Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Oktyabr 2018 09:21

Yolumuzu gözləyən Qarabağımızı geri qaytaracağıq!

Dövlətin müstəqilliyinin qarantı olduğu üçün ölkə rəhbərliyi ordu quruculuğuna xüsusi diqqət və qayğı göstərir. Ordumuzun gücü və imkanları müstəqilliyimizin sarsılmazlığına inamı artırır. Aparılan islahatlar nəticəsində ordumuz ən müasir silah və texnikalarla təchiz olunub. Bütün bunlar qətiyyətlə deməyə imkan verir ki, ordumuz dünyanın ən güclü orduları sırasındadır. Yuxarı komandanlığın qarşımıza qoyduğu məqsədlərdən biri də hərbçilərimizin əhval-ruhiyyəsinin yüksəldilməsi, mənəvi-psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisas hazırlığının təkmilləşdirilməsi və daim döyüşə hazır olmasıdır. Əsgərlərimizin döyüş qabiliyyətinin artırılması üçün mütəmadi olaraq nəzəri və praktiki məşğələlər keçirilir.
Ezamiyyətdə olduğumuz hərbi hissədə əsgərlərimizin dərs prosesini izləmək imkanı qazanırıq. Hərbi hissənin zabiti polkovnik-leytenant Rauf Şirinov bildirdi ki, Vətəni müdafiə etmək hər bir vətəndaşın borcudur. "Bu gün ordu sıralarında xidmət edən əsgərlərimiz üzərlərinə düşən məsuliyyəti dərk edərək Vətənimizə layiqincə xidmət edirlər. Komandir heyəti də bu yolda onlardan köməklərini əsirgəmir, dövlətimizə layiqli vətəndaş kimi formalaşmalarına səy göstərir. Xalqımızın sülh, əmin-amanlıq şəraitində yaşaması üçün əsgərlərimizin döyüş hazırlığına xüsusi diqqət yetirilir. Tədris dövründə əsgərlərimizə taktiki, atəş, ixtisas hazırlığından dərslər keçirilir. Onların döyüş şəraitinə uyğunlaşmaları üçün praktiki məşğələlərin keçirilməsinə üstünlük verilir. Hərbçi kimi deyə bilərəm ki, ordumuzun qüdrətinə, döyüş bacarığına heç bir şübhə ola bilməz. Aprel döyüşləri və Günnüt zəfəri dünyaya bir daha sübut etdi ki, əsgərlərimizin döyüş ruhu olduqca yüksək səviyyədədir. İnanıram ki, tez bir zamanda xalqımıza Böyük Qələbənin sevincini  yaşadacağıq!".
Leytenant Böyükağa Qənbərov isə qeyd etdi ki, şəxsi heyətimiz hər an Vətənimizi düşmənin təxribatlarından qorumağa, onların atəş nöqtələrini və hərbi texnikalarını məhv etməyə hazırdır: "Döyüş meydanında artilleriyanın rolu danılmazdır. Bu gün ordumuzun arsenalına ən yeni artilleriya silahları daxil edilib. Ancaq döyüşün gedişini texnika yox, şəxsi heyətin döyüş hazırlığı həll edir. Bunun üçün mütəmadi olaraq əsgərlərimizin döyüş hazırlığının artırılmasına diqqət yetiririk. Taqım komandiri olaraq tədris müəssisəsində mənimsədiklərimi əsgərlərimə öyrədirəm. Onlar da öz növbəsində dərslərdə fəal iştirak edir, hərbin sirlərinə dərindən yiyələnirlər".
Top komandiri əsgər Elməddin Mehdiyev söhbətimizə qoşularaq Azərbaycan Ordusunda xidməti ilə fəxr etdiyini bildirdi. "Komandirlərimizin bizlərə göstərdiyi diqqət və qayğı göz qabağındadır. Belə vətənpərvər komandirlərlə çiyin-çiyinə torpaqlarımızı yağılardan qoruduğumdan qürur duyuram. Asudə vaxtlarımızın səmərəli keçməsində onların əməyi böyükdür. Kitab, qəzet, jurnal oxuyur, müxtəlif növ maarifləndirici yarışlar keçiririk. Həmçinin ermənilərin işğal altında olan torpaqlarımızdan, yurd-yuvalarından didərgin düşən həmvətənlərimizdən danışırıq. Onların Vətən həsrətinə son qoyacağımız günü səbirsizliklə gözləyirik. Həyatda bir arzum var: Şuşada Daşaltı dərəsində gəzim, Çətir şəlaləsinin gözəlliyinə tamaşa edim".
- Xidmətə başlamazdan əvvəl çox həyəcanlı idim, - deyə əsgər Orxan Muradov söhbətə başladı. - Düşünürdüm ki, hərbi vərdişləri öyrənməkdə çətinlik çəkəcəm. Peşəkar komandirlərimizin kömək və dəstəyi ilə hərbin sirlərinə dərindən yiyələndim. Mütəmadi olaraq döyüş, fiziki, mənəvi-psixoloji hazırlıqdan dərslər keçirik. Bu yolda bir amalımız var - Ali Baş Komandanımızın döyüş əmri ilə illərdir xalqımızın yolunu gözləyən Qarabağımızı azad etmək.
Əsgərlər Ramazan Baloğlanov, Gündüz Qurbanov, Sadiq Murtuzəliyev, Nicat Baxşəliyev və Dilqəm İsmayılov bildirdilər ki, əsas məqsədləri hərbi biliklərinin artırılmasıdır. Mütəmadi olaraq keçirilən nəzəri məşğələlərin praktiki mənimsənilməsi üçün məşğələlər, təlimlər keçirilir. Bunun nəticəsidir ki, Azərbaycan əsgəri hər an düşmənin təxribatlarına layiqli cavab verərək, onları geri oturtmağa hazırdır! Əsgərlərimizlə həmsöhbət olduqdan sonra bir daha əmin oldum ki, tez bir zamanda Ali Baş Komandanımızın döyüş əmri ilə o gözəl yerləri geri qaytaracağıq!


Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR