Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Sentyabr 2018 09:43

“Qabillər ölməyəcək!..”

Müharibə qan-qadadı, ölümdü, şəhidlikdi, ana fəryadıdı, bacı naləsidi, könül qübarıdı,..
Müharibənin ağrı-acıları unudulmur... müharibənin ağrı-acıları təsəllilərlə yumşalır; şəhidlər haqqında yazılanlar da təsəllidi; şəhidi tanımaya-tanımaya əzizin bilirsən.
Qabil Orucəliyev 1991-ci il sentyabrın 15-də Naxçıvan şəhərində anadan olmuşdu. Uşaqlığının qayğısızlığını yaşayırdı. Naxçıvan şəhər 1 saylı orta məktəbində təhsil almışdı. Atasının, əmisinin söhbətlərini maraqla dinləyərdi - Vətən, torpaq, döyüşlər, şəhidlik… Əmisi Elmar Orucəliyevin 1990-cı il Sədərək döyüşlərindən danışdıqları - xatirələri Qabilin düşüncələrini titrədirmiş, xatirə-xatirə düşüncələrinə hopanlar onun niyyətini müəyyənləşdirirmiş: müharibədi, torpaqlar müdafiə olunur, döyüşlər gedir. Hərbçilər döyüşür, onlar əsl "vətəndaşdı" (M.Araz). "Mən də hərbçi olacam!", - Qabilin qətiyyətlə dediyi kəlmələr atanı da, ananı da, əmini də duyğulandırdı. Heç nə demədilər Qabilə. Qabil bu lal sükutu razılığa yozdu. Bu yozumun işığı onu 2006-cı ildə Heydər Əliyev adına Hərbi Liseyə gətirdi. Kursant idi Qabil Orucəliyev. Hər ürək özü boyda bir dünyadı; öz dünyasından baxırdı böyük dünyaya. Qabil böyük dünyayla, böyük amallarla qovuşacağı günün istəyiylə təhsil alırdı…
Kiçik yollar, böyük yollar üçündü; kiçik yolların yolçuları həmişə böyük yola can atır. Böyük dünyanın böyük yolları dəyanətlilərə, istəyi, niyyəti dönməzlərə, arzu şamı sönməzlərə qoşa qollar açar. Böyük yolun qovşağında bir anlığa ayaq saxladı Qabil:
Tale onu sıxıntılarla üzləşdirmişdi. 14 yaşı olanda atasızlıq ağrıları yaşamışdı. Bu yaşında ailə qayğıları çəkməliydi. Atasının ölümündən iki ay sonra anadan olan qardaşına, azyaşlı iki bacısına atalıq etməliydi. Hələ təhsil alırdı. Anası Nuriyyə balalarına şam-çıraq etdi ömrünü, "Qabilim böyüyəcək, onun işığına sığınacağıq. Bacılarına, qardaşına ata olacaq balam…"
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. Hərbi liseyin kursantıydı, Ali Hərbi Məktəbin kursantı oldu. Dünyagörüşü geniş olanlar təkcə öz ömrünü yaşamır, ona güvənənlərin, ona inananların da ömrünü yaşayır; liseyin nümunəvi kursantlarındanıydı və Ali Hərbi Məktəbin kursantı kimi liseyi təmsil edirdi, zabitlərinin, liseyin rəhbərliyinin etimadını doğrultmalıydı. Doğruldur da…
Asudə vaxtlarında kursant yoldaşlarıyla Vətənlə, torpaqla bağlı olmuşlardan danışardılar, döyüşlərdən, döyüşənlərdən, şəhidlikdən, şəhidlərdən danışardılar. Şəhidləri yaşada-yaşada danışardılar, Ali Hərbi Məktəbin məzunu olmuş Milli qəhrəmanları xatırlayardılar. Zabit kimi xidmət edəcəkləri günün qürurunu yaşaya-yaşaya danışardılar. Beləcə, ayları il etmişdilər.
…Müəllimlərinin, zabitlərin tövsiyələrini unutmurdu - "İntizam hərbi xidmətin qızıl qaydasıdı, bu qaydaya şəxsi nümunə ilə əməl edilməsi daha səmərəli olur". Bu və bu kimi xatırlatmaları yaddaşına hopduranlardan biri də Qabil Orucəliyev idi…
…Leytenant Qabil Orucəliyev ön xətdə yerləşən hərbi hissədə xidmətinin ilk günlərindən nizam-intizamıyla, məsuliyyətiylə fərqləndi. "Zamanında müəllimlərindən, zabitlərdən eşitdiyim tövsiyələr nə qədər həyati imiş!", - düşüncələri o illərdən indi də barınırdı…
Kursant olaraq öyrəndiklərini zabit olaraq öyrədirdi… Zabit yoldaşları xatırlayır ki, leytenant Qabil Orucəliyev "Öyrədə-öyrədə öyrənirəm" deyərmiş.
Ön xətdə hərbi xidmətin çətinlikləri də olur. Əslində, bu, çətinlik deyil, hələ şəraitə, relyefə uyğunlaşma prosesidi, məsuliyyətdi. Seçdiyi peşəyə sevgisi dönməzlər bu məsuliyyəti günün nizam qaydalarıyla peşəkarlıqla tənzimləyir; leytenant Qabil Orucəliyev belə zabitlərdəniydi…
Ailə həyatı qurmuşdu. Ata olacaqdı. Məzuniyyət götürüb evlərinə gedəcəkdi, oğlunu görəcəkdi, 2014-cü ilin yayında "Mən zabitəm!", - qürurunu yaşamış leytenant Qabil Orucəliyev gömgöy göy üzünə pıçıldayacaqdı: "Mən atayam!". 2016-cı ilin apreliydi. Ermənilərin irimiqyaslı təxribatlarının qarşısını alanların sırasında leytenant Qabil Orucəliyev  də vardı. Əmisi oğlu Abilə telefonla demişdi ki, vəziyyətlə əlaqədar evə gələ bilməyəcək, narahat olmasınlar. Yaxın vaxtlarda görüşərik: Görüşə bilmədilər…
Taqıma əks-həmlə əmri verilmişdi…
Baş leytenant Cavid Dədəkişiyev, leytenant Qabil Orucəliyev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Rəcəb İbrahimov və Tural Quliyev döyüşə-döyüşə irəliləyirdilər. Qarşıda Talış kəndiydi. Bu əks-həmlə də kəndin ermənisizləşdirilməsinə hesablanmışdı…
Erməniləri mövqelərin birindən uzaqlaşdırdılar - ermənilər qaçırdı. Qarşıdakı mövqeyə tərəf irəlilədilər (döyüşdə irəliləmək ifadəsi cılız səslənir)…
Döyüşürdülər…
Əmri yerinə yetirmək üçün döyüşürdülər…
Əks-həmləni qələbəylə tamamlamaq, düşmənin pərənini pozmaq, bu həndəvərlərdən uzaqlaşdırmaq,… üçün döyüşürdülər…
İstəyirdi ki, oğlu Əli - atasının adını qoymuşdular - atasını qalib zabit kimi görsün; ürəyini iki duyğu çulğamışdı: qələbə, oğlunu qələbə ovqatıyla görmək. Bu duyğuların ikisi də Vətən ovqatlı duyğularıydı. Vətən sevgisi onun da qələbə əzmini kükrətməkdəydi…
Yaxınlıqlarına düşən mərmilərdən çəkinmədilər, düşə biləsi mərmilərdən də; döyüşü davam etdirirdi…
Mühasirəyə düşmüşdülər…
Qüvvələr bərabər deyildi, vəziyyət son dərəcə gərgin idi. Düşmənin atışı altında mövqelərini dəyişə-dəyişə döyüşürdülər. "Son gülləyəcən döyüşəcəyik!..", - belə qət etmişdilər.
Döyüşürdülər…
Mühasirədən çıxmaq üçün döyüşürdülər…
Baş leytenant Cavid Dədəkişiyev və leytenant Qabil Orucəliyev şəhid oldular…
Leytenant Qabil Orucəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif edildi…
…Qəhrəmanlar adına layiq dəfn olunur, qəhrəmanların dəfni el-oba hüznüdü. "Oğul var evdən gedir, oğul var eldən". Leytenant Qabil Orucəliyevin dəfnində izdiham vardı. Bu, şəhidin əzizlərinə təsəlli oldu. Bu təsəlli bütün naxçıvanlıların təsəllisi idi…
Leytenant Qabil Orucəliyevin oğlu Əli adıyla cəmi on gün yaşadı, ona Qabil dedilər; körpə böyüyəcək, şəhid atasının adını da yaşadacaq…
Qabilin anası səbirli, təmkinli anadı. Ağır dərdini sözün əsl mənasında, Vətən sevgisiylə yumşaldır… "Ermənilər sevinməsinlər ki, Qabili öldürdük. Mən yenidən qəhrəman Qabil böyüdürəm. Onu da atası kimi qəhrəman böyüdəcəm. Qabillər ölməyəcək, yeni-yeni Qabillər doğulacaq…"
Ana ürəyinin böyüklüyünə heyrətlənirsən…Nuriyyə xanımı şəhid analarının timsalı bilirəm. Şəhid leytenant Qabil Orucəliyevin ruhu dünyagörüşünün, duyğusallığının, həssaslığının zəmanətiylə "Ana, mən sənə rahibəm itaətdə", - deyir düşünürəm.
Nuriyyə ana "Qabillər ölməyəcək"…, - deyir. Ana fikrini, Ana qənaətini "Şəhidlər ölməyəcək"…, - kimi qəbul edirik.

Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"