Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Sentyabr 2018 10:30

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Müstəqillik tariximiz. Azərbaycan Respublikası dövlətlərarası münasibətlər sistemində.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti haqqında tarixi materiallardan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.

Suallar:
1. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət.
2. Azərbaycanın öz müstəqilliyini elan etməsi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət quruculuğu.
3. Azərbaycan Respublikası dövlətlərarası münasibətlər sistemində.

 Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət

Azərbaycan müstəqilliyini elan etməsi ərəfəsində Rusiya imperiyasının tərkibində idi. Rusiyanın 1914-cü ildə Birinci Dünya müharibəsinə qoşulması nəticəsində ölkədə yaranan ağır iqtisadi vəziyyətdən, cəbhədəki uğursuzluqlardan məharətlə istifadə edən bolşeviklər xalq kütlələrini çar hakimiyyəti əleyhinə qaldırmağa müvəffəq oldular. 1917-ci il fevralın 27-də Rusiyada baş verən çevriliş nəticəsində çar II Nikolay taxt-tacdan əl çəkməyə məcbur oldu. Rusiyada hakimiyyət Müvəqqəti Hökumətin əlinə keçdi. 1917-ci il martın 9-da Müvəqqəti Hökumət tərəfindən Zaqafqaziyanın idarə edilməsi üçün Xüsusi İdarə Komitəsi yaradıldı. Komitəyə Dövlət Dumasının yerli üzvləri daxildilər.
Fevral inqilabının siyasi həyata gətirdiyi canlanma nəticəsində Azərbaycanın müxtəlif şəhərlərində müsəlman milli şuraları yaradıldı. Şuralar öz fəaliyyətlərini milli məqsədlər istiqamətində qurmağa çalışırdılar. Onların arasında ən güclüsü və nüfuzlusu Bakı Müsəlman İctimai Təşkilatları Şurası idi. Bu şuranın tərkibinə Azərbaycan milli-azadlıq hərəkatının liderləri - Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Mehdi bəy Hacinski kimi ziyalılar daxil idilər. Özünün ümummilli xətti ilə xalqın rəğbətini qazanan şura Bakıda siyasi üstünlüyə malik idi.
Milli hərəkat fəallarının xalqın milli hüquqlarının təmin edilməsi yolunda irəli sürdükləri tələblər milli-siyasi ideyaların təcəssümü kimi cəmiyyətdə əməli surətdə müdafiə olunurdu. Bu tələblər yalnız xalqın ağır yaşayışından doğan cari problemlərin həllinə deyil, eyni zamanda ümummilli mənafeləri əks etdirən strateji vəzifələrin həllinə doğru istiqamətləndirilmişdi.
Rusiyada 1917-ci il oktyabr silahlı üsyanından sonra Zaqafqaziya Xüsusi Komitəsi öz fəaliyyətini dayandırdı və noyabrın 11-də Zaqafqaziyada hakimiyyəti öz üzərinə götürəcək müvəqqəti orqan kimi Zaqafqaziya Komissarlığı yaradıldı. Komissarlığın tərkibinə Azərbaycandan Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlikaslanov və Xəlil bəy Xasməmmədov təyin edilmişdilər.
1918-ci il fevralın 23-də Tiflisdə Zaqafqaziya Seymi yaradıldı. Seymdə Azərbaycanı 44 nümayəndə təmsil edirdi. Yaranan ilk günlərdən azərbaycanlı, gürcü və erməni fraksiyaları arasında fikir ixtilafları mövcud idi. 1918-ci il aprelin 22-də Zaqafqaziya Federativ Respublikası elan edilsə də, ziddiyyətlər qalırdı.

Azərbaycanın öz müstəqilliyini elan etməsi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət quruculuğu

1918-ci il mayın 26-da Zaqafqaziya Seymi buraxıldı və həmin gün Gürcüstan öz müstəqilliyini elan etdi. Mayın 27-də Tiflisdə Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən və keçmiş Seymin Azərbaycan fraksiyasının 44 nümayəndəsindən 26 nəfərinin iştirak etdiyi iclasda Azərbaycan Milli Şurası yaradıldı və şura Azərbaycanın idarə olunmasını öz üzərinə götürdü. Mayın 28-də Məmməd Əmin Rəsulzadənin sədrliyi ilə Milli Şuranın ilk iclası oldu. İclasda Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi haqqında qərar qəbul edildi və "İstiqlal bəyannaməsi"nin mətni təsdiqləndi.
Mayın 30-da Azərbaycanın müstəqilliyini elan etməsi haqqında dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqrafla məlumat verildi.
İyunun 4-də Azərbaycanın nümayəndə heyəti Batumda Osmanlı dövləti ilə daimi sülh və dostluq münasibətləri haqqında müqavilə imzaladı. Azərbaycan hökumətinin xahişinə cavab olaraq Ənvər paşa hökuməti Azərbaycana 2 milyon türk lirəsi ayırdı.
1918-ci il iyunun 16-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Tiflisdən Gəncəyə köçdü. Milli Şura müvəqqəti hökuməti təşkil etməyi Fətəli xan Xoyskiyə tapşırdı.
İyunun 17-də Gəncədə Fətəli xan Xoyskinin rəhbərliyi ilə ikinci hökumət təşkil edildi. İkinci hökumətin tərkibində hərbi nazir vəzifəsi yox idi. İyunun 23-də Azərbaycanda yaranmış gərgin vəziyyəti nəzərə alaraq, hökumət bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi.
Qatı millətçi Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin ixtiyarında olan, əsasən erməni və ruslardan təşkil olunmuş 18 minlik hərbi qüvvə iyunun 10-da Gəncə istiqamətində yürüşə başladı. İyunun 12-də Kürdəmiri işğal edən qoşunlar iyunun 27-də Göyçaya yaxınlaşdılar. Qafqaz İslam və Azərbaycan Ordusunun hissələri Göyçay ətrafında bolşevik-daşnak qüvvələrini darmadağın edərək, Bakı istiqamətində azadlıq yürüşünə başladılar. İyulun 20-də mühüm strateji məntəqə olan Şamaxı azad edildi. Sentyabrın 15-də Azərbaycan hərbi hissələri və türk qoşunları Nuru paşanın rəhbərliyi altında Bakı üzərinə hücum edərək şəhəri azad etdilər. Azərbaycan hökuməti sentyabrın 17-də Bakı şəhərinə köçdü.
Dekabrın 7-də Azərbaycan Parlamentinin ilk iclası oldu. Parlamentin ilk iclasında Fətəli xan Xoyski hakimiyyəti parlamentə təhvil verdi. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun müavini seçildi. Hökumətin təşkili Fətəli xan Xoyskiyə tapşırıldı. Dekabrın 26-da hökumətin tərkibi elan edildi.
1919-cu ilin aprelində Bakıda ingilis general-qubernatorluğu ləğv edildi, ingilislər Paris Sülh Konfransının şərtlərinə uyğun olaraq Qafqazı tərk etməyə başladılar.
1920-ci il yanvarın 11-də Paris Sülh Konfransı Azərbaycanın istiqlaliyyətinin tanınması haqqında yekdilliklə qərar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti qısa bir müddətdə normal fəaliyyət göstərən dövlət aparatı yaratmağa, 20-dən çox dövlətlə diplomatik əlaqələr qurmağa nail oldu.
Hökumətin Gəncədəki fəaliyyəti dövründə - 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında fərman imzalandı. İyunun 24-də üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq Dövlət Bayrağı kimi qəbul edildi, noyabrın 9-da isə həmin bayraq üçrəngli - mavi, qırmızı və yaşıl zolaqlardan ibarət olan bayraqla əvəz olundu.
1918-ci il avqustun 11-də ümumi hərbi səfərbərlik elan olundu və 1894-1899-cu il təvəllüdlü bütün Azərbaycan vətəndaşları hərbi xidmətə çağırıldılar. Nazirlər Şurasının qərarına uyğun olaraq, 1918-ci il noyabrın 7-də Hərbi Nazirlik təsis edildi. 1920-ci ilin yanvarına artıq 30 min nəfər piyada və 10 min nəfər süvaridən ibarət ordu yaradılmışdı.

Azərbaycan Respublikası dövlətlərarası münasibətlər sistemində

SSRİ-nin süqutundan sonra beynəlxalq aləmə tam müstəqil bir faktor kimi inteqrasiya etməyə başlayan gənc dövlətlərdən biri də Azərbaycan Respublikası idi. Ölkəmizin olduqca əlverişli geosiyasi məkanda, həm də dünyanın super güclərinin barışmaz maraqlarının kəsişdiyi regionda yerləşməsi milli dövlətçilik prinsiplərinə, müstəqilliyin və suverenliyin qorunmasına xidmət edəcək dayanıqlı xarici siyasi strategiyanın hazırlanmasını və tətbiqini tələb edirdi.
Qeyd edək ki, o dövrdə ölkəmizin müasir beynəlxalq münasibətlərin önəmli iştirakçısına çevrilməsi prosesi olduqca gərgin olub. Məhz ümummilli lider Heydər Əliyevin böyük səyi, müdrikliyi sayəsində Azərbaycan beynəlxalq ictimaiyyətlə uğurlu ünsiyyət quraraq, milli maraqlarının təmin edilməsində əhəmiyyətli addımlar ata bildi.
Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində regionda dünyanın böyük dövlətlərinin barışmaz maraqlarının toqquşması, milli təhlükəsizliyimiz üçün ciddi təhdid olan erməni təcavüzü, daxili siyasi vəziyyətin olduqca gərgin olması, 1991-1992-ci illərdə müstəqil Azərbaycanın gələcək inkişaf strategiyasının qeyri-müəyyənliyi müşahidə olunurdu. Keçən əsrin həmin illərində Azərbaycan dövlətinin mövcudluğu sual altında idi.
Müstəqilliyin ilk illərində Azərbaycanın xarici siyasətinin yalnız bir istiqaməti nəzərə çarpırdı. Belə yanaşma müstəqil dövlət quruculuğu və beynəlxalq münasibətlər sistemində hər hansı yer və rolu qeyri-mümkün edirdi.
Yalnız 1993-cü ildən başlayaraq, yəni, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra milli maraqların təmin olunmasına, beynəlxalq aləmlə sıx inteqrasiyaya istiqamətlənən xarici siyasi strategiya formalaşmağa başladı. Balanslaşdırılan siyasətə söykənən bu strategiya Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun təşəkkül tapmasına xidmət edirdi. Özünün ilk andiçmə mərasimində (1993-cü il, 10 oktyabr) həmin məqama da toxunan ümummilli lider Heydər Əliyev deyib: "Bizim xarici siyasətimiz, birinci növbədə, Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrlə Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmlətməkdən ibarətdir".
Həmin dövrün siyasi reallıqları fonunda buna birdən-birə nail olmaq qeyri-mümkün idi. İlk olaraq beynəlxalq ictimaiyyəti Azərbaycan Respublikası ilə qarşılıqlı əməkdaşlığa sövq etməli və onları bu əlaqələrin faydalı olacağına inandırmaq lazım idi. Yalnız bundan sonra milli maraqlarımızı regionda maraqları toqquşan dövlətlərin mənafeləri ilə uzlaşdırmaq, təhlükəsizliyimizə beynəlxalq təminat almaq üçün addımlar ataraq müsbət nəticələr əldə etmək olardı. Həmin səbəbdən ümummilli lider Heydər Əliyev konkret dövlətlərin regionda hansı maraqlara malik olması və bu maraqların onlar üçün hansı səviyyədə əhəmiyyətli olmasını dərindən təhlil etdi. Rusiya ilə, eyni zamanda postsovet  respublikaları ilə sıx əlaqələr quruldu.
Həmin dövrdə Azərbaycan Respublikası Rusiya və postsovet respublikaları ilə bərabərhüquqlu qarşılıqlı əlaqələr yaratmaqla yanaşı, digər strategiyalardan da yararlandı. Bunun üçün əsasən ABŞ və Avropa dövlətlərinin regiondakı maraqlarının toqquşmasından məharətlə istifadə edildi. Sonrakı addım Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunması üçün təsirli tədbirlərin həyata keçirilməsi oldu.
Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində xüsusi rolu və yerinin gerçəkləşməsində ölkəmizə qərəzli münasibət bəsləyən, Ermənistanın təcavüzkar maraqlarını dəstəkləyən dövlətlərlə sıx diplomatik əlaqələrimiz də təsirsiz ötüşmədi. Belə ki, Fransanın Ermənistana təsir imkanlarını nəzərə alan ümummilli lider Heydər Əliyev ilk rəsmi səfərini məhz Fransaya etdi. O, vaxt İranla yaxın qonşuluq əlaqələrinin qurulmasına xüsusi önəm verildi.
Məlumdur ki, Azərbaycan Respublikasının xarici siyasi kursunda Türkiyənin xüsusi yeri var. Artıq bu gün Azərbaycan-Türkiyə münasibətləri beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər əsasında inkişaf etdirilərək tamam yeni mərhələyə qədəm qoyub. Göründüyü kimi, ümummilli lider Heydər Əliyev ilk öncə region dövlətləri, sonra isə dünyanın digər nüfuzlu dövlətləri ilə ikitərəfli və çoxtərəfli qarşılıqlı əlaqələr qurmaqla respublikamızın beynəlxalq münasibətlər sistemində özünə layiq yer tutması üçün etibarlı zəmin hazırladı. Bu gün ölkəmiz strateji tərəfdaşı olan ABŞ ilə siyasi-iqtisadi, qlobal problem və təhlükələrə qarşı mübarizədə sıx əməkdaşlıq edir.
Hazırda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin beynəlxalq aləmdə milli maraqlarımızın qorunması istiqamətində gördüyü çoxşaxəli işlər, apardığı müstəqil xarici siyasət Azərbaycan Respublikasının rolunun daha da artmasını mümkün edib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin düşünülmüş strategiya və gərgin diplomatik səyləri nəticəsində müasir Azərbaycan Respublikası beynəlxalq münasibətlərin tam hüquqlu subyektinə çevrilib. Sürətli iqtisadi inkişaf və dövlətlərarası münasibətlərdə beynəlxalq hüquq normalarına sadiqlik nümayiş etdirməsi ölkəmizi regionun lider dövlətinə çevirib və beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanıdıb.

 Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi