Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Oktyabr 2018 10:00

“Ürəyimiz Vətən ilə döyünür”

Payızdı... Ətraf aləmin gözəlliyindən, yaşıl, sarı, qızılı rənglərin harmoniyasından aldığım pozitiv enerji bir başqadır. Gözlərim ilahinin bəxş etdiyi gözəlliyi seyr etməkdə, qəlbim isə səngərdə igid oğullarımızla kəlmələşməkdədi. Qəribədir, payız fəsli ruhuma nə qədər sakitlik gətirsə də, oğullarımızla xəyali söhbətim qanımı bir o qədər coşdurur. Sözlə ifadə etməyə çətinlik çəkdiyim duyğuların bəxş etdiyi ovqatla yolumuza davam edirik...
Gözəl mənzərəni seyr edə-edə, heyrətamiz təbiətdən zövq ala-ala, uzun-uzadı yolumuzu arxada qoyub düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsinə çatırıq. Mayor Vüsal Məmmədov şəxsi heyətin mənəvi-psixoloji vəziyyətindən, döyüş, atəş, sıra hazırlıqlarının yüksək səviyyədə olmasından söz açır: "Şəxsi heyətin sağlam mənəvi-psixoloji durumu və döyüş  ruhu qələbəni təmin edən ən başlıca amillərdəndir. Müasir dövrdə Azərbaycan əsgərinə göstərilən diqqət və qayğı, yaradılan yüksək məişət şəraiti onların  əsgəri xidmətlərini uğurla keçirmələri üçün zəmin yaradır. Prezident, Ali Baş Komandan İlham Əliyevin, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun diqqət və qayğısı hər an əsgərlərimizin üzərindədir.  Bu qayğının nəticəsidir ki, əsgərlərin məişət şəraiti yüksək səviyyəyə çatdırılıb. Hərbi hissələrimizdə müasir yeməkxanalar, yataqxanalar, hamam və camaşırxanalar şəxsi heyətin istifadəsinə verilib. Şəxsi heyətimiz də yaradılan yüksək səviyyəli şəraitin qarşılığında xidmətlərini düzgün təşkil edir və keçirilən təlimlərdə müvəffəqiyyət qazanır. Hərbi qulluqçularımız  düşmən hücumlarının qarşısını almağa, işğal altında olan torpaqlarımızı istənilən an azad etməyə hazırdırlar. Aprel zəfəri bir daha təsdiqlədi ki, Azərbaycan Ordusu doğma yurd-yerlərimizi geri qaytarmaq üçün qarşısında heç bir əngəl tanımır, torpaqlarımız üçün canlarından keçən hər bir şəhidimizin qisasını almağa hazırdır. Bu gün ordu sıralarında Mübariz, Raquf, Samid... kimi mərd, cəsur oğullarımız xidmət edirlər".
Səngəri doğma evi sayan, torpaqlarımız uğrunda canından keçməyə hazır olan "Öldü var, döndü yox" devizi ilə xidmət edən əsgərlərimizlə görüşün məqamı yetişir. "Cənab mayor, bölüyün dayaq məntəqəsində heç bir hadisə baş verməyib" sözləri ilə leytenant Kənan Məmmədov bizi qarşılayır. Zabit Vüsal Məmmədov bölmənin gündəlik fəaliyyətini yoxlayır və döyüş xidmət jurnalına döyüş növbətçiliyinin aparılma qrafikinə müvafiq qeydlər edir. Bölmənin döyüş hazırlığından, şəxsi heyətin döyüş ruhunun yüksək səviyyədə olmasından söz açan leytenant K.Məmmədov bildirir ki, Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə işğal altında olan torpaqlarımızı azad etməyə, düşməndən xalqımızın başına açdıqları əzab-əziyyətin qisasını almağa hazırdılar: "Əsgərlərimizin döyüş ruhu olduqca yüksəkdir. Onlar Azərbaycan Ordusunun gücünü bir daha göstərmək, əzəli torpaqlarımızı işğalçılardan azad etmək məqsədilə xidmət edirlər. Məqsədimizə nail olmaq üçün təhsil müddətində peşəkar müəllimlərimiz tərəfindən bizlərə öyrədilən hərbin sirlərini onlarla bölüşürük. Bunun nəticəsidir ki, əsgərlərimiz erməni qəsbkarlarının təxribatlarının qarşısını alaraq, onlara layiqincə cavab verirlər".
Növbəti həmsöhbətim Bərdə rayonundan ordu sıralarına çağırılan əsgər Məhəmmədəli Mustafayevdir. "Hərbi xidmət dövründə ailəmizdən, evimizdən, əzizlərimizdən uzaq düşürük. Bəzi hallarda isə onlar üçün darıxırıq. Doğma elindən-obasından, isti ocağından didərgin düşən Azərbaycan vətəndaşı olaraq işğalda olan torpaqlarımızı düşünəndə anlayıram ki, o həsrətin qarşısında bu həsrət deyil. Mənim əsas həsrətim torpaq həsrətidi, xalqımıza sevinc bəxş etmək həsrətidi, qisas həsrətidi, elimizə, obamıza Böyük Qələbəni bəxş etmək həsrətidi...”
- Vətən - səcdəgahdır, toxunulmazdır, müqəddəsdir. Vətən - şəhidlərimizin uğrunda can verdikləri, mənəviyyatı, dili, bayrağı, mədəniyyəti və əxlaqı bir olan millətimizin üzərində yaşadığı müqəddəs məkandır. Ata-babalarımızdan bizə əmanət olan yurdumuzu, mədəniyyət xəzinəmizi, dilimizi, mənəviyyatımızı qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etmək müqəddəs borcumuzdur.  Vətəni sevmək, göz bəbəyi kimi qorumaq, onun torpağının, daşının qədrini bilmək, sözün əsl mənasında, mübariz və mərd Vətən övladlarının ən nəcib və müqəddəs vəzifəsidir. Bu gün biz bu müqəddəs vəzifəmizin öhdəsindən komandirlərimizin köməyilə layiqincə gəlirik. Arzu edirəm ki, torpaqlarımızı azad edəcəyimiz gün Kəlbəcərdəki Sultanheydər dağına Azərbaycanımızın üçrəngli bayrağını sancanların sırasında olum. Bu sözləri Qax rayonundan hərbi xidmətə çağırılan, Ali Baş Komandan İlham Əliyevin döyüş əmrini səbirsizliklə gözləyən əsgər Adil Qədirli deyir.
Ordu sıralarına Daşkəsən rayonundan çağırılan əsgər Orxan Bayramov isə xidməti dövründə ən yaddaqalan günündən söz açır: "İlk dəfə döyüş növbətçisi çıxdığım gün heç vaxt yadımdan çıxmayacaq. Etiraf edim ki, həmin gecə həyəcanlı idim. Bu qorxu həyəcanı deyildi. Xalqımın, millətimin və torpaqlarımızın keşiyini çəkmək, erməni qəsbkarlarının hücumlarının qarşısını layiqincə almaq həyəcanı idi. Məhz həmin gecə təlimat zamanı leytenant Kənan Məmmədovun "Orxan, sən bu gün ilk dəfədir ki, döyüş növbətçisi çıxırsan. Bir şeyi unutma ki, arxanda qalan evlərdə sən və sənin kimi əsgərlərimizin sayəsində firavan yaşayırlar. Həmin evlərdə yanan işıqlar sizlərin sayəsində yanır" sözləri ömürlük yaddaşıma həkk olundu. Arzu edirəm ki, tez bir zamanda Ali Baş Komandanımızın döyüş əmri ilə torpaqlarımızı azad edib, döyüş növbətçiliklərimizi Xocalıda, Laçında, Xankəndidə... davam etdirək".
Əsgər Kamran Rüstəmov da əzəli torpaqlarımıza kənardan baxarkən çəkdiyi ağrıdan söz açır. "Doğma Qarabağımız düşmənin tapdağındadır, öz xalqının ona sahib çıxacağı günü gözləyir. Qarabağ bizim sərvətimiz, milli kimliyimiz, görən gözümüz, döyünən ürəyimizdir. Qarabağımızı işğaldan azad edəcəyik, xalqımız sevinc göz yaşına qərq olacaq. Ali Baş Komandanımızın rəhbərliyi ilə yenidən doğma Qarabağımıza qovuşacağıq. Soydaşlarımızın qanına susayan düşmənlərdən qisas alacağıq".
Digər əsgərlər İlham Lətifov, Adil Qədirli, Vünyamin Məhyəddinov və başqaları Qarabağ həsrətindən, Ali Baş Komandanımızın döyüş əmri ilə Azərbaycan xalqına Böyük Qələbəni bəxş edəcəklərindən danışdılar.
Torpaqlarımızın keşiyini çəkən oğullarımızla söhbət əsnasında bir daha əmin olduq ki, bu gün vətənpərvər hərbçilərimiz Vətənimizin keşiyində dəyanətlə dayanaraq, ürəyimiz Vətən ilə döyünür deyirlər. Onlar Qarabağımızın üzərindən qara buludları dağıtmağa hazırdırlar. Tezliklə işğaldan azad ediləcək bu torpaqlarda sülh, əmin-amanlıq bərpa olunacaq.



Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR