Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Sentyabr 2018 09:46

Qarabağa məktub

Hər kəsə yaxın, sənə həsrətəm, Qarabağ... Mən səninçün darıxan, candan keçməyə hazır olan Azərbaycan əsgəriyəm. Çox uzaqda deyiləm. Hər döyüş növbətçiliyinə çıxanda sənə baxır, hər qarış torpağını azad edəcəyim günü gözləyirəm. Sabirabad rayonundan hərbi xidmətə çağırılmışam. Döyüş mövqeyindən tarixi torpaqlarımızı, uçub-dağılmış evləri görəndə səni necə sevdiyimi bir daha anladım. Gənc əsgər hazırlığı zamanı Hərbi and içib, andıma sadiq olacağıma söz verdim. Bir də ilk döyüş növbətçisi olduğum zaman and içdim, canım, qanım bahasına olsa da, səni azad edəcəyimə söz verdim. 
Güclü ordunun nümayəndəsi kimi həm ordumuza, həm silahdaşlarıma, həm də özümə güvənirəm. Bu ordu əbəs yerə güclənməyib. Uzun illər sənə həsrət qalaraq güclənib... Səni azad etmək üçün güclənib... Bir gün düşmənin sinəsinə dağ çəkib, hər qarış torpağında üçrəngli bayrağımızı dalğalandırmaq üçün güclənib...
Söz verirəm, Qarabağ. Sinəndə salınmış səngərləri dağıdacaq, yarana məlhəm olacağıq. Hər qarışın minalardan, keçilməz sədlərdən təmizlənəcək, abadlaşacaq, gözəlləşəcəksən. Bu yolda bəzilərimiz şəhid, bəzilərimiz qazi olacağıq. Biz sənə hər damla qanımızı halal edirik.
Şəhidlərin yeri cənnətdir deyirlər, Qarabağ. Sinəndə qanı tökülən Mübarizlərimiz, Samidlərimiz, Fəridlərimiz haqqın dərgahından səni izləyir. Bir gün uğrunda şəhid olan hər kəs cənnətdən abad Ağdərəyə, Şuşaya, Laçına, Kəlbəcərə... baxıb sevinəcək. Bəlkə mən də şəhidlərimizin sırasında sevinənlərdən olacam, bəlkə də qalib əsgər olaraq "Ruhunuz şad olsun Qarabağ azaddır"  deyə onlara səslənəcəm.
Sən xoş günlərə, xoşbəxtliklərə layiqsən, Qarabağ... Səni azad etdikdən sonra durduğum bu səngər  bəlkə iki gəncin sevgi dolu evi, bəlkə uşaqların qəhqəhələrinin göylərə ucaldığı oyun meydançası, bəlkə də bizlərin qəhrəmanlığından bəhs edən məktəb olacaq. Sinəndə yaşayan hər kəs xoşbəxt, hər qarışın gözəlliklərlə dolu olacaq.
Gözlə, Qarabağ... Çox az qalıb. Ali Baş Komandanın əmri ilə həsrətə son qoyacağıq... Məktubumu Səməd Vurğunun "Azərbaycan" şeirindən bir neçə misra ilə sonlandırıram:

Axşam üstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.

Tezliklə Qarabağ şikəstəsini dinləyərək küçələrində dolaşmaq arzusu ilə...


Əsgər Vilayət CABBARLI, "N" hərbi hissəsi