Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Oktyabr 2018 09:45

Azərbaycan Ordusu üzrə futbol birinciliyi başa çatdı

Son illər Azərbaycan idmanının tarixində şanlı səhifələr yazılıb. Ötən dövr ərzində Azərbaycanda idman və olimpiya hərəkatının inkişafında da böyük canlanma müşahidə olunub. Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Bütün bunlar Azərbaycanda həyata keçirilən idman siyasəti, həmçinin idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir. Ölkəmizdə idman strukturunun yenidən qurulması, yeni-yeni idman obyektlərinin, Olimpiya idman komplekslərinin inşa edilməsi bu sahənin inkişafı ilə bağlı möhkəm təməl yaradıb. Ölkəmizin bütün bölgələrində, o cümlədən hərbi hissələrində müasir səviyyəli idman infrastrukturu formalaşdırılıb. Bunun bəhrəsidir ki, bir çox beynəlxalq idman yarışları, olimpiyadalar respublikamızda təşkil olunur. İqtisadi, siyasi qüdrətini artıran dövlətimiz idman sahəsində də yeni-yeni uğurlara, qələbələrə imza atır. Ölkə ictimaiyyətinin böyük maraq və diqqət göstərdiyi idman növü olan futbolun inkişafına da xüsusi önəm verilir. Kütləvilik qazanan futbol oyunu hərbçilər tərəfindən də sevilir. Artıq 20 ildir ki, Azərbaycan Ordusunda futbol birinciliyi keçirilir.
"N" hərbi hissəsində keçirilən Azərbaycan Ordusunun futbol birinciliyi hərbi qulluqçuların futbol oyununa böyük maraq və diqqətin təzahürünə çevrildi. Yarış iştirakçıları hərbi hissədə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Ulu Öndərin və şəhidlərin xatirəsi yad edildi.
Yarış hərbi orkestrin müşayiəti ilə müstəqilliyin rəmzi olan Dövlət himninin oxunması ilə başladı. Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin Fiziki Hazırlıq və İdman şöbəsinin rəisi polkovnik Sadiq Paşayev çıxış etdi: "Müstəqillik qazandıqdan sonra ölkəmizdə bütün sahələrlə yanaşı, idmanın da inkişaf etdirilməsinə dövlət rəhbərliyi tərəfindən əvəzsiz diqqət və qayğı göstərilir. Ulu Öndər tərəfindən əsası qoyulan idmanın inkişaf strategiyası onun layiqli davamçısı, respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə iqtisadi-siyasi, hərbi sahələrdə böyük uğurlar qazanıldığı kimi, idman sahəsində də yüksək inkişafa, tərəqqiyə nail olunmuşdur. Qürurla demək olar ki, ordu idmançıları da döyüş hazırlığında, təlim mərkəzlərində göstərdikləri rəşadətləri, mətinliyi, çevikliyi yüksək bacarıqla təkcə Azərbaycan Ordusunda keçirilən yarışlarda deyil, beynəlxalq yarışlarda da nümayiş etdirirlər".
"İdman oyunları vasitəsilə əsgərlərin vətənpərvərlik ruhunda formalaşdırılması zabit-əsgər münasibətlərinə mühüm təsir göstərir. Zabitin vətənpərvərlik tərbiyəsinə daha yaxşı bələd olması, idman oyunlarının keçirilməsi zamanı əsgərlərə səmimi münasibət göstərməsi vacibdir. Bu cür münasibət əsgərlərdə böyüklərə hörmət, tələbkarlıq prinsipinə əməl etmək, obyektiv olmaq, ləyaqət və humanizm kimi əxlaqi keyfiyyətləri uca tutmaq vərdişləri yaradır.
İdman oyunlarında mənəvi keyfiyyətlər çoxdur. Onlar zabitin xarakterində özünə möhkəm yer tapmalıdır ki, o, bu keyfiyyətləri əsgərlərinə aşılaya bilsin. İdman oyunlarında nizam-intizama aid elə tələblər vardır ki, bunları oyunda iştirak edən hər kəs başa düşməli və ona sözsüz əməl etməlidir. Belə oyunların mahiyyəti yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərinə yiyələnmək, fiziki cəhətdən sağlam olmaqdır. Bu qaydalar orduda xüsusilə özünü göstərir. Bu amil zabitdən yüksək nəzəri hazırlıq, hər bir oyunun məzmununa dərindən bələd olmağı tələb edir. Zabit bilməlidir ki, təşkil etdiyi idman oyunu əsgərlərə hansı əxlaqi keyfiyyətləri aşılayacaq və oyunun hansı hissəsi fiziki tərbiyə ilə bilavasitə bağlıdır. Buna görə də zabit oyunun keçirilməsinə hazırlaşarkən, ilk növbədə, onun məzmununu diqqət mərkəzində saxlamalı, oyunun şəxsi heyətin tərbiyəsinə necə təsir göstərəcəyini qabaqcadan müəyyənləşdirməlidir", - deyə polkovnik Sadiq Paşayev əlavə etdi.
Polkovnik-leytenant Rasim Manafov isə qeyd etdi ki, orduda xidmət edən hərbi qulluqçuların sağlam olması vacib şərtlərdən biridir. “Ona görə də rəhbərlik tərəfindən Azərbaycan Ordusunda bu istiqamətdə kifayət qədər təqdirəlayiq işlər görülüb. Azərbaycan Ordusunun hərbi hissələrində yaradılan müasir idman qurğuları şəxsi heyətimizin sağlamlığına xidmət edir. Ordunun şəxsi heyəti fiziki cəhətdən sağlam olmaqla Vətənimizin etibarlı qoruyucularına çevrilir.
İdmanın elə bir yaş dövrü var ki, o bilavasitə ordu ilə bağlıdır. İdmanın əhəmiyyəti orduda çox böyükdür. Necə deyərlər, bu, fiziki sağlamlıqdır, uğur əldə etməyə,  yeni-yeni qələbələr qazanmağa stimuldur. Son illər rəhbərliyin şəxsi heyətə göstərdiyi diqqətin əhəmiyyətli dərəcədə artması əsgərlərdə vətənpərvərlik hisslərinin daha da güclənməsinə təsir göstərir. Bu gün Azərbaycan Ordusunun  düşmənlə təmas xəttində yerləşən bölmələri çoxdur. Əsgərlərimizin əlbəyaxa döyüşə atılması nəzərə alınaraq şəxsi heyətimizin sağlamlığı və fiziki hazırlığına nəzarət edilir. Bu məqamda əsgərin fiziki hazırlığı əhəmiyyətli rol oynayır.
Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planının əsas tərkib hissələrindən biri də fiziki hazırlıqdır. Şəxsi heyətin fiziki vərdişlərinin artırılması üçün vacib idman növləri üzrə Azərbaycan Ordusunda birinciliklərin keçirilməsi artıq neçə illərdir ənənəyə çevrililb. Bu qəbildən olan futbol yarışı da şəxsi heyətin fiziki vərdişlərinin möhkəmlənməsinə xidmət edir. İnanıram ki, altı gün davam edəcək futbol birinciliyi hərbi qulluqçuların əsl idman mübarizəsi şəraitində keçəcək". Birincilik iştirakçılarına qələbə və uğurlar arzulayan polkovnik-leytenant Rasim Manafov gələcək illərdə yarışların ölkəmizin bütün ərazilərində keçiriləcəyinə əminliyini ifadə etdi.
Yarışda iştirak edən 13 komanda Azərbaycan Ordusu bütün qoşun növlərini, birlik və hərbi hissələrini təmsil edirdi. Dörd qrupa bölünən komandalardan səkkizi yarışlarda iştirak etmək hüququ qazandı. Bərdə, Beyləqan, Şəmkir, Bakı komandaları birincilikdə daha fəal iştirak etdilər. Finala vəsiqə qazanan Bakı və Şəmkir komandalarının yarışı gərgin mübarizə və dostluq şəraitində keçdi. Bakı komandası qazandığı öncüllüyü axıradək qətiyyətlə qoruyub saxladı. Birinci yerə Bakı, ikinci yerə Şəmkir komandası sahibləndi. Bərdə komandası isə üçüncü yerdə qərarlaşdı. Yarışı AFFA-nın hakimlər komitəsinin üzvləri idarə edirdilər.
Birinciliyin yekununa həsr olunmuş mərasimdə iştirak edən general-mayor Xəqani Cəbrayılov ordu idmançılarını təbrik etdi. Zabit bildirdi ki, Azərbaycan Ordusu bütün sahələrdə olduğu kimi, idman sahəsində də inkişaf etməkdədir. Ordu idmanının inkişafına Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən göstərilən diqqətin bəhrəsidir ki, idmançılarımız keçirilən beynəlxalq yarışlarda da Azərbaycan Ordusunu ləyaqətlə təmsil edirlər. Bütün bunlar göstərir ki, hərbi qulluqçular döyüş, təlim meydanlarında göstərdikləri yüksək məharəti, fiziki hazırlığı, döyüş qabiliyyətini idman yarışlarında da nümayiş etdirməyə qadirdirlər. İnanırıq ki, hərbçilərimiz idman qələbələrini Vətənimizin ərazi bütövlüyü uğrunda savaşda düşmən üzərində qələbələrlə əvəzləyəcək və ərazi bütövlüyümüzü təmin edəcəyik.
Sonda birinciliyin qaliblərinə Müdafiə Nazirliyinin rəhbərliyi adından fəxri fərman və medallar verildi. Yarışın keçici kuboku isə Bakı komandasına təqdim edildi.

Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"

***
Bu günlərdə Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında futbol birinciliyi keçirildi. "Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır" devizi altında təşkil olunan futbol birinciliyində 17 komanda mübarizə apardı. Əlahiddə Ümumqoşun Ordu Komandanlığının təşkil etdiyi və Olimpiya sistemi ilə keçirilən birincilikdə Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının hakimləri oyunları idarə etdilər.
Geniş tamaşaçı kütləsinin alqışları altında izlənilən oyunlar gərgin mübarizə şəraitində keçdi. Hərbi qulluqçuların qələbə uğrunda mübarizə apardığı hər bir oyun qol yağışı ilə yadda qalan oldu. 17 komanda arasından finala yüksələn ən güclü 2 komandanın gərgin mübarizə apardığı görüşdə    5-0 hesabı ilə qələbə qazanan tərəf Daxili Qoşunların "Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının futbol komandası oldu. Hərbi qulluqçuların futbol birinciliyində ikinci yerdə motoatıcılar, üçüncü yerdə isə xüsusi təyinatlılar qərarlaşdı. İlk üçlükdə qərarlaşan komandalar Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən diplom və kuboklarla mükafatlandırıldılar.

Nəriman NƏCƏFOV, "N" hərbi hissəsi