Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Oktyabr 2018 09:19

Əlahiddə Ümumqoşun Orduda təşkil edilmiş ixtisas hazırlığı kursları başa çatdı

Bu ilin iyul ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlər Əlahiddə Ümumqoşun Orduda təşkil edilmiş ixtisas hazırlığı kurslarını uğurla başa vurdular.
Kurslar zamanı siniflərdə nəzəri cəhətdən, Təlim-Tədris Mərkəzindəki trenajorlarda isə virtual olaraq mənimsənilən vərdişlər poliqonlarda keçirilən praktiki məşğələlərdə və təlim-atış çalışmalarında daha da təkmilləşdirildi.
İxtisas hazırlığı kurslarının uğurla başa çatması münasibətilə Əlahiddə Ümumqoşun Orduda tədbir keçirildi.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Çıxış edən zabitlər, əsgərlər və valideynlər kurslarda fəallıq göstərərək yenilməz döyüşçü keyfiyyətlərinə yiyələnən gənclərə xidmətlərində uğurlar arzuladılar.
Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırıldı. Bildirildi ki, bu ilin may ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi, Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli ərazilər ələ keçirilib. Dövlət qayğısını hər zaman üzərində hiss edərək kurslarda peşəkar döyüşçü kimi yetişən hərbçilərimizin qətiyyəti sayəsində hərb tariximizə qızıl hərflərlə yazılan "Günnüt əməliyyatı" uğurla nəticələnib. İnanırıq ki, hər bir əsgər kurslarda qazandığı biliklərlə bundan sonra da Vətənimizin müdafiəsində ayıq-sayıq dayanacaq, xalq-ordu birliyindən ruhlanaraq nümunəvi xidməti ilə valideynlərinə başucalığı gətirəcək.
Tədbirdə ixtisas hazırlığı kursunu başa vurmuş əsgərlər fiziki hazırlıq üzrə silahsız və silahlı çalışmalar kompleksini, müxtəlif atıcı silahların gözü bağlı vəziyyətdə natamam sökülüb-yığılmasını, minaatan qurğuların “döyüş” və “səfər” vəziyyətinə gətirilməsini, mina sahəsinin qurulmasını və keçidlərin açılmasını, rabitə vasitələri ilə fəaliyyət göstərilməsini praktiki yerinə yetirdilər.
Ən yaxşı tabor, bölük və taqım adına layiq görülən bölmələrə keçici bayraqlar təqdim edildi və nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırıldılar.
Bölmələrin tribuna önündən təntənəli keçidindən sonra "Əsgər marşı" ifa edildi.
Sonra iyul ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış və ixtisas hazırlığı kurslarını uğurla bitirmiş əsgərlər növbəti xidmət yerlərinə yola salındılar.


Nəriman NƏCƏFOV, "N" hərbi hissəsi,
foto əsgər Turqut KƏRİMZADƏNİNDİR