Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Sentyabr 2018 10:00

Güclü əsgər - güclü ordu

Bu gün müasir standartlara cavab verən əsgər yataqxanaları, yeməkxana, camaşırxana kompleksləri və digər müasir avadanlıqlarla təchiz olunmuş hərbi hissələr istifadəyə verilir. Yeni tikilmiş hərbi hissələrdə əsgərlərin fiziki hazırlıqla məşğul olmaları üçün idman şəhərcikləri də salınır və dərslərin keçirilməsi üçün ideoloji otaqlar tikilir.
"N" hərbi hissəsində şəxsi heyət üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olduq. Əsgər yataqxanasında yaradılan şərait, səliqə-sahman könül oxşayırdı. Yataqların düzgün yığılması, dolablardakı təmizlik nizam-intizamın yüksək səviyyədə olmasına bariz nümunədir.
Gizir Əjdər Hüseynov yaradılan şəraitlə bağlı fikrini bildirdi: "Hərbi hissəmizdə yaradılan şəraitlə tanış olan əsgər valideynləri övladlarının xidməti müddətində nigarançılıq hissi keçirmirlər. Hərbi hissəmizdə şəxsi heyətin gündəlik fəaliyyətlə məşğul olması üçün hər cür şərait yaradılıb. Əsgərlərimizin üzərinə düşən əsas vəzifələrdən biri qaldıqları yataqxanalarda səliqə-sahman yaratmaqdır. Biz hər bir əsgəri təlimatlandırır, işin düzgün təşkil olunması üçün əlimizdən gələn köməyi əsirgəmirik".
Əsgər Ramazan Sadıqov dedi ki, hər birimiz burada yaradılan şəraitdən razıyıq. “Bölüyümüzün baş çavuşu bizi ütülənmiş yataq dəstləri, adyal və dəsmal ilə vaxtlı-vaxtında təmin edir. Yataqxanamızın daxilində məişət, qurutma, yuyunma otaqları var ki, bu da bizim təmizlik işlərimizi görməyimizdə mühüm rol oynayır. Hərbi hissəmiz xidmətin təşkili üçün bütün zəruri avadanlıqlarla təchiz olunub.”
- Yataqxanamızın təmizliyi bizim öz evimizin təmizliyi deməkdir, - əsgər Mirzəbala Şakirov dedi. - Burada özümüzü evimizdəki kimi hiss edirik. Hərbi geyimlərimizi təmizləmək üçün camaşırxana fəaliyyət göstərir. İstifadə etdiyimiz geyim və yataq dəstləri yüksək texnoloji avadanlıqlarla təchiz olunmuş camaşırxanada yuyulur, ütüləndikdən sonra bizə təhvil verilir. Komandirlərimizin qayğımıza qalması, bizimlə yaxından maraqlanması xidmətimizdə uğura nail olmağa stimul verir. “Birimiz hamımız - hamımız birimiz üçün” devizi ilə xidmət edirik.
- Komandirlərimizin tapşırıqlarını yerinə yetirməklə, döyüş və fiziki hazırlığımızı artırmaqla, yataqxanalarımızı təmiz saxlamaqla çalışırıq ki, nümunəvi əsgər olaq. Xidməti başa vuran dostlarımla söhbətləşəndə mənə bildirirdilər ki, ordumuzda əsgərlərin fəaliyyətinin düzgün təşkili üçün hər şey düşünülüb. Xidmətə gəldim, gördüm, - əsgər Məhəmməd Şərifov dedi.
Cəlilabad rayonundan xidmətə çağırılan əsgər Sadiq Ağayev Azərbaycan Ordusunun əsgəri adından qürurlandığından söz açdı: "Hərbi verilişləri böyük maraqla izləyərdim. Bu gün də Azərbaycan Ordusunun əsgəri olaraq xidmət etdiyim hərbi hissədə hərbi proqramlara baxıram. Çox sevinirəm ki, belə güclü, müasir ordunun əsgəriyəm. Burada idmanla məşğul olmağımız üçün şərait yaradılıb. Güclü əsgər güclü ordu deməkdir. Hərbi hissəmizdə asudə vaxtımızın təşkili üçün də istirahət guşəsi fəaliyyət göstərir. Sıra baxışı öncəsi bərbər yoldaşımız məişət otağında saçımızı qaydasına salır. Komandanlığın bizə diqqəti və qayğısını daim öz üzərimizdə hiss edirik. Bu gün biz güclü ordunun əsgərləriyik."

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR