Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Sentyabr 2018 10:30

Türk ruhunun bayramı

2018-ci il sentyabrın 15-də Bakıda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin  birgə keçirdiyi hərbi parad analoqu olmayan tarixi bir  parad idi. Hər iki ölkənin prezidentləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan başda olmaqla iki yenilməz Ordu sanki birləşib bir Ordu olmuşdu.
Azərbaycan Cümhuriyyətinin 100  illiyi münasibətilə keçirilən paradda hamı 100 il əvvəldə olduğu kimi, 100 il sonra da türkün türkə necə yaxın olduğunu görürdü.
Azadlıq meydanından keçən türklərin ordusu daha çox ruhun Ordusuydu! Tarixlər boyu ən böyük ordu ruhumuz olub, ruhumuzun ordusu olub.
Azərbaycan televiziyası vasitəsilə izlədiyim bu hərbi paradı seyr etdikcə qürur duydum, gördüm ki, bu Ordu tarixi yaşadan bir Ordudur. Tarixdə yaşamağa qadir bir Ordudur. Tarixə (tarixlərə) yaraşan bir ordudur. Bu Ordu iki ölkənin bir Ordusudur. "Bir millətin - iki dövlətin" (H.Əliyev) azadlıq carçısıdır. Bu tarixi paradı izlədikcə düşündüm ki, Atatürk də necə doğru deyibmiş: "Nə mutlu, türkəm deyənə!"
Bu Ordu (ordular!) 1918- ci il sentyabrın 15-də birlikdə Bakıya daxil olub  şəhəri erməni-bolşevik işğalçı qüvvələrindən təmizləyəndə də beləydi - yəni bir yerdə idilər.
Bu gün 100 il sonra da beləydilər. Yenə də Bakının küçələrindən birgə keçirdilər. Azadlıq meydanını Türk Ruhunun səsi-sədası bürümüşdü. Bu səsin-sədanın içindəki "İşıq," "Gələcək", "Qələbə" sözləri (nidaları) aydın seçilirdi. Sanki qeybdən - göylərin dərinliklərindən bu misralar səslənirdi:
Səndə yaşar ruhlar, səndə,
Ruh verdikcə ruhlan sən də!
Ruh içində ruh var səndə,
İçimdəki türk ruhu, coş,
Yer üzünün tək ruhu, coş!

...Türk adı - Kəbə evi,
Türkə salavat çevir.
Allah türkü çox sevir,
Sən də sev, Allahın olun,
Türksən, türkə yaxın ol!

Türk ruhunu belə coşdurarlar, bax!
Türkə belə yaxın olarlar, bax! Hər zaman, hər dəqiqə, hər saniyə!
Bu hərbi paradda helikopterlərin ard-arda səmada daşıyıb yelləndirdikləri hər iki ölkənin bayrağı o anda elə bil bütün türk dövlətlərinin, bütün dünyanın başı üzərində, bütün mavi göylərdə dalğalanırdı.
Bir vaxtlar İstiqlal şairimiz Əhməd Cavad "Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına" deyib az qala himnə çevrilmiş bir mahnının sözlərinə yazırdı. İndi sağ olsaydı deyərdi: "Çırpınırdı mavi Xəzər (bütün dənizlər, okeanlar!) baxıb türkün bayrağına!".

100 il əvvəl olduğu kimi, Nuru paşa və Milli Ordumuzun əsgərləri  Azadlıq meydanında at üstə - murad üstəydilər. At ayaqlarından qopan, ən müasir texnikalardan gələn, hərbi qüvvələrin zabit və əsgərlərinin ayaq səslərinə qarışmış səslər də (sözlər də!) apaydın eşidilirdi.
Doğrudan da, Azadlıq meydanından keçən sadəcə bir Ordu deyildi!
Bu Ordu deyirdi:
- Mən Cənubi Qafqazda, yaxın Şərqdə, Suriyada, İraqda, eləcə də dünyanın ən ağrılı, ən qaynar nöqtələrində azadlığın, sülhün keşiyini çəkmək üçün yaradılmışam.
Mən o gün, həqiqətən, sadəcə bir paradı seyr eləmədim. Bu, sülhə çağırışdı, işğalçılara, nankor qonşularımıza, özgə torpaqlara göz dikənlərə anladılan tarixi bir dərsdi.
Bu parad göstərdi ki, istər Azərbaycan, istərsə də Türkiyənin ordusu bizi qələbələrə aparan ən müasir texnikaya malikdi, hər iki Ordu dünyanın ən böyük, ən güclü xilaskar orduları sırasındadır. Belə bir Orduyla həm əcdadlarımızın ruhu öyünə bilər, həm də biz öyünə bilərik.
Bu parad Azərbaycan-Türkiyə birliyinin nümayişiydi.
Alovlu şair-publisist, vətənpərvər hərbçi, Əməkdar İncəsənət xadimi Abdulla Qurbaninin Levitansayağı aparıcılığıyla keçirilən bu möhtəşəm hərbi parad təkcə bizə yox, bütün türk dünyasına qürurverici anlar, unudulmaz tarixi dəqiqələr yaşatdı. Tezliklə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına, Türkiyənin gizli və aşikar düşmənlərinin məhv olacağına bir daha inandıq.
Azərbaycan və Türkiyə prezidentlərinin çıxışları, verdikləri tarixi mesajlar bu inamımızı yetərincə möhkəmləndirdi.
Paradda Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin göy üzündə birlikdə ürək şəkli cızmaları ürəyimizi riqqətə gətirdi. Bu zaman aparıcının səsləndirdiyi sözlər bütün dünyada hər iki xalqın amalının, məramının göstəricisi oldu.
"Yaşasın, Azərbaycan-Türkiyə!
Yaşasın, bir ürəkdə iki can,
Türkiyə-Azərbaycan!".
Birliyimizə, yenilməzliyimizə, məğlubedilməzliyimizə  bundan gözəl misal ola bilməz. Və birliyə, yenilməzliyə, məğlubedilməzliyə bundan da gözəl örnək tapmaq olmaz!
               
Barat VÜSAL, Azərbaycan Yazıçılar BirliyiQazax filialının sədri,
əməkdar incəsənət xadimi