Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Sentyabr 2018 10:30

“Bacarıqlı zabit olacam”

Ordu dövlətin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq, dövlət quruculuğunun tərkib hissələrindən biridir. Hər bir dövlət öz ordusunu güclü etmək üçün müasir silahlar, texnikalar alaraq şəxsi heyətin istifadəsinə verir. Yaxşı bilirik ki, dövlət siyasəti ilə, torpaq sərvəti ilə, ordu isə zabit, gizir, əsgər heyətinin yüksək peşəkarlığı ilə fərqlənir. Müasir texnikanı idarə edən əsgər olsa da, onun yetişməsində zabit heyətinin rolu danılmazdır. Zabitlər isə bilik və bacarığı təhsil aldığı hərbi müəssisələrdə mənimsəyirlər. Bu gün ordumuzda xidmət edən zabitlərin əksəriyyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarıdır. Hər il yüzlərlə gənc bu məktəbi bitirərək ordu sıralarına xidmətə yollanır.
16 sentyabr... Bu gün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tarixinə qızıl hərflərlə yazıldı və yeni gənc nəsil Hərbi andı qəbul edərək gələcəkdə Vətəninə və xalqına şərəflə xidmət edən zabitlər olacaqlarına söz verdilər.
Səhərin erkən saatları olsa da, məktəbin nəzarət-buraxılış məntəqəsinin qarşısında insan izdihamı müşayiət olunur. Azərbaycanın müxtəlif bölgələrindən gələn valideynlərin bu gün bura yığışmağında bir məqsəd var - illərdir böyüdüb boya-başa çatdırdıqları övladlarının ən gözəl, sevincli gününə şərik olmaq.
Mərasimdən əvvəl hər kəs stadionun ətrafına toplaşır. Gələcəyin zabitləri and içir, valideynlər isə Hərbi andı qəbul edən övladlarını alqışlayır, gözlərindən axan sevinc gözyaşlarını da gizlədə bilmirlər. Tədbir başa çatdıqdan sonra övladını qucaqlayaraq sevinən anaları, oğlunun alnından öpərək "Səninlə fəxr edirəm" deyən ataları, nəvəsinin əllərindən öpərək sevinc göz yaşı axıdan nənələri, kursantın ətrafına toplaşaraq şəkil çəkdirən dostları gördükcə insan qürurlanır. Bu mənzərə azərbaycançılığımızın bir nişanəsidir.
Kursantların valideynləri ilə həmsöhbət oluruq. Naxçıvan şəhərindən oğlu Sabir Yaqubovun bu gözəl gününü bölüşmək üçün gələn Ramazan Yaqubov təkcə övladı ilə deyil, bütünlükdə Azərbaycan gəncliyi ilə fəxr etdiyini dilə gətirdi. "Bu gənclərin hər biri bizim övladımız, doğmamızdır. Çünki onlar gələcəkdə Azərbaycan xalqını qoruyacaqlar. Torpaqlarımızın azadlığı uğrunda hər biri sinəsini sipər edəcək. Sevindirici haldır ki, hərbçi olmaq istəyən gənclərimiz çoxdur. Mən bütün valideynləri bu gözəl gün münasibətilə təbrik edirəm. Qoy onlar öz övladları ilə fəxr etsinlər. Unutmasınlar ki, bizim güclü ordumuz var. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında bu ordu işğalda olan hər qarış torpağımızı azad edəcək. Gün gələcək biz övladlarımızın qələbə sevincinə şərik olmaq üçün Qarabağa yola düşəcəyik. Bax, onda indi gördüyümüz qələbəliyin əllərində üçrəngli bayrağımız, dillərində isə "Yaşasın, Azərbaycan Ordusu" kəlmələri olacaq".
Öyrənirəm ki, kursantın dayısı da hərbçidir. Hərbi Hava Qüvvələrinin "N" hərbi hissəsində xidmət edən, mavi səmaların mühafizəçilərindən olan kapitan Əli Zamanov bacısı oğlunun hərbçi olmasından son dərəcə məmnun olduğunu, ordumuzla fəxr etdiyini bildirdi. "Hərbçi peşəsi çətindir, amma bir o qədər də şərəflidir. Çünki hərbçi təkcə öz mənafeyi üçün yox, millətin, dövlətin mənafeyi üçün çalışır. Əgər xalqımız bu gün xoşbəxtdirsə, onda orduda xidmət edənlər də xoşbəxt olacaq. Xalqımız da daim ordumuz üçün əlindən gələni edir. Biz bu ordunun zabiti, bu dövlətin vətəndaşı olduğumuz üçün fəxr edirik. İnanıram ki, Sabir və Hərbi andı qəbul edən digər silahdaşları da gələcəkdə bu prinsiplə xidmət edəcəklər. Arzu edirəm ki, məktəbi yüksək nailiyyətlərlə bitirib xidmətə yollansınlar və Ali Baş Komandanımızın hər bir əmrinə hazır olsunlar".
Dostu Rauf İmanov da ona gələcək hərbi həyatında uğurlar arzuladı.
Kursant Sabir Yaqubov hər zaman Vətəni üçün əlindən gələni əsirgəməyəcəyini qeyd etdi: "Mən atama, dayıma, dostlarıma, həmçinin xalqıma söz verirəm ki, təhsil aldığım dövrdə dərslərimdə diqqətli olacam. Zabitlərimizin, müəllimlərimizin bizə öyrətdiyi hər mövzunu dərindən mənimsəyəcəm. Gələcəyin bacarıqlı zabiti olmaq üçün öz üzərimdə daim çalışacam. Hər zaman Vətənim, xalqım üçün xidmət edəcəm. Torpaqlarımızın azadlığı uğrunda apardığımız mübarizədə canımı belə əsirgəməyəcəm. Bayrağımızın zirvələrdə dalğalanması üçün əlimdən gələni edəcəm. İstər bu günün kursantı kimi, istərsə də gələcəyin zabiti kimi istənilən an Ali Baş Komandanımızın əmri ilə döyüşlərə girməyə hazıram."


Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu"