Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Sentyabr 2018 09:37

“Bayrağımız Şuşada da dalğalanacaq”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsindəyik. Günün nizam qaydasına əsasən şəxsi heyət komandirlərinin rəhbərliyi altında idman şəhərciyində düzülüb. Qaçış, turnikdə dartınma, paralel qollarda dayaq vəziyyətində qolların bükülüb açılması çalışmalarını icra edən əsgərləri müşahidə etmək imkanı qazanırıq. Fiziki hazırlıq məşğələsi başa çatdıqdan sonra həmsöhbətim əslən Ordubad rayonundan olan baş leytenant Hüseyn Hüseynov olur.
Zabit bu müqəddəs peşəyə sahib olmağın verdiyi qürurdan bəhs edir. "İbtidai sinifdə oxuyarkən, düşmənin xalqımıza qarşı amansızlığını, qeyri-humanist hərəkətlərini əks etdirən videogörüntüləri gördükcə, doğma yurdlarından didərgin düşmüş insanların gözlərindəki üzüntünü, Xocalı soyqırımında vəhşicəsinə qətlə yetirilmiş uşaqların, qadınların, qocaların təhqirə məruz qalmış cəsədlərini izlədikcə qanım donurdu. Düşmənə nifrətimi alovlandıran bu görüntülər gələcək peşəmi seçməyimdə əsas amillərdən biri oldu. Atam da məni gələcəkdə hərbçi kimi görmək istədiyini həmişə deyir, Vətənimizə hər zaman arxa-dayaq, düşmənə qarşı amansız olmağın vacibliyini vurğulayırdı. Təkcə valideynlərimə deyil, Vətənimə və millətimə də layiqli övlad olmağın arzusu idi ki, 2006-cı ildə Heydər Əliyev adına Hərbi Liseyə sənədlərimi verdim. 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini fərqlənmə ilə bitirdikdən sonra Azərbaycan Ordusunun zabiti kimi xidmətə başladım".
Şəxsi heyətin gündəlik fəaliyyəti ilə bağlı bizi məlumatlandıran baş leytenant Hüseyn Hüseynov, döyüşdə qazanılan qələbəni şərtləndirən amillərdən də söz açır. "Şəxsi heyətin fiziki və döyüş hazırlığı, mənəvi-psixoloji vəziyyəti daim diqqətdə saxlanılır. Təlimlərdə iştirak etmək şəxsi heyətin  hərbi vərdişlərinin artmasında, düşmənin hər hansı təxribatının və atəşkəsi pozmaq cəhdinin qarşısının vaxtında alınmasında əsas rol oynayır. Əsgərin fiziki hazırlığının yüksək olması onun təlim və döyüş tapşırıqlarının səlis şəkildə icrasına, düşmənin mümkün əlbəyaxa döyüşdə zərərsizləşdirilməsinə xidmət edir.  Bölmələrin düşmənlə təmas xəttində yerləşməsinə baxmayaraq, şəxsi heyətin yüksək səviyyədə xidmət etməsi üçün hər cür şərait yaradılıb.
"Adı tarixə qızıl hərflərlə yazılan 2016-cı ilin aprel döyüşlərinin iştirakçısı olmuşam", - deyə zabit sözünə davam edir.
- "Ordumuz qısa müddət ərzində qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəldi. Döyüş meydanı, ərənlər meydanıdır. Bu döyüşlər Vətənə neçə-neçə qəhrəman oğullar bəxş etdi. O oğullar cismən bizim yanımızda olmasalar da ruhən qəlbimizdə yaşayır və yaşayacaqlar. Onlar bizim və gələcək nəsil üçün əsl igidlik nümunələridir. Rəhbərliyin tez-tez cəbhəyanı ərazilərə səfəri şəxsi heyətə əlavə stimul verir. Məhz dövlətimizin ordumuza qayğısının nəticəsidir ki, bu gün dünyanın aparıcı orduları sırasında biz də varıq. Mən də güclü ordunun zabiti kimi fəxarət hissi keçirirəm. Ordumuz son iki ildə iki uğurlu əməliyyat keçirməklə tarixi torpaqlarımızın müəyyən hissəsini işğaldan azad etdi. O əməliyyatlar ki, ordumuz gücünün cüzi hissəsindən istifadə etməklə şanlı tarix yazdı. Düşmən özü də bilir ki, əgər genişmiqyaslı əməliyyatlar başlasa, məğlubiyyət qaçılmaz olacaq. Lakin bizim dövlətin yürütdüyü siyasət humanizmi tərənnüm etdiyindən, danışıqların nəticələrini gözləyirik. Əgər danışıqlar nəticə verməzsə, Ali Baş Komandanın əmri ilə öz haqq mübarizəmizi döyüş meydanında aparacaq və düşmənin cavabını layiqincə verəcəyik. Bu gün Vətəninə bağlı olan hər kəsin ürəyində bir arzu var - torpaqlarımızın işğaldan azad olunması. O gün uzaqda deyil. Tezliklə şanlı üçrəngli bayrağımız Laçında, Şuşada, Xankəndidə və digər işğal altında olan torpaqlarımızda dalğalanacaq.

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR