Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Sentyabr 2018 09:41

Vətənin əsgəriyik!

Ermənistanın Azərbaycan torpaqlarına olan əsassız iddiası, minlərlə insanın həlak olması, bir milyondan çox dinc əhalinin ata-baba torpaqlarından didərgin düşməsi imkan vermir ki, dövlətimiz izləyici mövqedə dayansın. Onun nəticəsidir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Ordusu torpaqlarımıza sahib çıxmaq məqsədilə günün tələblərinə uyğun qurulmaqda və inkişaf etməkdədir. Müasir standartlar əsasında formalaşan ordumuzda silah və texnika ilə yanaşı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı da diqqətdə saxlanılır.
"N" hərbi hissəsinin mühəndis-yol bölüyünün şəxsi heyəti ilə keçiriləcək ictimai-siyasi hazırlıq məşğələsi öncəsi dərsin rəhbəri leytenant Murad Quliyev ilə söhbətləşirik. "Dövlətimizin dayaq sütunu olan ordumuzun hərbi qulluqçularının öz tarixi barədə məlumatlı olması vacib amildir. Tarixini bilməyən şəxs əsl vətəndaş ola bilməz. Bu gün hər bir azərbaycanlının ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad olunmasıdır. Dərsimizin mövzusu da Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Bu mövzu haqqında informasiyaya malik olmaq kiçikdən-böyüyə hər birimizin borcudur. Həmvətənlərimizin öz tarixi torpaqlarında qətlə yetirilməsi, isti evlərini məcburi şəkildə tərk etmələri bizim düşmənə olan nifrətimizi daha da alovlandırır. Komandanlığın qarşımıza qoyduğu əsas tapşırıqlardan biri də əsgərlərin mənəvi-psixoloji vəziyyətini daim yüksəkdə saxlamaqdır."
Zabit yoldaşımızla söhbətimizi bitirib sinif otağına daxil oluruq.
Dərsin mövzusunu şəxsi heyətə çatdıran zabit Murad Quliyev qrup rəhbərinin köməkçisinin məruzəsindən sonra şəxsi heyətin varlığını yoxlayır və şəxsi heyətə mövzunu çatdırır. "Bugünkü mövzumuz, Dağlıq Qarabağ münaqişəsi, onun tarixi faktları və nəticələri haqqındadır. Məmləkətimizin yerləşdiyi əlverişli coğrafi mövqe, təbii resurslarla zəngin olması buraya qədim zamanlardan olan hücumların əsas səbəbi olmuşdur. Erməni millətçilərinin torpaqlarımıza olan əsassız iddiası həmyerlilərimizin öz ata-baba ocaqlarından didərgin düşməsi ilə nəticələndi. Tarixi abidələrimiz dağıdıldı, münbit torpaqlarımız yararsız hala salındı. Separatçılıq siyasəti yürüdən erməni millətçiləri yerli əhalini silah gücünə qaçqına çevirdilər. Daşnaksütyun təşkilatının yaradılması ilə Qafqaz ərazisində yaşayan azərbaycanlılara qarşı soyqırımlar həyata keçirildi və iki milyona yaxın azərbaycanlı ermənilər tərəfindən qətlə yetirildi, öz ev-eşiyindən zorla qovuldu. Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ və ona bitişik 7 rayonun ərazisi işğal edildi. Bir milyonadək azərbaycanlı öz Vətənində məcburi köçkünə çevrildi, 20 min nəfər şəhid oldu".
İctimai-siyasi hazırlıq üzrə məşğələ başa çatdıqdan sonra əsgər Telman Murtuzayevlə söhbət edirik. O, döyüşçülərimizin erməni işğalçılarına qarşı mübarizədə göstərdikləri qəhrəmanlıq nümunələrindən söz açır. "İctimai-siyasi hazırlıq dərslərində ölkəmizin tarixi, onun cəngavər oğulları barədə məlumat bazamızı möhkəmləndiririk. Qarabağ döyüşlərində şücaət göstərən “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş mayor Rasim İbrahimov, mayor Əliyar Əliyev, baş leytenant Elşad Əhədov, çavuş Etibar İsmayılov, əsgər Fərhad Hümbətov, "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş baş leytenant Elxan Yusifov, əsgər Şamil Cəbrayılov və yüzlərlə vətənpərvər oğullarımız bu gün də qəlbimizdə yaşayır və hər birimiz üçün vətənpərvərlik nümunəsidir. Biz də xidmətimiz boyu çalışmalıyıq ki, bu cür igid oğullar yetişdirən Vətənin layiqli nümayəndələri olaq".
Əsgər Tahir İsmayılov Qarabağı işğaldan azad etməyin hər birimizin ən müqəddəs vəzifəsi olduğunu söyləyir. "Bu gün keçirilən dərsdə də bir daha öyrəndik ki, ermənilərin tarix boyu bizim torpaqlarımıza olan əsassız iddiaları xalqımız üçün hər zaman baş ağrısına çevrilib. Tarixi torpaqlarımızın işğaldan azad olunacağı günü səbirsizliklə gözləyirik. 2016-cı ilin aprel döyüşləri və 2018-ci ilin Günnüt qələbəsi də sübut etdi ki, tarixi qələbəyə çox yaxınıq. Ordumuzun gücü artan xətlə gedir. Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı təşkil olunan möhtəşəm hərbi paradı izləyəndə hər birimiz fəxarət hissi keçirdik. Müasir silahlarımızın nümayiş olunması düşməni lərzəyə salmaya bilməz. Hər bir Azərbaycan əsgəri kimi biz də Ali Baş Komandanımızın əmrini gözləyirik."
Əsgər Nail Zeynalov ictimai-siyasi hazırlıq dərsinin keçirilməsinin onların mənəvi-psixoloji hazırlığının yüksəlməsində mühüm əhəmiyyət daşıdığını vurğulayır. "Bizim mənəvi-psixoloji hazırlığımızın yüksəlməsində rol oynayan əsas faktorlardan biri də komandirlərimiz tərəfindən keçirilən ictimai-siyasi hazırlıq dərsləridir. Şəxsi heyətin milli-mənəvi dəyərlərə sadiq, xalqına layiq fərd kimi formalaşmasında bu dərsin önəmi böyükdür. Müxtəlif hərbi, tarixi mövzulardan bəhs edən dərslər hərbi vərdişlərimizdən savayı, dünyagörüşümüzün də artmasına imkan verir. Bugünkü mövzumuz düşmənin nə qədər amansız, qəddar olduğunu bir daha sübut etdi. Tarixi torpaqlarımızı işğal edən, dinc əhalini vəhşicəsinə qətlə yetirən və onların öz torpaqlarında köçkünə çevrilməsinə səbəb olan düşmənə cavabımız da amansız olmalıdır. Onlar bilməlidirlər ki, bizim ordumuz artıq güclü, nizami ordudur. Müharibə baş verəcəyi təqdirdə onlar cavablarını alacaqlar".
                                                                           
Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"