Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Sentyabr 2018 09:55

“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır”

Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti komanda-qərargah təlimi uğurla başa çatdı, qarşıya qoyulmuş məqsədlərə nail olundu. Təlimdə Əlahiddə Ümumqoşun Ordunun "Tam müdafiə" döyüşə hazırolma dərəcəsinə gətirilməsi, birinci eşelon birləşmələri tərəfindən düşmənin qəfil hücumlarının  və diversiya-kəşfiyyat fəaliyyətlərinin qarşısının alınması, ehtiyat birləşmə və hissələrin "Həyəcan" siqnalı ilə döyüş təyinatlı rayonlara çıxarılması, müdafiə əməliyyatına hazırlıq və müdafiənin aparılması mövzuları işləndi. Praktiki fəaliyyətə cəlb olunan birləşmə və hissələr təlim ərazisində döyüş atışlarını yerinə yetirdilər.

 

* * *

 

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunu bitirərək ehtiyata buraxılmış zabitlərə vəsiqələr təqdim edildi.
Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev çıxış edərək bildirdi ki, ümummilli lider Heydər Əliyevin hərbi elmi əsaslarla yaratdığı Azərbaycan Ordusu bu gün Cənubi Qafqazın ən güclü, peşəkar ordusuna çevrilib. Ümummilli Liderimizin əsasını qoyduğu ordu quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu məqsədyönlü iş Naxçıvan Muxtar Respublikasında da qətiyyətlə aparılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qayğısı ilə ordu, birləşmə və hissələr mühüm təşkilatlanma yolu keçərək hər keçən gün daha da güclənir. Keçirilən təlimlərdə peşəkarlığı artan hərbi qulluqçularımız ən çətin döyüş tapşırığının öhdəsindən layiqincə gəlirlər. Son dövrlər hərbi xidmətə marağı artan gənclərimiz hazırlıq kurslarında iştirak edərək peşəkar hərbçi kimi yetişirlər. Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində yeddincisi  təşkil edilmiş ehtiyat zabit hazırlığı kursunda 163 nəfər iştirak etdi. Onlardan 32 nəfəri kursu bitirdikdən sonra ordu sıralarında xidmətini davam etdirib, 131 nəfəri isə ehtiyata buraxılıb. Bu gün  Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırığına əsasən ehtiyatda olan zabitlərə vəsiqələri təqdim edilir.

 

* * *

 

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud ifaçılardan ibarət "İnam" musiqi qrupu Əlahiddə Ümumqoşun Ordunun "N" hərbi hissəsində əsgərlər qarşısında növbəti konsert proqramı ilə çıxış etdi. Şəxsi heyətin mədəni-asudə vaxtının səmərəli təşkili və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi məqsədilə keçirilən tədbirdə hərbi hissənin bədii özfəaliyyət kollektivi də fəal iştirak etdi.

 

* * *

 

Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında futbol birinciliyinə start verildi. "Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır" devizi altında təşkil olunan birincilikdə 17 komanda mübarizə aparır. Əlahiddə Ümumqoşun Ordu Komandanlığının təşkil etdiyi və Olimpiya sistemi ilə keçirilən birincilikdə ədaləti qoruyanlar Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının hakimləridir.
                       

Nəriman NƏCƏFOV, Naxçıvan