Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Oktyabr 2018 09:15

“Amalımız Vətəni qorumaqdır”

Azərbaycan hər zaman igid oğulları ilə fərqlənən məmləkət olub və bu proses günümüzədək davam edir. Tarixə nəzər salsaq görərik ki, sərkərdələrimiz Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda hər zaman mübarizə aparıblar. Uzaq tarixdə Babək, Cavanşir, Xətai, müasir dönəmdə Mübariz, Fərid, Raquf, Urfan və adlarını çəkmədiyim yüzlərlə qəhrəmanlarımız, mərd oğullarımız öz canları bahasına da olsa, Vətəni düşmən hücumundan müdafiə edib, torpaqlarımızın bütövlüyü uğrunda qanını əsirgəməyib, sonadək mübarizə aparıblar.
"Tarixi qəhrəmanlar yazır" deyirlər. Qəhrəman ata-babalarımızın yazdığı salnamə bu gün hər birimiz üçün vətənpərvərlik nümunəsidir. Bu torpağın yetişdirdiyi mərd oğullar Vətənə xidməti özünə şərəf borcu bilərək döyüşlərə girib, düşmənin cavabını artıqlamasıyla veriblər. Üzərində yaşadığımız, boya-başa çatdığımız torpaq ata-babalarımızın bizə əmanətidir. Vətənini sevən hər bir kəsin üzərinə düşən mühüm vəzifə bu torpaqları göz bəbəyi kimi qorumaqdır. Bu gün düşmənlə təmas xəttində xidmət edən vətənpərvər oğullarımız da ərazi bütövlüyümüz uğrunda gecə-gündüz ayıq-sayıq xidmət edirlər. Havanın isti və soyuq, relyef şəraitinin dağ-dərə, düzəngah olmasından asılı olmayaraq onların yeganə müqəddəs amalı şərəflə xidməti borclarını yerinə yetirməkdir. Bizlər bu məmləkətdə rahat yaşayırıqsa, buna görə ön xətdə xidmət edən oğullarımıza borcluyuq. Bu gün hər birimiz böyük güvən hissi ilə - torpaqlarımızın müdafiəsi əmin əllərdədir, - deyirik.
2016-cı ilin aprel döyüşlərində xüsusi rəşadət göstərmiş hərbi hissələrdən birində olduğumuz zaman gördüklərimiz bir daha təsdiqlədi ki, torpaqlarımızın müdafiəsi əmin əllərdədir.
Məsul zabitlərdən biri mayor Orxan Nəsirovun müşayiəti ilə təmas xəttinə, Vətənin keşiyində duran oğullarımızla görüşə gedirik. Yolboyu ərazilərlə bizi tanış edən zabit, bu yerlərin Vətənə qazandırdığı qəhrəman oğullardan bəhs edir. "Gördüyünüz bu ərazilər vaxti ilə müharibənin qızğın nöqtələri olub. Bu torpaqdan neçə-neçə qəhrəman oğullar çıxıb. Horadiz əməliyyatı Azərbaycan Ordusunun tarixi qələbəsinin əsasını qoyan qələbə oldu. Bundan da böyük qələbələrin şahidi olacağıq. Tarixən məmləkətimiz qəhrəmanlar oylağı olub. Bu gün burada düşmənlə təmas xəttində xidmət edən əsgərlərimiz həmin vətənpərvər oğullarımızın varisləridir. Adını tarixə yazmış qəhrəman oğullarımızı özlərinə örnək bilən şəxsi heyətin döyüş ruhu həmişə yüksəkdir".
Ön xətdə tanış olduğumuz, 2003-cü ildən ordu sıralarında xidmətdə olan mayor Həşim Həşimov bu peşəni seçməsində əsas rol oynayan amillərdən söz açır. "Babam İkinci Dünya müharibəsində iştirak edib. 416-cı Taqanroq milli atıcı diviziyanın tərkibində döyüşən babam Həşim Həşimov polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Onun yolunu davam etdirməyin və adını yaşatmağın həvəsi idi ki, hərbçi olmağı qarşıma məqsəd qoydum. Artıq 15 ildir ki, Azərbaycan Ordusunun zabitiyəm. Dünyanın aparıcı orduları sırasında qərarlaşan ordunun ön xətdə xidmət edən zabiti adını daşımaq mənim fəxarət hissimi daha da artırır. Vətəninə, millətinə bağlı olan hər bir şəxsin amalı - torpaqlarını tezliklə işğaldan azad etmək, vəzifəsi isə - o müqəddəs torpaqları müdafiə etməkdən ibarətdir. Vətəninə layiqli şəxs olmaq - layiqli ailə başçısı, layiqli ata, layiqli vətəndaş olmaq deməkdir".
Şəxsi heyətin döyüş hazırlığından bəhs edən mayor Həşim Həşimov postda dayanan əsgərlərin ayıq-sayıq xidmət etməsindən də söz açır. "Postda düşmən təxribatlarının, atəşkəsin pozulması hallarının qarşısının vaxtında alınmasında döyüş hazırlığı əsas rol oynayır. Bölməmizin zabitləri tərəfindən şəxsi heyətin hərbi vərdişlərinin artırılmasına və əsl döyüşçü kimi formalaşmasına yönəlik təlimlər həyata keçirilir. Döyüş hazırlığından əlavə, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti də diqqətdə saxlanılır. Tez-tez tərbiyəvi xarakter daşıyan mədəni-kütləvi tədbirlər təşkil edilir. İctimai-siyasi hazırlıq dərsləri şəxsi heyətin dünyagörüşünün artırılmasında, mənəvi-psixoloji cəhətdən formalaşmasında mühüm rol oynayır".
Postda istər zabitlər, istərsə də şəxsi heyət tərəfindən sevilən, işində məsuliyyətli olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Ramin Sadıqovla tanış oluruq. Söhbət zamanı Ramin şəxsi heyətin vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasından danışır. "Ön xətt Vətəninə canı ilə, qanı ilə bağlı olanların yeridir. Bölməmizin şəxsi heyəti postlarda ayıq-sayıq xidmət aparır. Düşmənin atəşkəsi pozmaq cəhdinin qarşısı bölmələrimiz tərəfindən vaxtında alınır. Azərbaycan Ordusunun əsgəri düşmənin xalqımıza qarşı vəhşiliklərini, insanlığa sığmayacaq qəddarlıqla törədilən cinayətlərini heç bir zaman bağışlamayacaq. Hər birimiz Ali Baş Komandanımızın əmrinə hazırıq və düşməndən qisas alacağımız günü səbirsizliklə gözləyirik."
Əsgər Abid Əliyev hərbi xidmətə Bərdə rayonundan çağırılıb. Abid bildirir ki, əmisi Qarabağ müharibəsində iştirak edib. "Vətənimi düşmənlə təmas xəttində yerləşən səngərlərdə müdafiə etmək mənim üçün şərəfdir. Əmim də Qarabağ döyüşlərində düşmənə qarşı bu yerlərdə vuruşub. Onun hərbi xidmətə gəldiyim gün mənə dediyi söz hələ də xatirimdədir. “Qoynunda böyüyüb boya-başa çatdığın Vətəni Anan qədər müqəddəs bil və onu qoru!” Burada keçirdiyim hər gün Vətən anlayışını daha dərindən dərk edir, müdafiəsi üçün yeri gəlsə canımı və qanımı əsirgəməməyi özümə borc bilirəm".
Əsgər Azər Cəfərli isə hərbi xidmətini aprel döyüşlərində düşmənin cavabını layiqincə verən bölmənin əsgəri kimi davam etdirməyin qürurundan danışır. "Aprel döyüşlərini televiziyadan izləyirdim və əsgər olacağım günün həsrətindəydim. Uca Tanrının mənə hədiyyəsidir ki, xidmətimi məhz aprel döyüşlərində tarixi ərazilərimizin bir qismini işğaldan azad edən hərbi hissənin əsgəri kimi davam etdirirəm. Mən və silahdaşlarım işğal altında olan digər ərazilərimizin azad olunmasında iştirak etmək arzusundayıq". Həmsöhbətim, həmçinin gözəl avazı ilə də seçilir. Bizim və şəxsi heyətin istəyini yerə salmayan Azər hər birimizin dilinin əzbəri olan (musiqisi və sözləri Bəhram Nəsibova aid olan) "Anadır arzulara hər zaman Qarabağ" mahnısını ifa edərək könlümüzü oxşadı.
Əslən Quba rayonundan olan əsgər Sultan Qurbanov bildirir ki, hərbi xidmətdə insan istər fiziki, istərsə də mənəvi-psixoloji cəhətdən möhkəmlənir, əsl döyüşçü kimi yetişir. "Komandirlərimiz tərəfindən bizə keçirilən dərsləri dərindən mənimsəyir, bütün tapşırıqları operativ və dəqiq yerinə yetirmək iqtidarında olan Vətən müdafiəçisi kimi formalaşırıq. Döyüş növbətçiliyinə çıxarkən düşmənin yerləşdiyi mövqelərə baxıb fikirləşirəm ki, bu ərazilərin geri qayıdacağı gün uzaq deyil. Tək arzum odur ki, torpaqlarımızın işğaldan azad olunacağı döyüşdə mən də iştirak edim. Hər birimiz silah əlimizdə düşmənin cavabını verməyə hazırıq. Fərqli bölgələrdən gəlsək də, amalımız birdir - Vətənimizi müdafiə etmək".
Digər əsgərlər Ruslan Əzimov, Ceyhun Məmmədov, Elçin Məhəmmədov Vətəni azad görməyin həsrəti ilə yaşadıqlarını bildirdilər. Qeyd etdilər ki, Ali Baş Komandanın əmrini gözləyirik...

Fuad CƏFƏROV,  "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR