Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Sentyabr 2018 09:04

Bu torpaq sənindir!

Bu gün Azərbaycan əsgəri sabaha, gələcəyə böyük inam və ümidlə baxır. Ona görə ki, onun Azərbaycan adlı Vətəni, müstəqil dövləti, müdrik və iradəli Ali Baş Komandanı var. Ona görə ki, onun qüdrətli, güclü, nizam-intizamlı, yüksək döyüş qabiliyyətinə malik ordusu  və bu orduya inamla, ümidlə baxan xalqı var.
Azərbaycan əsgəri bu inamı, bu ümidi qorumağa qadirdir. Azərbaycan əsgəri Anar Əliyev ön xətdə düşmənlə üzbəüz mövqedə Vətənin keşiyində qürurla, əzmlə dayanıb. Bu, onun baxışlarından görünür. Anarı nə soyuq, nə isti, nə qış, nə qar, nə yağış, nə çovğun, nə boran qorxudur.
"Bu torpaq mənim, sənin, onun, hamımızındır", - Anar belə deyir. - Unutmuruq ki, arxamızda anamız Azərbaycan və böyük xalqımız dayanıb. Amalımız yalnız irəli getməkdir. Bizə etibar olunan bu silah hər kəsə həvalə olunmur. Bu, çox məsuliyyətli və zəruri etimaddır. Yaxşı başa düşürəm ki, onu mənə etibarlı saxlamaq və lazım gələndə Azərbaycanımızın ərazi bütövlüyü naminə düşmənimizə qarşı istifadə etmək üçün veriblər.  Bu silah Vətən torpaqlarını düşməndən qorumaq, erməni işğalında olan torpaqlarımızı azad etmək və şəhidlərimizin qisasını almaq üçün əlimizdədir.
Əsgərlərimizin düşüncələri həmişə Vətənlə, torpaqla bağlı olub. Bu düşüncələr Azərbaycan əsgərinin Hərbi anda, deməli, Vətənə sədaqəti bilmişik. Belə düşüncələr başlanğıcı 2016-cı ilin aprel döyüşləri olan Böyük Qələbə üçündü. Qürurlanırıq ki, əsgərlərimiz qələbə ruhu ilə xidmət edirlər.
Torpaq müqəddəsdir. Onun toxunulmazlığını, müqəddəsliyini qoruyub saxlamaq bizim vəzifə borcumuzdur. Bu torpaq sənindir, Vətən elə sən özünsən, Azərbaycan əsgəri. Qoru onu göz bəbəyin kimi. İçdiyin Hərbi anda sadiq qal, Azərbaycan əsgəri. Bu sənin əsgəri nizam-intizamın və doğma Vətənimizə övladlıq borcundur. Xidmətini uğurla başa vurub, valideynlərinin, doğmalarının yanına alnıaçıq, başıuca qayıt,  Qoy el-oban səninlə fəxr etsin. Ali Baş Komandanın döyüş əmrinə həmişə hazır ol!

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR