Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Sentyabr 2018 10:30

“ADEX-2018” sərgisi dövlətimizin hərbi potensialını nümayiş etdirmək baxımından mühüm platformadır

Hər bir ölkədə inkişaf proseslərinin davamlılığını təmin edən başlıca amillərdən biri də qarşıda duran hədəflərin düzgün müəyyənləşdirilməsidir. Fərəhləndirici haldır ki, aparılan islahatlar ordu quruculuğunda da uğurla davam etdirilir. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Azərbaycanın Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır.
Azərbaycan Ordusunun inkişafına təsir edən amillərdən biri də xüsusi strateji əhəmiyyət kəsb edən müdafiə sənayesi məhsulları istehsal edən zavodların fəaliyyətə başlamasıdır. Bu amil respublikamızın kompleks inkişaf yolunda qazandığı böyük nailiyyətdir. Silahlı Qüvvələrimizin modernləşdirilməsi, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər mühüm işlər görülüb. Ordumuz yeni texniki imkanlar əldə etməklə həm də müasir, dünyada təcrübədən çıxmış müharibə və döyüş taktikalarını da mənimsəyib.
Ermənistanla təmas xəttində üstünlüyü əldə edən və düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusunun təminatını daha da gücləndirmək məqsədilə yaradılan Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Aprel döyüşləri zamanı düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində MSN-in müəssisələrində istehsal olunan silah və sursatlardan istifadə, müdafiə təyinatlı məmulatların həcminin artması, "Tufan", "İldırım" və "Qasırğa" milli zirehli maşınların, "İstiqlal", xüsusi təyinatlı "Yalquzaq", "Mizrak" raket sisteminin tətbiqi bu gün də düşməni təşvişdə saxlayır.
Diqqət çəkən başqa bir cəhət də Azərbaycanın hərbi sənaye kompleksinin real istehsal gücü Silahlı Qüvvələrimizi silah-sursat, hərbi texnika və digər vasitələrlə təmin etməklə yanaşı, xarici bazarlara da məhsul ixrac etməyə qadir olmasıdır. Xarici bazarlarda Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullara böyük maraq var. Bunu indiyə qədər keçirilən və ölkəmizin istehsalı olan müdafiə məhsullarının nümayiş etdirildiyi sərgilər təsdiq edir. Beynəlxalq miqyasda Azərbaycanın istehsal etdiyi hərbi təyinatlı məmulatlara böyük maraq göstərilməsinin səbəbi onların keyfiyyətli olması, müasir tələblərə cavab verməsidir. Bir çox dövlətlər ölkəmizdə müdafiə sənayesi tərəfindən istehsal olunan məhsullara maraq göstərməklə yanaşı, bu sahədə Azərbaycanla əməkdaşlıq qurulmasına və ya mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinə çalışırlar.
Bu baxımdan ölkəmizdə keçirilən "ADEX-2018" Üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi xüsusi əhəmiyyət daşıyırdı. Bu il Azərbaycan 2014 və 2016-cı illərdə olduğu kimi, "ADEX" adı altında beynəlxalq müdafiə sərgisinə ev sahibliyi etdi. Bu sərgidə dünyanın 29 ölkəsini təmsil edən 224 şirkət iştirak edirdi. Regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından ibarət olan genişmiqyaslı bu tədbir müasir silah və avadanlıqların, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişi üçün geniş imkanlar açdı. Azərbaycanın hərbi sənaye kompleksinin geniş təmsil olunduğu sərgi böyük maraqla qarşılandı.
Vacib məqam ondan ibarətdir ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə qısa müddətdə yenidənqurma işlərinin aparılması, son illərdə həmin müəssisələrin maşın və avadanlıq parkının yenilənməsi, bu məqsədlə dünyanın inkişaf etmiş ölkələri ilə əlaqələrin qurulması nəticəsində inkişafa nail olunub və nəticə sərgidə göz qabağında idi. Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş ölkələri ilə sıx əməkdaşlığından irəli gələrək öz müəssisələrində istehsal etdiyi məhsullar "ADEX-2018" Üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində nümayiş olunurdu.
Müasir silah və texnikanın, habelə milli müdafiə sahəsində Azərbaycanın gücünün və qüdrətinin böyük nümayişinə çevrilən sərgidə son illərdə ölkəmizdə istehsal olunan yüngül və ağır hərbi texnikalar nümayişə çıxarıldı. Atıcı silahlarla təchiz olunan universal "Gürzə" avtomobili, müxtəlif çaplı atıcı silahlar, raket başlıqları, pilotsuz uçuş aparatları və digər hərbi texnikalar sərginin maraq doğuran eksponatları sırasında idi.
Nəticə ondan ibarətdir ki, "ADEX-2018" Üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi dünyanın silah bazarında ixrac üçün təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq imkanı yaradır. Bu sərgi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakçılara ünvanladığı məktubda qeyd edildiyi kimi, ən son silah nümunələrinin nümayiş olunması və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün artıq əla platformaya çevrilib. "Sərgi dünyanın tanınmış hərbi sənaye müəssisələrini, nüfuzlu xarici şirkət və təşkilatları, o cümlədən rəsmi nümayəndə heyətlərini və mütəxəssisləri eyni məkanda toplayaraq işgüzar əlaqələrin qurulması, yeni müqavilələrin imzalanması üçün səmərəli platformaya çevrilmişdir".
Bütün bunlar göstərir ki, "ADEX-2018" Üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi Azərbaycanın hərbi potensialını, hərbi gücünü nümayiş etdirmək baxımından mühüm tədbirdir. "ADEX-2018" Üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisinə göstərilən marağın və sərgidə iştirak edən şirkətlərin sayının hər il artması bunun təsdiqi kimi qiymətləndirilə bilər.
Bu gün ölkəmizdə 1200 adda hərbi məhsul istehsal olunur. Bu məhsullar həm də xarici ölkələrdə keçirilən sərgilərdə nümayiş etdirilir. Bu sərgi bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycanın güclü iqtisadiyyatı var, güclü hərbi-sənaye kompleksi formalaşıb və Azərbaycan təkcə hərbi məhsullar istehsal etmir, həm də onun perspektivli ixracatçısına çevrilib. Sərgi onu da sübut etdi ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda hərbi quruculuq, ordumuzun gücləndirilməsi məsələləri xüsusi diqqət mərkəzindədir.
Sərgi göstərdi ki, dünya ölkələri Azərbaycan tərəfindən istehsal olan silahlara maraq göstərir. Bu, mühüm məsələdir. Dünyanın müxtəlif ölkələri öz silahlarını satmaq üçün bəzi ərazilərdə müharibələrin, münaqişələrin olmasının tərəfdarıdır. Artıq Azərbaycan özünün hərbi sənaye kompleksini qurduğuna görə, münaqişə və müharibə olacağı təqdirdə digər dövlətlərdən silah almayacaq. Çünki ölkəmiz öz silah təminatını ödəmək qabiliyyətindədir. Belə olan halda digər dövlətlər burada münaqişənin olmasını deyil, barış bölgəsi olmasını arzulayır.
Azərbaycanın silah-sursat istehsal etməsi təhlükəsizlik baxımından da əhəmiyyətlidir. Bundan başqa Azərbaycan müharibə şəraitində olan bir dövlətdir. Bu, bizim iradəmizdən asılı olmayaraq baş verib. 20 faiz torpaqlarımız işğal olunub. Azərbaycan öz ordusunun silah-sursatını komplektləşdirmək üçün addım atmalı, silah tələbatımızı təmin etməliyik. Alternativ olaraq özümüzün silah istehsal etməyimiz başqa ölkələrdən silah asılılığımızı da aradan qaldırmış olur. Bu sərgi yeni iş yerlərinin açılmasına da imkanlar yaratdı. Bu baxımdan da "ADEX" sərgilərinin ölkəmiz üçün əhəmiyyəti böyükdür.
Sərgini əhəmiyyətli edən məqamlardan biri də ondan ibarət idi ki, iştirakçılar, ziyarətçilər və şirkətlər arasında qarşılıqlı informasiya mübadiləsi baş verdi və gələcək uğurların yeni təməli qoyuldu. "ADEX-2018" sərgisi təkcə kommersiya xarakteri daşımırdı, eyni zamanda müəssisə, şirkət və dövlət qurumlarımız Azərbaycan Respublikasını təmsil edirdi. Bu da azərbaycanlı istehsalçıların ixrac yönümlü fəaliyyətinə və xarici bazarlara çıxmasına imkan yaratdı və onlara bu işdə yardım etdi. Bütün bu amillər də Azərbaycanın iqtisadiyyatına qoyulan sərmayələrin artmasına səbəb olacaq.
Nəticədə qazanan Azərbaycan dövləti olacaq. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması, ölkəmizin geniş iqtisadi potensiala, insan resursuna malik olması və eləcə də, hərbi sənaye sahəsində böyük nailiyyətlər əldə etməsi təbii ki, bölgədə maraqlı olan dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə səfərbər etməyə bir çağırışdır. Nəhayət, yeni əməkdaşlıq əlaqələrinin qurulması və elmi-texnoloji yeniliklərin silah istehsalımıza tətbiq edilməsi yolunda körpü rolunu oynayan "ADEX-2018" Üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ölkə Prezidenti İlham Əliyevin "Eyni zamanda, bizim əsas strateji məqsədimiz, hədəfimiz ölkəmizi daha da gücləndirməkdir, Azərbaycan dövlətinin qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir" fikrinin məntiqi davamıdır.

"Azərbaycan Ordusu"