Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Sentyabr 2018 09:17

Vətənpərvər ruhlu şəxsi heyət Vətəni qorumağa qadirdi

Bu gün döyüş hazırlığı səviyyəsi durmadan yüksələn, şəxsi heyəti müasir silah və texnika ilə təchiz edilən Azərbaycan Ordusunda günün tələblərinə, döyüş şəraitinə uyğun olaraq  təlimlər və müxtəlif tip yarışlar həyata keçirilir. Keçirilən təlimlər, yarışlar və digər tədbirlər zabit və əsgərlərimizin müasir döyüşün ən mürəkkəb tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirməyə hazır olduqlarını, döyüş qabiliyyətlərini və peşəkarlıqlarını, yeni silah sistemlərindən və döyüş texnikasından ustalıqla istifadə etmək bacarıqlarını əhəmiyyətli dərəcədə artırdıqlarını göstərir.
Bu günlərdə 2018-ci ilin döyüş hazırlığı planına əsasən, "Azərbaycan Ordusunda ən yaxşı özüyeriyən artilleriya divizionu" adı uğrunda yarış keçirilib.
Keçirilən yarışın nəticələrini öyrənmək və şəxsi heyətin təəssüratlarını bölüşmək məqsədilə hərbi hissələrimizdən birində olduq. Mayor Azad Cəfərov yarış haqqında təəssüratlarını bizimlə bölüşərək qeyd etdi ki, Müdafiə Nazirliyinin müvafiq idarələrinin nümayəndələri və hərbi hissələrin rəhbərliyi tərəfindən izlənilən yarış iki mərhələdə həyata keçirilib.
"Ortaya qoyulan zəhmətin nəticəsində şəxsi heyətimiz "Azərbaycan Ordusunda ən yaxşı özüyeriyən artilleriya divizionu" adı uğrunda keçirilən yarışda birinciliyə nail olub. Uğurun əldə edilməsində Ali Baş Komandanımız tərəfindən göstərilən diqqət və qayğını, qoşunlarımızın maddi-texniki təminatının yüksəlməsini xüsusilə qeyd etmək lazımdır. Şəxsi heyətin döyüş, fiziki və mənəvi-psixoloji hazırlığı xüsusi əhəmiyyətə malik olduğundan Müdafiə Nazirliyinin rəhbərliyi bu məsələni daim diqqət mərkəzində saxlayır. Ən vacibi odur ki, şəxsi heyət bu yarışlarda iştirak etməklə döyüş qabiliyyətini, hərbi təcrübəsini təkmilləşdirir, müasir silah və hərbi texnikanın nümunələri ilə yaxından tanış olur, eyni zamanda silahlardan istifadə qaydalarını öyənmək imkanı əldə edir", - deyə zabit bildirdi.
Zabitlə birgə imitasiya edilmiş yarış prosesini izləyirik. Yarışın birinci mərhələsində zabit heyətinin nəzəri bilik səviyyəsini yoxlamaq və qiymətləndirmək məqsədilə kompüterli artilleriya sinfində onların praktiki olaraq məqbulları qəbul edildi. Zabitlər 4 istiqamət - atış və atəşin idarə edilməsi, artilleriyanın hazırlıq kursu, atəş bölmələrinin döyüş işinə dair təlimat və rəhbəredici sənədlər üzrə yoxlanıldıqdan sonra onların yarış barədə təəssüratlarını öyrənirik.
"Divizionumuzun keçirilən yarışda qalib olması təsadüfi deyil", - deyə kapitan Rəşad Məmmədov bizimlə söhbətə başlayır.  Bir zabit və vətəndaş kimi 20 faiz torpaqlarımızın işğal altında olması, dövlətimizin ərazi bütövlüyünün pozulması ilə barışa bilmərik. Ona görə də yüksək səviyyədə hazırlıqlı olmağımız vacib və labüddür.
Baş leytenant Xaliq Əliyev bildirdi ki, divizionumuzun şəxsi heyəti, o cümlədən zabitlərimiz yüksək döyüş bacarığı ilə fərqlənir. Təsadüfi deyil ki, divizonumuzda xidmət edən zabitlərin əksəriyyəti Ali Hərbi Məktəbi fərqlənmə ilə bitirən zabitlərdir. Onun nəticəsidir ki, şəxsi heyətimiz döyüş hazırlığı dərslərində və praktiki məşğələlərdə qazandıqları bilik və bacarıqlarını ortaya qoydular və bu il də keçirilən yarışın birincisi oldular.
Leytenant Oruc Məmmədov isə qeyd etdi ki, yarışın qalibi olmaq üçün döyüş hazırlığı ilə paralel, şəxsi heyətin mənəvi-psixoloji durumu da diqqətdə saxlanılır. Təsdiq olunub ki, vətənpərvərlik ruhunda tərbiyə olunan şəxsi heyət Vətəni qorumağa qadirdi. Şəxsi heyətimiz nəinki Vətəni qorumağa, həmçinin aprel döyüşlərini, Günnüt zəfərini yenidən təkrarlamağa hazırdı.
Şəxsi heyətə sıra baxışının keçirilməsi və tədris-material bazasının yoxlanılması ilə ikinci mərhələ başlayır. Bunun üçün divizionun texnikası atəş mövqeyi rayonundan 1-2 km məsafədə kolona düzülür, şəxsi heyət sıraya cəlb edilir və tədris-material bazası təqdim olunur. Tədris-material bazası, şəxsi heyətin ekipirovkası yoxlanıldıqdan və qeydlər aparıldıqdan sonra özüyeriyən artilleriya divizion komandirinin marşa döyüş əmri şəxsi heyətə çatdırılır və şəxsi heyət təhlükəsizlik qaydaları ilə təlimatlandırılır. Müvafiq sənədlər yoxlandıqdan sonra divizion komandiri tərəfindən atəş mövqeyi və komanda müşahidə məntəqələri rayonlarına marş keçirməyə icazə verilir. Marşın həyata keçirilməsi və saxlancdan döyüş tapşırığı yerinə yetiriləcək rayona hərəkət etmək üçün şəxsi heyət düzülür. Divizion komandiri tərəfindən "daimi dislokasiya mövqeyini tərk etməyə başlayın" komandasını alan şəxsi heyət maşınlarda öz yerini tutur və marşın icra olunmasına başlayır.
"Döyüşə!" komandası ilə yarışın praktiki mərhələsi başlanır. Bu komandadan sonra şəxsi heyət atəş mövqeyində və komanda müşahidə məntəqəsində öz yerini tutur və döyüş hazırlığı normativlərini yerinə yetirməyə başlayır.
"Bundan sonra planlı hədəflərə atəş tapşırıqları yerinə yetiriləcək", - deyə leytenant Şəhriyar Fərəcov söhbətə başlayır. Şəxsi heyət divizion komandirinin planlı hədəflərə atəş tapşırıqlarının yerinə yetirilməsi əmrini gözləyir. Bu əmr yerinə yetirildikdən sonra plandankənar hədəflərə də atəş tapşırığı yerinə yetiriləcək. Zabit ilə birlikdə planlı və plandankənar atəş tapşırıqlarının yerinə yetirilməsi prosesini izləyirik. Arada yaranan fasilədən istifadə edərək şəxsi heyətlə də söhbətləşirik.
"Gördüyünüz nailiyyət şəxsi heyətimizin döyüş hazırlığı məşğələlərində ixtisas, taktiki və atış bacarıqlarını daim artırmasının nəticəsidir", - deyə leytenant Şəhriyar Fərəcov şəxsi heyətlə başlanan söhbətə vəsilə olur. - Şəxsi heyətimiz bu məşğələlərdə gördüyünüz texnikanın taktiki-texniki xüsusiyyətlərini öyrənir, nəzəriyyəni praktikada həyata keçirməklə təcrübəsini artırır. Gördüyünüz texnika ən müasir texnologiya ilə, avtomatlaşdırılmış idarəetmə sistemi ilə təchiz edilib. Texnika imkan verir ki, istənilən planlı və plandankənar hədəfi 30-40 saniyə ərzində məhv edək. Hazırlıqlı olmayan, texnikanı mükəmməl bilməyən əsgərlə bu nailiyyət əldə oluna bilməz. Bu gün şəxsi heyətimizin döyüş ruhu yüksəkdir və onlar qarşılarına qoyulan tapşırıqları layiqincə yerinə yetirməyə hər zaman hazırdırlar.
Gizir Qurban Qurbanov zabitin sözünə qüvvət olaraq bildirir ki, istənilən hərbi qulluqçu ümumi uğurumuz naminə bilik və bacarığını əsirgəmir. Özünüz də gördünüz ki, vahid mexanizm kimi hərəkət etməyimizin, əldə etdiyimiz biliklərin sayəsində nəzərdə tutulan normativləri vaxtında və yüksək dəqiqliklə həyata keçiririk. İndiki döyüşlərdə əsas güc artilleriyanın üzərinə düşdüyündən ona görə də bu yarışların və təlimlərin mütəmadi keçirilməsini istəyirik. Bu yarışlar və təlimlər imkan verir ki, Azərbaycan zabiti, giziri, əsgəri döyüşü, gülləni, mərmini yaxından hiss etsin. Keçirilən yarışların böyük əhəmiyyətlərindən biri də ondan ibarətdir ki, şəxsi heyətə özünəinam aşılayır. Şəxsi heyətimiz yaxşı başa düşür ki, təlim meydanında çəkilən zəhmət döyüş meydanında qələbəyə nail olmağa imkan yaradır.  
Operator-tuşlayıcı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Zaur Adiloğlu isə bildirdi ki, burada qazandığımız nailiyyətləri real döyüş meydanında təkrarlamaq arzusundayıq. Aprel döyüşlərində oğullarımızın nümayiş etdirdiyi qəhrəmanlıqları bir daha təkrar etmək, xalqımızı sevincə qərq etmək, bayrağımızı doğma torpaqlarımızda dalğalandırmaq istəyindəyik. Aprel döyüşləri sübut etdi ki, Azərbaycan Ordusunun gücü, qüdrəti, şəxsi heyətimizin peşəkarlığı ən yüksək səviyyədədir. Ona görə də yüksək peşəkarlıq, ciddi nizam-intizam, lazımi səviyyədə təchizat, yetərli maddi-texniki baza, şəxsi heyətin ruh yüksəkliyi, sağlam zabit - əsgər münasibəti, hərbi və əməliyyat tapşırıqlarının yerinə yetirilməsində elmi və praktiki təcrübə kimi halları ordumuzun ünvanına qürur hissi ilə ünvanlaya bilərik.
Mərmiçi əsgər Anar Qaracayev söhbət zamanı bu gün Azərbaycan Ordusunda xidmət etdiyindən və xalqımıza məxsus olan zəngin hərbi ənənələri böyük məsuliyyət və şərəflə davam etdirdiyindən qürur duyduğunu bildirdi. “Orduya gələn zaman artilleriya haqqında heç bir anlayışım yox idi. Təcrübəli zabitlərimizin, gizirlərimizin və əsgərlərimizin sayəsində texnikanı öyrəndik. İndi sərbəst şəkildə hədəfləri müəyyən etməyi, verilən koordinatlar əsasında planlı və plandankənar hədəfləri, obyektləri, məskunlaşma mərkəzlərini atəş altında saxlamağı bacarırıq.”
"Bu gün əlimizdə olan müasir texnologiya ilə, avtomatlaşdırılmış idarəetmə sistemi ilə təchiz edilən texnika ilə düşməni tamamilə məhv etməyə qadirik", - deyə əsgər Məhəbbət Əliyev bildirir. Atıcı olmağıma baxmayaraq, texnikanı idarə etməkdən tutmuş, koordinatları müəyyən etməyə qədər hər bir işi bilirəm. Sevinirəm ki, 15 aylıq xidmətimi boşa verməmişəm. İndi isə biz öz növbəmizdə yeni gələn əsgərlərin öyrədilməsində yardımçı olmağa çalışırıq. Bilirik ki, Azərbaycan əsgəri istənilən situasiyaya, istənilən döyüş məqamına hazır olmalıdı. Biz həmin döyüş anını yaşamağa hər zaman hazırıq.
Sürücü-mexanik müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Seymur Əliyev isə qeyd etdi ki, texnikanı işə salanda, ancaq bir məsələ haqqında düşünürəm: "Gözlədiyimiz döyüş məqamı nə vaxt gəlib çatacaq. Nə vaxt idarə etdiyim bu texnikanın təkərləri haqqımız olan o torpaqlara dəyəcək. İnanmazsınız, indi söhbətləşirik, fikrim o yerlərə gedir... Hər gördüyümü bağrıma basıram... Hər bir hərbi qulluqçu kimi Ali Baş Komandanımızın əmrini gözləyirəm..."
İmitasiya edilmiş yarış prosesini izlədikdən və şəxsi heyəti dinlədikdən sonra tam əminliklə deməyə əsas var ki, bundan sonra da nəzərdə tutulan bütün işlər, qarşıya qoyulan məqsədlər uğurla yerinə yetiriləcək və Azərbaycan Ordusu torpaqlarımızın hər zaman toxunulmazlıq qarantı olacaq.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
fotolar Coşqun CƏFƏROVUNDUR