Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Oktyabr 2018 09:40

Uğur əldə etməkdə fiziki hazırlıq da əsasdır

Azərbaycan Ordusunda  əsgərlərin hərtərəfli hazırlıqlı olmasında fiziki hazırlığın böyük əhəmiyyəti var. Qaçış, tullanma, qaməti düzgün inkişaf etdirən və s. hərəkətlərin təlimi əsgərlərə sürət, çeviklik, dözümlülük kimi fiziki və psixoloji keyfiyyətlərin tərbiyə olunmasına kömək edir, bu da onları gələcək qələbə ruhlu döyüşlərə hazırlayır. Fiziki hərəkətlərlə müntəzəm məşğul olan əsgərlər möhkəm və sağlam olur, müəyyən bir işi daha tez və keyfiyyətlə yerinə yetirirlər. İdman insanın fiziki gücündə, cəldliyində, reaksiya qabiliyyətində, sağlamlığında olduqca böyük əhəmiyyət kəsb edir. Döyüşdə uğur əldə etmək və qələbəni qazanmaq üçün şəxsi heyətin həm fiziki, həm də psixoloji cəhətdən yüksək səviyyədə olması vacib şərtdir. "N" hərbi hissəsində şəxsi heyətin fiziki hazırlığının yüksək səviyyədə olmasının şahidi olduq.
Hərbi hissənin şəxsi heyəti ilə birlikdə fiziki hazırlıqla məşğul olan gənc zabitimiz baş leytenant Şirxan Əliyevlə həmsöhbət oluruq.
- Ölkə rəhbərliyinin göstərdiyi diqqət və qayğı nəticəsində burada müasir standartlara uyğun formalaşdırılan idman şəhərciyi hərbi qulluqçularımızın idmanın növləri ilə məşğul olmasına  geniş şərait yaradıb, - deyə söhbətə başlayan baş leytenant Şirxan Əliyev idmanın hər bir kəs üçün əhəmiyyətli olduğunu vurğuladı. Həmkarım bildirdi ki, şəxsi heyətin idmana olan marağının artırılması məqsədi ilə yarışlar təşkil olunur: "Həmin yarışlarda fərdi və yaxud komanda şəklində yer qazanan hərbi qulluqçularımız mükafatlarla təltif olunurlar. Döyüşdə uğur əldə etmək üçün hərbi qulluqçuların fiziki hazırlıqları yüksək səviyyədə olmalı, onlar verilən tapşırıqları cəld və vaxtında yerinə yetirməli, müəyyən məsafəni qət etməlidirlər. Burada əsas məqsəd döyüşçünün sağlamlığını, iradəsini, dözümlüyünü yüksəltməkdir. Buna görə də şəxsi heyətlə günün nizam qaydasına uyğun olaraq hər gün fiziki hazırlıq məşğələləri keçirilir".
Baş leytenant Şirxan Əliyevin şəxsi heyətə idmanı vahid komanda şəklində həyata keçirməsi və bir nəfər kimi həyata keçirilən məşğələ məndə xoş təəssürat yaratdı.  "Vətən sənə canım fəda", "Şəhidlər ölməz, Vətən bölünməz", "Hər şey Vətən üçün" şüarları altında reallaşdırılan idman məşğələsi mənim də inamımı bir daha artırdı - bu oğullar Lələtəpədə, Bayraqtəpədə qazanılan uğurları davam etdirəcək, Böyük Qələbəylə tamamlayacaqlar.
Hərbi xidmətə Kürdəmir rayonundan çağırılan əsgər Fəyyaz Piriyev söhbət zamanı bildirdi ki, torpaqlarımız uğrunda canından keçməyə o da hər zaman hazırdı: "Mən və əsgər yoldaşlarımın bir məqsədi var - torpaqlarımızı işğaldan azad etmək. Buna qadirik, dözümlüyük, səbrliyik, iradəliyik, güclüyük. Məqsədimizə çatmaq üçün komandirlərimizin səyi nəticəsində fiziki hazırlığımızı artırmalıyıq. Hər gün daha güclü olmalı, müharibədə ermənilərə qan uddurmalı, ömürlük onların yaddaşlarına həkk etdirməliyik ki, Azərbaycan Ordusu nəyə qadirdir".
Əsgər Orxan Qudlasov bildirdi ki, məktəbdə oxuyanda ermənilərin millətimizə qarşı insanlıqdan kənar hərəkətlərini o da unutmayacaq. "Onların bizim dinc sakinlərimizə verdiyi əzabların, körpələrin, qocaların, hamilə qadınların başlarına gətirdiyi işgəncələrin tarixdə analoqu yoxdur. Torpaqlarımız uğrunda canlarından keçən, şəhid olanların qisasını almaq naminə fiziki cəhətdən güclü olmalı idim və buna görə də idmanla məşğul olmaq qərarına gəldim. Hərbi xidmətə gəlməmişdən əvvəl kikboksinq idman növü ilə məşgul oldum və yüksək nailiyyətlər əldə etdim. Komandirlərimizə minnətdarlığımı bildirirəm ki, bizlərin fiziki cəhətdən möhkəm olması, əsgərlərdə ruh yüksəkliyinin yaradılması, onlara mənəvi-psixoloji cəhətdən dəstək olmaları üçün əllərindən gələni əsirgəmirlər. Taborumuzda tez-tez yarışlar təşkil olunur və həmin yarışlarda mən də iştirak edirəm".
Kiçik çavuş Qadir Davudzadə, əsgərlər  Kamran Əliyarlı və Mahir Cəbrayılov da fiziki hazırlığın şəxsi heyətin formalaşmasında böyük əhəmiyyət kəsb etdiyindən söz açdılar və bildirdilər ki, fiziki hazırlıq sağlamlıqdır, insanda iradəni, dözümü, gücü artırmaq üçün əsas vasitədir. Hər bir insan sağlam olmalıdır. "Necə deyərlər, kim 100 il yaşamırsa, günah özündədir; sağlam bədəndə sağlam ruh olar. Bu kimi deyimlər sübut edir ki, hərbi qulluqçu həm fiziki hazırlıq, həm də döyüş hazırlığı baxımından fərqlənməlidir ki, döyüşdə uğur əldə edə bilsin".


Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR