Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Sentyabr 2018 09:18

“Ali Baş Komandanın adından verilən hədiyyəyə görə qürur duyuruq”

Son illər ən yeni silah və texnika ilə təmin olunan Azərbaycan Ordusu regionun ən güclü ordusuna çevrilib. Keçirilən irimiqiyaslı təlimlər, düşmən təxribatlarının qarşısının alınması zamanı qazanılan qələbələr bunun bariz nümunəsidir. Danılmaz faktdır ki, ordunun döyüş qabiliyyəti, həm də şəxsi heyətin döyüş ruhundan bilavasitə asılıdır. Müasir silahlardan yüksək səviyyədə istifadə etməyi bacaran hərbçilərə malik ordu ən güclü ordudur. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun "Ən müasir silahı da istifadə edən əsgərdir" sözləri hər bir hərbi qulluqçuya göstərilən etimad deməkdir.
Torpaqlarımızın keşiyində dayanan hərbi qulluqçular da Müdafiə nazirinin bu sözlərini özlərinə deviz bilərək, bacarıqlı, vətənpərvər hərbçilər kimi yetişmək üçün çalışır, nümunəvi xidmət etməyə can atırlar. Ali Baş Komandanın, Müdafiə nazirinin hər bir zabitə, gizirə, əsgərə yüksək diqqət və qayğı göstərməsinin nəticəsidir ki, bu gün ordu sıralarında vəzifələrinin öhdəsindən bacarıqla  gələn vətənpərvər oğullar xidmət edirlər. Hərbi formanı geyib, hərbçi adını daşımaqla qürur duyurlar. Ürəklərində sonsuz Vətən sevgisi ilə xidmət edirlər. Hər birinin tək amalı torpaqlarımızı işğaldan azad etməkdir. Bunun üçün onlar xidmətə məsuliyyətlə yanaşır, rəhbərlik tərəfindən qarşıya qoyulan tapşırıqların öhdəsindən bacarıqla gəlirlər. Öz xidmətləri ilə sübut edirlər ki, Azərbaycan Ordusu yenilməzdir, işğal altında olan torpaqlarımızı müharibə yolu ilə azad etməyə hər an hazırdırlar.
Mütəmadi olaraq cəbhə bölgələrində şəxsi heyətlə görüşüb, onların qayğıları ilə maraqlanan  Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti növbəti dəfə "N" hərbi hissəsinin  yüksək dağ zirvələrində düşmənlə təmas xəttində yerləşən bölməsinin şəxsi heyəti ilə görüşüb. Hərbi xidmətin və döyüş növbətçiliyinin təşkilini yoxlayan Müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Ali Baş Komandan adından qiymətli hədiyyələr təqdim edib.
Nümunəvi xidmətlərinə görə təltif olunan hərbi qulluqçularla həmsöhbət olub, onların düşüncələrini qələmə alırıq. Onlarla söhbət zamanı hər biri vurğulayır ki, Vətən bizlərə əmanətdir, biz Vətən keçikçiləriyik, çətinlik bilmədən üzərimizə düşən müqəddəs vəzifəni layiqincə yerinə yetirmək üçün çalışırıq.
İlk həmsöhbətim kapitan Rahib Babayevdir. Naxçıvan şəhərində doğulub boya-başa çatan, Heydər Əliyev adına Hərbi Liseyin və Ali Hərbi məktəbin məzunu olan zabit bu görüşün bölmənin hər bir şəxsi heyəti üçün sevincli və unudulmaz gün olduğunu bildirir. 
- Bu bölgə uca dağlar diyarı kimi tanınır və mürəkkəb iqlim şəraitinə malikdir. Burada xidmət edən hərbi qulluqçular üçün ən önəmlisi yüksək vətənpərvərlik ruhudur. Müdafiə nazirimizin buraya gəlib bizimlə görüşməsi, hədiyyələr təqdim etməsi bizi çox sevindirdi. Əsgərlərimizin döyüş, mənəvi-psixoloji hazırlığına müsbət təsir göstərdi. Hər bir əsgərlə şəxsən görüşən Müdafiə naziri onların döyüş və mənəvi-psixoloji hazırlığı, sosial-məişət şəraiti ilə maraqlanaraq, qış mövsümünə zəruri hazırlıq işlərinin vaxtında və keyfiyyətlə icra edilməsi barədə konkret tapşırıqlarını verdi. Təltif edilənlərdən biri də mən oldum. Bir zabit kimi Ali Baş Komandan adından və Müdafiə naziri tərəfindən qiymətli hədiyyə almaq qürurludur və heç bir zaman yaddaşımdan silinməyəcək. Bu günü hər zaman sevinclə xatırlayacaq, etimadı doğrultmaq üçün xidmətimi daha da uğurlu təşkil edəcəm.
Daha bir Vətən müdafiəçisi baş leytenant Fuad Hüseynov fikirlərini bölüşür. Əslən Göy-Göl rayonundan olan zabit Bakı Dövlət Universitetinin məzunudur. Bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsini icra edən zabit bildirir ki, torpaqlarımızın bir hissəsinin işğal altında olduğu bir zamanda mövqelərimizi göz bəbəyi kimi qorumaq hər birimizin borcudur.
"Cənab nazirin bizə olan yüksək etimadını doğrultmaq üçün hər birimiz məsuliyyətlə xidmətimizi davam etdirəcəyik. Bu gün Vətənimiz bizlərə əmanətdir. Xalq bizə inanır, arxalanır, Ali Baş Komandanımız və Müdafiə nazirimiz bizə yüksək etimad göstərir. Daim qayğılarımızla maraqlanır, sosial şəraitimizin yaxşılaşdırılması istiqamətində uğurlu islahatlar aparırlar. Bölməmizin minlərlə kilometr yüksəklikdə yerləşməsinə baxmayaraq heç nədən korluq çəkmirik. Xidmətimizi uğurla yerinə yetirmək üçün hər cür şərait yaradılıb. Biz də qarşımıza qoyulan tapşırıqların öhdəsindən gəlmək üçün var qüvvəmizlə çalışırıq. Əsgərlərin döyüş və mənəvi-psixoloji hazırlıqlarının artırılması istiqamətində daim işlər aparırıq. Onlarla mütəmadi fərdi söhbətlər edir, qayğıları ilə maraqlanırıq. Ölkə və ordu rəhbərliyinə təşəkkürlərimi bildirirəm ki, bizə yüksək diqqət göstərir, tez-tez görüşümüzə gəlirlər. Sağ olsunlar ki, xidmətimizlə yaxından maraqlanır, yüksək qiymətləndirirlər. Belə görüşlər hər birimizə ruh yüksəkliyi aşılayır. Müdafiə nazirinin əlimi sıxıb, mənə hədiyyə təqdim etməsi, bizimlə səmimi söhbəti xidmətin ən yadda qalan günü kimi yaddaşımıza həkk olundu. Həmçinin cənab nazirin bu addımı biz zabitlər üçün əsl komandir nümunəsidir. Bir zabit kimi söz verirəm ki, tabeliyimdə olan şəxsi heyətin döyüş bacarığının, mənəvi-psixoloji hazırlığının artırılması istiqamətində bütün bacarıqlarımı səfərbər edəcəm. Şəxsi heyətimizlə birlikdə Ali Baş Komandanın döyüş əmrinə daim hazırıq.
Növbəti həmsöhbətim isə çavuş Rəşad Hacıyev olur. O da Müdafiə naziri tərəfindən təltif olunmağın qürurunu yaşayanlardandı. "Mən də digər silahdaşlarım kimi bu günü heç zaman unutmayacam. Həmin anın sevincini, həyəcanını bu dəqiqə də yaşayıram. Cənab nazir ixtisasıma görə mənə bir-iki sual da ünvanladı. Oriyentirlərə görə hədəfə qədər məsafənin təyin olunması və məhv edilməsi haqqında suallarını cavablandırdım. Düşmənin görünən mövqelərini bir əmrlə darmadağın edə biləcəyimi bildirdim. Mənə qol saatı təqdim edib dedi ki, "bu saata hər baxanda məni xatırla, sizə yüksək etimad göstərildiyini unutma və xidmətində daha da möhkəm ol, hədəfləri daha dəqiq vur!". Bölməmizin uca dağ zirvəsində yerləşməsinə baxmayaraq Müdafiə nazirinin gəlib bizimlə görüşməsi, xidmətimizlə, şəraitimizlə yaxından maraqlanması hər birimiz üçün böyük stimuldur. Bu cənab nazirimizin bizlərə olan sevgisinin, rəğbətinin, diqqətinin bir daha bariz nümunəsidir. Biz də bunların qarşılığında xidmətimizdə daha möhkəm olacaq, mövqelərimizi daha inamla qoruyacağıq", - dedi çavuş R.Hacıyev.
"Qarabağa üçrəngli bayrağımızı sancmağa hər an hazırıq", - deyə hərbi xidmətə Ağcabədi rayonundan çağırılan əsgər Əlyar Məmmədov bildirir. - Torpaqlarımızın keşiyində dayanmaq, Vətənə nümunəvi xidmət etmək biz gənclərin ən müqəddəs vəzifəsidir. Bu vəzifənin vacibliyini yaxşı başa düşür, var qüvvəmizlə çalışırıq ki, bizlərə olan etimadı doğruldaq. Cənab nazirin bura gələrək bizimlə görüşməsi, xidmətimizi yüksək dərəcədə qiymətləndirərək hədiyyə verməsi bizlərə unudulmaz sevinc hissləri bəxş etdi. Ali Baş Komandanın adından, Müdafiə nazirindən mükafat almaq mənim üçün ən qürurlu andır. Xidmətimin ən yadda qalan günüdür. Mən də öz adımdan və bütün əsgər yoldaşlarım adından söz verirəm ki, döyüş əmri alan kimi düşmən üzərində inamlı qələbə qazanacağıq. Döyüş meydanında şücaət göstərəcək, mərdliklə vuruşacağıq. Bir addım da geri çəkilməyəcəyik. Ali Baş Komandanımıza, xalqımıza Böyük Qələbəni hədiyyə edəcəyik.
Vətənin mərd oğulları ilə həmsöhbət olmaqdan mən də qürurlanıram. Bir daha şahidi oluram ki, istənilən iqlim şəraitində torpaqlarımız inamla qorunur. Ordu sıralarında xidmət edən hər bir hərbi qulluqçu mərdliklə xidmət edir, döyüş postlarında ayıq-sayıq dayanır. Onların hər biri məsuliyyətli, nizam-intizamlıdır, döyüş növbətçiliyini müvəffəqiyyətlə aparır. Müdafiə nazirinin mütəmadi olaraq onlarla görüşməsi, qayğıları ilə maraqlanması isə hər birinin ruh yüksəkliyini, döyüş qabiliyyətini daha da artırır. "Vətən, övladlarının çiyinləri üstündə yüksəlir" deyiblər. Ordu sıralarında xidmət edən belə vətənpərvər oğulları tanıdıqca bu kəlamın qüdrətini daha dərindən başa düşürəm. Bir daha əmin oluram ki, Vətənimiz etibarlı əllərdədir.


Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"