Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Sentyabr 2018 09:59

“Ən yaxşı təşviqat işinin təşkili” müsabiqəsi başa çatıb

Əyani təşviqat vasitələri və divar mətbuatı mahiyyət etibarilə hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığında xüsusi rol oynayır. Ona görə də ordumuzda ideoloji otaqlar bu amil nəzərə alınaraq tərtib olunur. Bu otaqlarda Azərbaycan dövlətinin rəmzləri, tarixi, ümummilli liderimiz Heydər Əliyevin dövlət və ordu quruculuğu sahəsində fəaliyyəti, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələr qarşısında qoyduğu vəzifələr və ordu haqqında fikirləri, Azərbaycan Respublikası Müdafiə nazirinin ordunun şəxsi heyətinə tövsiyələri, tapşırıqları öz əksini tapır.
İdeoloji otaqlarda hərb elminin nəzəri əsaslarının öyrədilməsi və əsgərlərin asudə vaxtının səmərəli təşkili üçün gərəkli şərait yaradılıb, müxtəlif məlumat stendləri yerləşdirilib.
Azərbaycan Ordusunun 2018-ci ilin hazırlıq planına əsasən, "Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır" devizi altında "Ən yaxşı təşviqat işinin təşkili" adı altında müsabiqə keçirilib. Müsabiqədə ideoloji otaqların, səyyar ideoloji məntəqə və ideoloji guşələrin təşkili uğrunda yarışlar keçirilib. Belə tədbirlər Silahlı Qüvvələr və qoşun növləri, birlik, birləşmə və əlahiddə hərbi hissələrdə, xüsusi təyinatlı təhsil müəssisələrində şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xidmət edir. Eyni zamanda təşviqat işinin təkmilləşdirilməsi, bu sahədə əldə edilmiş nailiyyətlərin təbliğ edilməsi, bölmələr arasında yarış ruhunun və rəqabətin gücləndirilməsi məqsədi daşıyır.
 Müsabiqəyə qoşun növləri, birlik, birləşmə və əlahiddə hərbi hissələrdən, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinin hər birindən ən yaxşı təşviqat işinin təşkili üzrə hərbi hissə və müəssisə təqdim olunub.
Fərqlənən hərbi hissələrin şəxsi heyətlə iş üzrə komandir müavinləri müsabiqənin nəticələrinə görə həvəsləndiriliblər.
Müsabiqədə birinci yerə layiq görülən "N" hərbi hissənin şəxsi heyətlə iş üzrə komandir müavini polkovnik-leytenant Rüstəm Məmmədova fəxri fərman, ikinci və üçüncü yerin sahibləri  şəxsi heyətlə iş üzrə komandir müavinləri - mayor Fuad Məmmədova və mayor Rahib Vəzirova isə təşəkkür məktubu təqdim olunub.     

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"