Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Sentyabr 2018 10:05

“Gücümüzü daha da artırırıq”

İdman sağlam həyatın qarantıdır. İdman bədənin hər nahiyəsini işlədərək, ürək-damar sisteminin düzgün fəaliyyətini tənzimləyir və psixoloji gərginliklərin aradan qaldırılmasında yardımçı olur. Bu baxımdan idman insan həyatı üçün faydalıdır.
İdmanı fiziki güc qazanmaq və ya psixoloji gərginliyi aradan qaldırmaq üçün edənlərə həvəskar idmançı deyilir. Bunu düşmən qarşısında həm psixoloji, həm də fiziki güclü olmaq üçün edənlərə isə hazırlıqlı döyüşçülər deyilir. Şəxsi heyətin sağlamlığı və mənəvi-psixoloji durumunu nəzərə alaraq ordumuzda fiziki hazırlığa xüsusi önəm verilir.
"N" hərbi hissəsində olarkən idman saatında şəxsi heyətin fiziki hazırlığına nəzarət edən leytenant Emil Həsənovla həmsöhbət oluruq. İdmanın faydalarından söz açan zabit bildirir ki, günün nizam qaydasına uyğun olaraq komandir heyətinin rəhbərliyi ilə şəxsi heyətə idman şəhərciyində fiziki hazırlıq dərsləri keçirilir. "Gündəlik idmanla məşğul olan əsgərlər hər növ xəstəliyə və yorğunluğa tab gətirə bilir. Fiziki hazırlıqlı əsgərlər döyüş meydanında çox yorulmazlar. Bu da qalib əsgər olmaları ilə nəticələnər", - zabit Emil Həsənov deyir.
8 il boksla məşğul olan əsgər Xəqani Lətifov bildirir ki, fiziki hazırlıqlı insanlar cəmiyyət arasında təmkinli və xoşbəxt görünmələri ilə seçilir. Həmçinin mütəmadi idman, idarə olunan qida rejimi artıq çəkinin olmamasına, düzgün bədən quruluşuna gətirib çıxarır ki, bu da insan övladı üçün ayrıca xoşbəxtlikdir.
Ağır atletika ilə məşğul olan əsgər Murad Həsənova görə idmanla məşğul olan insanların yaşam tərzi, məşğul olmayanlardan daha formalı və qaydasında olur. Sağlam yaşam tərzi üçün hər bir insan idmanı həyatına daxil etməlidir. Fiziki hazırlıq insanın həyatında məcburiyyət deyil, həzz aldığın fəaliyyət olmalıdır.
Digər həmsöhbətimiz isə 3 il güləşlə məşğul olan əsgər Qürbət Qurbanovdur. Cəbrayıl rayonundan hərbi xidmətə çağırılan gənc idmanın əsgər üçün xüsusi əhəmiyyətini vurğulayaraq, öz gücləri ilə erməni əsgərini dizə gətirəcəklərindən danışır.
- Hər birimiz güclü Azərbaycan Ordusunun əsgəriyik. Mütəmadi təlimlər zamanı döyüş hazırlığımızı, fiziki hazırlıq dərslərində isə gücümüzü artırırıq. Bir məqsədimiz var: Qarabağı azad etmək. Bunun üçün həm təlimlərdə, həm də fiziki hazırlıq dərslərində gücümüzə güc qatırıq. Tezliklə, erməni əsgərini məğlub edib, torpaqlarımızı azad edəcəyik.
Zabit Emil Həsənov yenidən söhbətə qoşularaq əsgər Xəqani Lətifovun idman nailiyyətlərindən söz açır. İdman görünüşlü, sərt baxışlı əsgərimizin ikiqat Azərbaycan çempionu olduğunu öyrənirik. Gənc zabit deyir ki, əsgər X.Lətifov hərbi xidməti başa vurduqdan sonra dünya çempionatına qatılmağı və orada erməni idmançısı ilə üz-üzə gəlməyi arzulayır. Bu arzusu yerinə yetərsə, mütləq qələbə qazanacağına, həmçinin Ali Baş Komandanın döyüş əmri verdiyi gün bizlərlə çiyin-çiyinə vuruşacağına söz verib.
Fiziki hazırlıqlı əsgərlərin döyüş ruhuna, onların Vətən sevgisinə şahid olmaq bir başqa qürurdur. Erməni əsgərləri onların gözlərindəki nifrəti, ürəklərindəki Vətən sevgisini görsə, bir an da qarşılarında durmağa cəsarət etməzlər. Uğurlarınızın bol olması diləyiylə...

Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu"