Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Sentyabr 2018 10:10

Şəhidə - şəhidliyə verilən salam

Dövlətin gənclər siyasəti məhz bu amil üçündür. Ümummilli liderimiz Heydər Əliyev daim gənclərə qayğı göstərərək, onların bir fərd kimi yetişməsinə, milli və vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verirdi. Ulu Öndər nitqlərinin birində deyirdi: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur." Bu gün əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlətin gənclər siyasəti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Gənclər siyasətinin, gənclərə diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Dövlət başçısı  hər zaman gəncləri narahat edən problemlərlə maraqlanır, bu istiqamətdə öz tövsiyə və tapşırıqlarını verir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsi haqqında yazı hazırlamaq üçün məktəblərdən birinin qarşısındayam. Məktəbin həyəti qələbəlikdir - dərsə gedən, sinif otağına tələsən... Düşünürəm: onlar Vətənimizin gələcəyidirlər. Şəhidliyə ucalan oğul və qızlarımız da bu hissləri yaşayaraq canlarını Vətənimizin parlaq gələcəyi üçün qurban verməkdən çəkinmədilər. 
Qürur hissi ilə deyə bilərik ki, gənclərimiz də Vətən qarşısında öz vətəndaşlıq vəzifələrini layiqincə başa düşürlər. Ölkəmizdə Vətənini sevən, hər zaman onun tərəqqisinə çalışan, azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər ordusu formalaşıb.
Avtobus dayanacağındakı məktəblilərin söhbətini hələ də xatırlayıram. Danışırdılar. Vətənin, torpağın müqəddəsliyindən danışırdılar.  O qədər səmimi, saf   idilər ki! Tərtəmiz dünyanın məsum varlıqları. Vətənimizin sərhədlərində xidmət edəcəklərindən inam qarışıq qətiyyətlə danışırdılar. Bu inam, bu qətiyyət ruhumu göylərə qaldırdı, qəlbimi qürurlandırdı...
Qələbəliyin içində diqqətimi baxışlarını məktəbin adını daşıdığı Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin büstündən ayırmadan inamlı addımlarla ona tərəf gedən məktəbli cəlb etdi. Bu bənzərsiz yerişə biganə qala bilmədim. Uşaq büstün qarşısında dayandı, əsgəri salam verdi. Bir anlıq fikrə daldı, başını qaldırıb göyün ənginliklərinə baxdı.
Bu anlarda sanki qəlbinin dərinliyindən keçirdiklərini duyurdum: "Vətənimizin, bizlərin gələcəyi üçün canından keçərək şəhidliyə yüksələnlərin ruhları qarşısında borcumuzu dərslərimizi yaxşı oxumaqla, Vətənimizə, millətimizə layiqli vətəndaş kimi formalaşmaqla verə bilərik. Vətənimin adını, bayrağını yüksəklərə ucaltmaq arzusuyla yaşayıram. Bu günün əsgərinin sərhədlərimizə çəkəcəyi səngərlərdə sabahın əsgəri olan bizlər layiqincə dayanacağıq..."
Ordumuzun aprel zəfərindən sonra sabahın əsgərləri onlara bu güvənli həyatı verən, düşmənin məğlubedilməzlik mifini darmadağın edən, təhlükəsiz həyat yaşamlarına daha dönməz inam olan qüvvəylə - qorxubilməz Azərbaycan əsgəriylə qürurlanırlar.  Onların düşüncəsində sakit, təhlükəsiz həyat bu torpağı qoruyacaq, Vətənə sevgiləri ilə düşmənə qalib gələcək gücə, cəsarətə malik Azərbaycan əsgərinin ayaq səslərindədir. Azərbaycan əsgərləri  ayaqlarını yerə daha möhkəm basdıqca sabahın əsgərlərinin Vətən sevgisi daha möhtəşəm olur. Azərbaycan əsgəri səngərində möhkəm dayanırsa, bu səngərləri sərhədlərə köçürmək üçün xidmət edirsə, sabahın əsgərləri həyata məhəbbətlə böyüyürlər.
Bu günün əsgəri Vətənin keşiyindədir. Sabahın əsgərləri bu günün əsgərlərinə güvənirlər. Bu güvənlə uşaqlığının hər gününü doya-doya yaşayırlar, böyüməkdən qorxmadan. Onlarda bu güvəni yaradan qəhrəman Azərbaycan əsgəridir. Gənclərimiz Azərbaycan əsgəri olacaqları günün həyəcanı, sevinci, ümidi ilə böyüyürlər.
Vətənə, torpağa, bayrağa, xalqa sevgi ilə yaşayan, böyüyən gəncliyimiz Vətən sevgisinin, Vətənə bağlılığın, Vətənin müqəddəsliyinin nə olduğunu tam anlamı ilə dərk edirlər. Həyatlarının hər dönəmində "Mənim Vətənim!" kəlməsinin qürurunu yaşayacaqlar. Məktəblinin bu əsgəri salamını Yusif Mirzəyevin timsalında Bəxtiyara, Gültəkinə, Salatına, Mübarizə, Samidə, Fəridə, Murada - bütün şəhidlərimizə, şəhidliyə verilən salam, ehtiram bilirəm. Şəhidlərin ruhu onun əsgəri salamını böyük ehtiramla alır, şübhəsiz...

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"