Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Sentyabr 2018 09:15

“Qəhrəmanların döyüş yolu örnəkdir”

Zəngin təbii sərvətlərə sahib olan Vətənimiz dəfələrlə fitnəkar qonşularımızın hücumuna məruz qalıb. Ancaq böyüyüb başa çatdığı yerlərə bağlı olan igidlərimiz qəsbkarların işğalçı siyasətinə baş əyməyib, yurdumuzun azadlığı uğrunda mübarizə aparıblar. Doğma yurdumuzun hər bir qarış torpağı uğrunda minlərlə oğul və qızlarımız göz qırpmadan canlarından keçiblər. Döyüşlərdə mənfur düşmənə ağır zərbə vuran Mübariz, Raquf, Fərid, Mahir.... kimi oğullarımız öz qəhrəmanlıqları ilə gənclərimizə bariz nümunədir. Onların göstərdikləri qəhrəmanlıqlar hər bir Azərbaycan əsgərini yağıların üzərinə döyüşə ruhlandırır. Bu gün də ordumuzun sıralarında Vətənini sevən cəsur və mərd oğullarımızın sayı az deyil. Belə vətənpərvər oğullarımızdan biri ilə növbəti ezamiyyətimiz zamanı tanış olduq. O, hərbi xidmətə Sabunçu rayonundan çağırılan əsgər Elməddin Mehdiyevdir.
İgid əsgərimizi xarakterizə edən taqım komandiri leytenant Mirzağa Əliyev bildirdi ki, xidmətə gəldiyi ilk gündən özünü Vətənini sevən və Vətəninə sadiq bir əsgər kimi göstərib. "Əsgər Elməddin Mehdiyev xidmətə başladığı gündən öz nizam-intizamı, cəsarəti, verilən tapşırıqları vaxtlı-vaxtında və dəqiq yerinə yetirməsi ilə digərlərindən seçilir. O, keçirilən məşğələlərdə xüsusi fəallıq nümayiş etdirir. Manqada olan bütün silahların taktiki-texniki xassələrini öyrənməyə və onlardan düzgün şəkildə atışlar aparmağa can atır. Döyüş növbətçiliyini düzgün təşkil etdiyinə görə dəfələrlə mükafatlandırılıb. Onu da qeyd edim ki, əsgər Mehdiyev qısa müddət ərzində komandirlərin rəğbətini, əsgər yoldaşlarının hörmətini qazanıb".
İlk döyüş növbətçiliyindən söz açan əsgərimiz bildirdi ki, həmin gün heç vaxt onun yadından çıxmayacaq: "Döyüş növbətçiliyinə ilk dəfə təyin olunduğum gün heç vaxt yadımdan çıxmaz. Vətənin keşiyində dayanan igid oğullarımızın sıralarında olduğumdan qürur hissi keçirirdim. Xidmət etdiyimiz bölmə düşmənlə təmas xəttindən uzaqda yerləşməsinə baxmayaraq hər an düşməni törətdikləri əməllərinə görə peşman etməyə hazırıq. Televiziya proqramlarında işğal olunmuş torpaqlarımızı, yurdlarından didərgin düşən vətəndaşlarımızı görəndə duyğulu hisslər keçirirəm. Sanki düşmən tapdağında olan torpaqlarımız bizi səsləyir".
Elməddin onu da qeyd etdi ki, Azərbaycan əsgəri yalnız bir şüar altında xidmətini təşkil edir - "Vətənə sevgi, düşmənə nifrət". "Vətənə məhəbbət insanın daxilindən gəlir. Uşaq vaxtlarından hər bir valideyn övladına Vətən torpaqlarının müqəddəs olduğunu öyrədir. Bu sevgi uşaq bağçasında, məktəbdə və nəhayət ordu sıralarında daha da qüvvətlənir. Vətənə sevgi əsgər yoldaşları arasında olan güvənlə birləşərək məğlubedilməz qüvvəyə çevrilir. Komandirlərimi və əsgər yoldaşlarımı özümə qardaş bilirəm. Müharibə şəraitində olduğumuz üçün hər an düşmənin təxribatları ilə üzləşə bilərik. Bu zaman mənimlə çiyin-çiyinə silah qardaşlarım vuruşacaqlar. Hər birimiz Vətənimizin müdafiəsində şəxsi məsuliyyət daşıdığımızı dərk edirik və bu hiss bizi bir-birimizə daha da yaxınlaşdırır. Qəhrəmanların döyüş yolu bizə örnəkdir".
- Ali Baş Komandan cənab İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun biz əsgərlərə göstərdiyi diqqət və qayğı hər birimizi fərəhləndirir. Əsgər yataqxanamız, yeməkxanamız və digər şəraitimiz müasir standartlara cavab verir. Komandirlərimiz bizim istirahətimizə xüsusi diqqət ayırırlar. Bölmədə asudə vaxtımız maraqlı keçir. Tez-tez maarifləndirici yarışlar və viktorinalar, musiqi dəqiqələri keçirilir, - bu sözləri Vətənin müdafiəçisi əsgərlərimiz üçün yaradılan şərait haqqında söylədi.


Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
fotolar  Namiq PƏNAHOVUNDUR