Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Sentyabr 2018 09:52

“Mən də əsgər olacam!”

Uşaqların düşüncələri heyrətləndiricidi. Maraq dünyası da, hadisələrə münasibəti də bənzərsiz olan uşaqlar yaşından tez böyüyür elə bil.
Təbrizin 6 yaşı var. Gəncə şəhərində yaşayır. Ordumuzun 100 illiyinə həsr olunan paradı izlədikdən sonra atasına deyib:
- Bizim belə gücümüz var, ata, erməniləri torpaqlarımızdan qovacağıq!
Təəssüflə onu da deyib ki, kaş böyük olaydım, kaş əsgər olaydım, kaş o əsgərlərin sırasında mən də olaydım. Təbriz paradı izləyəndən sonra atasına deyib ki, uşaqlar müharibə görməyəcəklər, ordumuz torpaqlarımızı işğaldan azad edəcək, hərə öz ev-eşiyinə qayıdacaq.
Təbriz nə gözəl düşünür! Həm də yaşını aşan istəklə, ürəyindən boy göstərən sevgilərlə düşünür.
Bu istəyinə, bu sevgisinə görə Təbrizi bayraq əvəzi göylərə dikəldərdim...
Bu, orduya sevginin təzahürüdü.
Bu dumduru inamına görə Təbrizi bağrıma basardım.
Ata-anasıyla şəhərə çıxanda Azərbaycan bayrağını görüncə ayaq saxlayır, sağ əlini sinəsinə qoyur, ötüb keçənlərə məhəl qoymadan himnimizi oxuyur Təbriz.
Bu bənzərsiz sevgisinə görə Təbrizi mən də əzizlərdim...
Tariximizlə çox həssaslıqla maraqlanır. Gəncə xanı Cavad xanın igidliyindən, vətənsevərliyindən danışanda dinlədiklərin sənə könül xoşluğu verir - bu yaşda uşaq şəhidliyin nə olduğunu dərk edirsə, Cavad xanın dövlətçilik naminə şəhid olduğunu deyirsə, Azərbaycan üçün yaşamağın nə olduğunu bilirsə, qürurun necə kükrəməsin?
Təbriz bu il birinci sinfə gedir. Gəncə şəhərində Vüsal Əliyev adına 12 saylı tam orta məktəbdə oxuyacaq. Bu günün qədərsiz sevincini özü də unutmayacaq, valideynləri də. Bu, adi sevinc deyil. Bu sevinci hamımız yaşamışıq; işığı gur olan sevincdi, işığı ömür yolunu nurlandıran sevincdi. "Yaxşı oxuyacam. Elə oxuyacam ki, mənimlə müəllimlərim də qürurlanacaq, atam-anam da..." - Təbriz belə deyir.
İlk dərs gününün həyacanını təsvir etməyə qüdrətim çatmır; şagird nəyə həyəcanlanır, bu həyəcanı nə, necə "yumşaldır", ilk zəng səslənəndə ürəyindən nələr keçir...
Təbriz oxuyacaq, oxuya-oxuya öyrənəcək, öyrənə-öyrənə elmlərə bələd olacaq, bu bələdçilik onun peşə seçiminə vasitə olacaq. Hansı peşəni seçəcəksə, kamil mütəxəssis olacaq, şübhəsiz,  mükəmməl təhsil alacaq. Öz dünyasını yaradacaq Təbriz, Böyük Dünya bu Dünyanı yaxşı tanıyacaq...
Təbriz müəllimi Zəhra Quliyevadan öyrəndiklərini artıra-artıra, elmlərə vaqif ola-ola böyüyəcək, arzuladığı günün sevincini Zəhra müəllimlə də bölüşəcək, belə düşüncələrlə yaşadığının zəmanətilə düşünürəm ki, ona təşəkkür də edəcək: "Çox sağ olun, müəllim!..."...
Anası Elminaz xanım deyir ki, Təbriz ötən ildən bu yana məktəbə gedəcəyi günün həsrətindəydi. Elə bil dünyanı ona veriblər...
Zamanı qabaqlayaraq böyüyəcəyi, əsgər olacağı günə tələsən Təbriz Mübarizoğlunun bütün birinciləri təmsil etdiyinə zərrəcə şübhəm yoxdu; birincilər də torpaqlarımızın işğaldan azad ediləcəyi günə tələsir, əsgər olaraq Vətən borcunu yerinə yetirəcəkləri günə tələsir; Təbrizlər Azərbaycanımızın sabahkı əsgərləridi...
Təbrizlər məktəbə gedir, Vətən! Böyüyəcəklər, hərbi xidmətə gedəcəklər. Ərazi bütövlüyü bərpa olunmuş dövlətimizin əsgəri olacaqlar. Qalib hərbçilərin balalarıyla bir sırada. Azərbaycan Ordusunun Böyük Qələbəni necə qazandığını xatırlayacaqlar. "Onda biz məktəbliydik...", - deyəcəklər...
Təbrizlərin var, Vətən! Təbrizlərin əsgər olacağı günün başlanğıcındadı...

Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"