Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Sentyabr 2018 09:58

“Azərbaycan Respublikasına xidmət edirəm!”

Salam ata, necəsən? Bu gün sevincimin həddi-hüdudu yoxdu. Hisslərimi bu məktub vasitəsilə səninlə bölüşmək istəyirəm. Həyəcan, sevinc, qürur qarışıq duyğular keçirirəm. Bunları qələmə almağa heç kağız da yetməz. O qədər sevincli və qürurluyam ki, əlim qələm tutmur. Bu gün Müdafiə nazirimiz general-polkovnik Zakir Həsənov bizimlə görüşə gəlmişdi. Komandirimizin əmri ilə sıraya düzüldük. Müdafiə naziri ilə görüşəcəyim üçün həm çox həyəcanlı, həm də qürurlu idim. Özümü təqdim etdim. Əlimi sıxıb uğurlu xidmətimə görə mənə Ali Baş Komandan adından qol saatı hədiyyə etdi. Ürəyim elə sürətlə və həyəcanla döyünürdü ki, döyüntülərin səsini eşidirdim sanki. Uca səslə "Azərbaycan Respublikasına xidmət edirəm!", - dedim. Bir əsgər üçün Müdafiə naziri tərəfindən təltif olunmaq ən qürurverici haldır. Qürurdan sinəm qabardı, ele bildim qəlbim qanadlanıb uçacaq həmin dəqiqə. Ata, bilirsən ki, uşaqlıqdan ən böyük arzum əsgər olmaq idi. Əsgəri xidmətə gəldiyim ilk gündən hərbi biliklərə dərindən yiyələnməyə, silahımın xüsusiyyətlərini, ondan bacarıqla istifadə etməyi mənimsəməyə səy göstərdim. Daim verilən tapşırıqları dəqiq yerinə yetirdim, vəzifələrimin öhdəsindən məsuliyyətlə gəldim ki, ordumuzun adına layiq əsgər olum. Çünki şanlı ordumuzda xidmət etmək hər bir gənc üçün Vətən qarşısında övladlıq borcudur. Bu borcun öhdəsindən layiqincə gəlmək üçün hər zaman var qüvvəmlə xidmət etmişəm və bu gün uğurlu xidmətimə görə Müdafiə naziri məni təltif edəndə çox qürurlandım, sevincdən gözlərim doldu. 
Ata, indi yanımda olub boynumu qucaqlayıb, "oğlum, səninlə fəxr edirəm" deməyini istəyərdim. Əminəm ki, məktubumu oxuduqca sən də fərəhlənirsən. Sənin ən böyük arzun idi, məni şanlı ordumuzun sıralarında əsgər kimi görmək. Yadındadır, andiçmə günümdə mənə demişdin ki, "Vətən bizim qibləgahımız, sığınacağımız, anamızdı. Bu gün sən Vətəni qorumağa gedirsən. Bu müqəddəs vəzifənin öhdəsindən layiqincə gəlsən səninlə bir ömür fəxr edərəm, bir valideyn kimi mən də sevinərəm ki, Vətənimizə xeyirli övlad böyütmüşəm". Ata, sən də, anam da indi qürurlana bilərsiniz, oğlunuz ana Vətənini göz bəbəyi kimi qoruyur, nümunəvi xidmətinə görə təltif olunub.
Ata, Müdafiə naziri ilə görüşümüz çox maraqlı oldu. Bizimlə səmimi söhbət etdi, qayğılarımızla maraqlandı. Yeməklərimizin keyfiyyətini və dadını yoxladı, məişət şəraitimizlə tanış oldu. Mənə saatı təqdim edəndə dedi ki, "ordu sıralarından tərxis olsan belə bu saatı qolundan çıxartma. Hər baxanda məni, ordumuzu xatırla, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda döyüşə atılmaq üçün ordu sıralarına qayıtmağa hər an hazır ol". Bu gün dövlətimizlə, ordumuzla, Ali Baş Komandanımızla bir daha fəxr etdim, ata. Bir əsgər kimi Müdafiə nazirimizlə bir daha qürur duydum, qətiyyətli sözlərindən güc aldım. Bütün xalqımız əmin ola bilər ki, belə vətənpərvər, qayğıkeş, diqqətcil nazirimizin rəhbərliyi ilə ordumuzun qarşısında heç bir düşmən tab gətirə bilməz. Tezliklə sizlərə zəfər bayramını yaşadacağımızdan əmin olun. Onda da sənə Böyük Qələbə məktubunu yazacam. Özünüzə yaxşı baxın, Allah amanında.

Əsgər İzzət NƏCƏFZADƏ,

"N" hərbi hissəsi