Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Oktyabr 2018 09:44

Şəxsi heyət asudə vaxtını səmərəli keçirir

Cəbhə bölgəsində yerləşən bölmələrimizdə də şəxsi heyətimizin asudə vaxtı yüksək səviyyədə təşkil olunur. Onlar döyüş hazırlıqlarını artırmaq və hərbi vərdişlərə yiyələnməklə yanaşı, asudə vaxtlarını da səmərəli keçirirlər.
"N" hərbi hissəsinin ön xətdə yerləşən bölməsində şəxsi heyətin asudə vaxtının necə keçirilməsi ilə maraqlandıq. Hansı kitabı, qəzeti və jurnalı oxuduqlarını, hansı televiziya verilişlərini izlədiklərini soruşduq. Öyrəndik ki, əsgərlər "Azərbaycan Ordusu" qəzetində daha çox idman və yeni silahlarla bağlı xəbərlərə maraq göstərirlər. Televiziyada hərbi vətənpərvərlik verilişlərinə böyük həvəslə baxırlar...
Leytenat Elşad Mirzəyev söhbətində bildirdi ki, bölməmizdə əsgərlərin asudə vaxtının təşkil olunması üçün hər bir şərait yaradılıb. "Onlar döyüş növbətçiliyindən sonra istirahət vaxtlarında qəzet, jurnal, bədii kitablar, tarixi janrda əsərlər oxuyur və mütaliyələrini artırırlar. Televizorda maraqlı konsert proqramlarını, idman yarışlarını, xüsusilə futbol yarışlarını izləyirlər və hər dəfə sovet dönəmində çəkilmiş Azərbaycan filmlərinə baxmaqdan yorulmurlar. "Yeddi oğul istərəm", "Uzaq sahillərdə", "Ögey ana", "Fəryad" və s. bədii filmlər əsgərlərimizin daha çox izlədiyi filmlərdi."
Tarixi düşmənlərimizin xalqımızın başına gətirdiyi müsibətlərdən söhbət açan gənc zabit onu da vurğuladı ki, erməni cəlladlarının tarixən azərbaycanlılara qarşı törətdikləri soyqırımından, Xocalı faciəsindən mütəmadi olaraq əsgərlərlə söhbətlər aparır, bu barədə şəxsi heyətə ətraflı məlumatlar çatdırır və onları tarixi faciələrimizi, qan yaddaşımızı unutmamağa çağırır. "Əsgərlər əfsanəvi qəhrəman Mübariz İbrahimovun döyüş və həyat yolunu əks etdirən sənədli filmə maraqla baxırlar. Qarabağ müharibəsində torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün və ölkəmizin suverenliyi uğrunda erməni quldurlarına qarşı döyüşmüş qəhrəmanlarımızı özlərinə örnək bilirlər."
Əsgərlər Hikmət Qasımov və İman İmanov hər bir azərbaycanlı gəncin öz Vətənini, dövlətinin tarixini, xalqının keçmişini, milli-mənəvi dəyərlərini öyrənməyə borclu olduqlarını və ata-babalarımızın qəhrəmanlıq ənənələrini yaşatmaqdan ötrü çalışdıqlarını dedilər.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR