dillər İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Elə o vaxtdan da taleyini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə bağlayıb. Arxada qalan zaman onun saçlarına qar ələyib, əvəzində ona gözəl bir tale qismət edib. Bir sözlə, fəxr ediləsi bir ömür yaşayıb Zemfira xanım.
- Yetirmələrimin uğurlarını eşidəndə, görəndə qürur hissi keçirirəm, - deyə Zemfira Şəfiyeva söhbətə başladı: - Azərbaycan Ordusunun gündən-günə güclənməsi, yenidən qurulması, zabit və əsgərlərimizin peşəkarlığının artması bir müəllim, bir vətəndaş kimi məni çox sevindirir. Erməni işğalçılarının tapdağında olan torpaqlarımızın azad olunmasına inamımız daha da artıb. Uzun illərdir Cəmşid Naxçıvanski adına Hərbi Liseydə çalışıram. Gələcəyin zabitlərinə ingilis dilini öyrədirəm. İşim ürəyimcədir. Kursantlarımızın savadlı, bilikli və bacarıqlı olmaları üçün mövcud olan bütün imkan və vasitələrdən səmərəli istifadə edirik. Bir vaxtlar dərs dediyim kursantların arasında bu günün generalları da var. Yetirmələrimin uğurları mənim uğurlarımdır. Hər biri ilə fəxr edirəm. Kursantlar bizim gələcəyimiz, Vətənimizin sabahkı qurucularıdır. Sevinirəm ki, bu quruculuq işlərində bir müəllim kimi mən də yaxından iştirak edirəm. Buna görə də həmişə başım uca, alnım açıqdır.
Müəllim və müəllimlik barədə Zemfira xanımın söylədiyi fikirlər çox maraqlı oldu: “Müəllim müqəddəs və şərəfli bir peşədir. Şərəfli olduğu qədər də məsuliyyətlidir. Müəllim işıqdı, nurdu, tükənməyən bir ziyadı, sönməyən bir məşəldir. O, öz işığından, nurundan şagirdlərinə və tələbələrinə də paylayır. Onlara gələcəyə gedən yolun istiqamətini doğru-düzgün göstərir. Müəllim cəmiyyəti irəli aparan təkanverici bir qüvvədir. Təhsil bir vətəndaşın yox, bütövlükdə dövlətin, cəmiyyətin işidir. Biz övladlarımızı Vətən üçün, yurdumuzun müdafiəsi üçün böyüdürük. Kursantlara gələcəyin qurucusu və qəhrəmanları kimi baxır, böyük etimad göstəririk. İnanırıq ki, onlar gələcəkdə etimadımızı doğruldacaqlar. Hərbi liseyin rəhbərliyi tədris üçün əlverişli şərait yaradıb. Bütün bunlar isə tədrisin keyfiyyətini xeyli artırır. Biz də öz növbəmizdə bu şəraitdən bacarıqla istifadə edirik.
Zemfira Şəfiyeva Hərbi liseydə yaşadığı ən yaddaqalan günlərin birindən ürəkdolusu söz açaraq dedi:
- İnsan həyatında əlamətdar günlər çox olur. Mənim üçün həyatımın ən unudulmaz günü 19 aprel 2003-cü ildir. Yaxşı xatırlayıram, həmin gün ümummilli liderimiz Heydər Əliyev Hərbi liseyin 30 illik yubileyi münasibəti ilə məktəbimizə gəlmişdi. Ulu Öndər bir-bir tədris otaqlarını gəzir, kursantlarla, müəllimlərlə görüşüb söhbət edirdi. Ümummilli Lider həmin gün ingilis dili otağına da gəldi. Bizimlə səmimi görüşüb söhbət etdi. Kursantların biliyi ilə maraqlandı. Onlara dəyərli məsləhətlər verdi. Tövsiyə etdi ki, ədəbiyyatımız və dilimizlə yanaşı, xarici dilləri də yaxşı-yaxşı öyrənin. Gələcəkdə bilikli, bacarıqlı zabit olun.  
Zemfira Şəfiyeva söhbətinin sonunda gələcəyinə böyük ümidlər bəslədiyi kursantlardan Emil Hüseynlinin, Vaqif Zülfüqarlının, Elşən Həsənovun, Əmrah İsayevin, İntiqam İmanzadənin, Emil Mustafayevin və başqalarının adlarını çəkdi. Onların xidmətlərində böyük uğur qazanacaqlarını sevinclə qeyd etdi. Həmsöhbətim onu da bildirdi ki, qazanılan uğurların sayəsində xalqımızın ən böyük arzusu həyata keçəcək...
                                                                      
 Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey