Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Oktyabr 2018 09:38

Böyük Qələbəyə az qalıb

Azərbaycan Ordusunda komandir və şəxsi heyətlə iş üzrə zabitlərin qarşısında duran başlıca vəzifələrdən biri də əsgərlərə hərbi nizamnamələrin öyrədilməsi, onların tələbləri ilə yaşamaq və xidmət etmək hissini aşılamaqdır. Bu məqsədlə döyüş və ictimai-siyasi hazırlıq məşğələlərindən əlavə, məqsədyönlü təbliğat işləri də aparılır. Əsgərlərdə vəzifə borclarını qüsursuz yerinə yetirmək üçün lazım olan mənəvi-psixoloji və döyüş keyfiyyətlərinin formalaşmasında ictimai-siyasi hazırlıq dərslərinin rolu böyükdür. Bu dərslərdə qrup rəhbərləri hərbi qulluqçulara döyüş növbəsi, qarovul və daxili naryad zamanı nizamnamələrdən irəli gələn nizam-intizamı aşılamaq imkanı qazanırlar.
"N" hərbi hissəsində keçirilən ictimai-siyasi hazırlıq dərsində şəxsi heyətə hərbi nizamnamələrin tələblərinin geniş izah olunduğunun şahidi oluruq. Polkovnik-leytenant Bəxtiyar Əliyev belə dərslərin əhəmiyyətindən söz açaraq bildirdi ki, qrup rəhbərləri əsas diqqətlərini əsgərlərimizin gündəlik naryadda vəzifə borclarını  bilmələrinə, xidmətlərini nizamnamə çərçivəsində təşkil etmələrinə yönəldirlər. “Təsdiq edilmiş plana əsasən, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin və qoşun xidmətinin yaxşılaşdırılması üçün günün, həftənin və ayın yekununda xidmətin təhlili aparılır. Bu zaman aşkar edilmiş nöqsanlar göstərilir, aradan qaldırılması üçün tədbirlər müəyyən edilir və xidmətdə fərqlənən əsgərlərimiz həvəsləndirilirlər. Bununla yanaşı, fərqlənənlər bölmənin aylıq divar qəzetində və döyüş vərəqələrində işıqlandırılır. Bu da əsgərlərimizin mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərir. Tabeliyimizdə xidmət edən hər bir əsgər Ali Baş Komandanımızın döyüş əmrini səbirsizliklə gözləyir. İşğal olunmuş torpaqlarımızdan, şəhidlərimizdən, yurdlarından didərgin düşmüş soydaşlarımızdan danışarkən hər birinin gözlərində qisas qığılcımını görməmək mümkün deyil.”
Zabitlə birgə dərs prosesini izlədikdən sonra qrup rəhbəri kapitan Rəşad Məmmədovla həmsöhbət oluruq. Hərbçi olmaq Rəşadın uşaqlıq arzusu idi. O, 2009-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. "Uşaqlıqdan hərbi mundiri daşımaq ən böyük arzum idi. AAHM-ə qəbul olduğum, hərbi formanı geyindiyim gün heç vaxt yadımdan çıxmaz. Həyatımın ən böyük arzusu reallaşmışdı. Təhsil aldığım müddətdə əsas məqsədim hərbin sirlərinə dərindən yiyələnmək idi. İndi isə çalışıram ki, öyrəndiklərimi əsgərlərimə aşılayım. Böyük Qələbə uğrunda döyüşlər başlayanda yüksək hazırlıqlı əsgərlərimizin sayəsində düşmən qüvvələrini darmadağın edəcəyik".
- Xidmət müddəti ərzində həyata başqa bucaq altından baxmağı öyrəndim, - bu sözləri Qaradağ rayonundan hərbi xidmətə çağırılan əsgər Cəsarət Həsənov dedi. - Hər bir Azərbaycan övladının həyatında hərbi xidmətdə keçən günlərin dəyəri böyükdür. Burada günün nizam qaydasına uyğun olaraq idman etməyi, vaxtlı-vaxtında qidalanmağı, asudə vaxtdan səmərəli istifadə etməyi və ən əsası məşğələlərdə Vətənimizin hərb tarixini öyrənirik. Bütün bunlar döyüşçü kimi formalaşmağımızda və cəmiyyətimizə layiq vətəndaş kimi yetişməyimizdə müstəsna rol oynayır. Çalışırıq ki, yaradılmış şəraitdən səmərəli istifadə edək, döyüş meydanında komandirlərimizin etimadını doğruldaq, xalqımıza Böyük Qələbə sevincini bəxş edək.
Artıq xidmətim sona çatır. Məndən sonra xidmətə gələn silahdaşlarıma ayıq-sayıq olmağı, hərbin sirlərinə dərindən yiyələnməyi, təmkinli olmağı və hərbi formanı daim səliqəli daşımalarını tövsiyə edirəm. Xidmətim ərzində komandirlərimiz diqqət və qayğılarını bizdən əsirgəməyiblər. Elə zabitlərimiz var ki, onlar yaddaşıma əbədi həkk olunublar. Tərxis olunduqdan sonra əlaqə saxlayacağım zabitlərdən biri də leytenant Pərviz Emçiyevdir. O, hər zaman şəxsi heyətlə vətənpərvərlik mövzusunda söhbətlər aparır, işğal altında olan torpaqlarımızın zəngin təbiətindən danışır, Vətən torpaqları uğrunda canından keçən şəhidlərimizdən bizlərə geniş məlumat verir.
- Bu gün fəxr edirəm ki, belə vətənpərvər komandirlərimizlə çiyin-çiyinə xidmət edirəm, - bu sözləri isə Xaçmaz rayonundan hərbi xidmətə çağırılan əsgər Seymur Məmmədov bildirdi.
Əsgərlər Rəcəb Həmidli, Elşən Əliyev, Vüqar Fətullayev və digərləri Vətənin müqəddəs olduğunu, işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda göz qırpmadan canlarından keçməyə hazır olduqlarını bildirdilər. Belə cəsur oğullarımızla tanış olduqca bir daha əmin oluram ki, Böyük Qələbə gününə az qalıb.


Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR