Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Oktyabr 2018 09:23

“Azərbaycan əsgəri işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir”

"N" hərbi hissəsində ezamiyyətdə olduğum zaman mayor Elşən Hüseynova nümunəvi gənc zabit haqqında yazı hazırlamaq istədiyimi bildirdim. Mayor E.Hüseynov tərəddüd etmədən leytenant Pərviz Emçiyevin adını çəkdi. O bildirdi ki, gənc zabitimiz xidmətə təzə başlasa da, ilk günlərdən çalışır ki, xidməti ilə seçilsin, nümunəvi olsun.
Leytenant Pərviz Emçiyev "Vətənimizin hər qarış torpağı bizim üçün müqəddəsdir", - deyə söhbətə başlayır. - Ona heç kim laqeyd qala bilməz. Böyüyüb boya-başa çatdığımız torpaq uğrunda mübarizə aparmaq vətəndaşlıq borcumuzdur. Məhz bu amil vətənpərvərlik deməkdir. Vətənpərvər olmaq sadəcə sözdə deyil, gördüyümüz işdə, çəkdiyimiz zəhmətdə, fəaliyyətimizdə öz əksini tapmalıdır. Vətən sevgisi hər birimizin şəxsi istəklərini, arzularını üstələyir. Bunun üçün xalqımızın, Vətənimizin taleyi hər birimizin taleyinə çevrilməlidir. Uşaq yaşlarımdan düşmənlərimizdən qisas alacağım günün həsrətiylə böyümüşəm. 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə sənədlərimi təqdim etmək istəyimi valideynlərimə bildirdim. Onlar da məni dəstəklədilər. Ən çox sevinən babam oldu, çünki hərbçi olmaq onun da arzusu olub.  Hərb peşəsinə liseydə yiyələnməyə başladım. Məşğələlərdən əlavə, komandirlərimin biliklərindən də bəhrələnməyə çalışırdım.
Həmsöhbətim Heydər Əliyev adına Azərbaycan  Ali Hərbi Məktəbində leytenant hərbi rütbəsinin ona təqdim olunduğu günü heç vaxt unutmayacağını bildirdi: "Ali Hərbi məktəbi bitirdiyim gün məqsədimə doğru gedən yolu artıq yarılamışdım. Əminliklə deyə bilərəm ki, əgər qarşına bir məqsəd qoysan, ona can atsan, mütləq nail olacaqsan. Bizim də yalnız bir amalımız var - işğal olunmuş torpaqlarımızdan erməni qəsbkarlarını qovub çıxartmaq. Bu yolda canımızdan belə keçməyə hazırıq. Çünki bu yol haqq yoludur, bu yol qəhrəmanların yoludur. Milli Qəhrəmanımız Mübariz İbrahimov da bilə-bilə ki, döyüşdən sağ-salamat qayıda bilməyəcək, Vətənimizə olan bağlılığını, sevgisini şəhadətə yüksələrək sübut etdi. O, Azərbaycan əsgərinin gücünü, qüdrətini, mərdliyini bütün dünyaya nümayiş etdirdi. Misilsiz qəhrəmanlıq göstərən igidimizin həyat yolu əsgərlərimizə örnəkdir. Sıralarımızda Mübarizlərin sayının çoxalması üçün əsgərlərimizi düşmənə nifrət və döyüşkən ruhda tərbiyə etməliyik."
Leytenant Pərviz Emçiyev onu da qeyd etdi ki, əsgərlərin döyüş, mənəvi-psixoloji, fiziki hazırlığının artırılmasında zəhmətini əsirgəmir. "Çalışıram ki, əsgərlərim yüksək döyüş hazırlığına malik olsunlar. Ən mürəkkəb şəraitdə döyüş tapşırığını yerinə yetirə bilsinlər. Belə əsgərlərdən biri də Tapdıq Məmmədovdur. Digər əsgər yoldaşları kimi o da öyrədilənləri dərindən mənimsəyir. Şəxsi heyət dərk edir ki, torpaqlarımızı geri qaytarmalıyıq. Gələcək döyüşlərin iştirakçısı olmaq ən böyük arzumdur. Çünki mən qalib ordunun zabiti olmaq istəyirəm. Düşmənlərimiz də bilsinlər ki, Azərbaycan əsgəri işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir".


Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR