Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Sentyabr 2018 09:04

“Yarışlar Böyük Qələbəyə vəsilədi”

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "Ən yaxşı özüyeriyən artilleriya divizionu" adı uğrunda yarışlar keçirildi.
Azərbaycan Ordusunun özüyeriyən artilleriya divizionlarının cəlb olunduğu yarışlarda tədris-material baza öyrənildi, zabitlərin və ixtisaslı mütəxəssislərin hazırlıq səviyyəsi yoxlanıldıqdan sonra heyətlər əvvəlcədən hazırlanmış atəş mövqelərini tutdu, eləcə də fərdi və qrup şəklində normativlər qəbul edildi. Yeni atəş mövqelərinə çıxarılma, əvvəlcədən müəyyən edilmiş və qəfil aşkar olunmuş hədəflərin dərhal məhv edilməsi tapşırıqları da müvəffəqiyyətlə yerinə yetirildi. Qeyd edək ki, avtomatik idarəetmə sistemləri ilə təchiz edilmiş, yüksək dəqiqliklə atəş açmaq imkanına malik olan, eyni zamanda döyüş hazırlığı səviyyəsi ilə fərqlənən divizionlar yüksək nəticələr və səhra vərdişlərini təkmilləşdirmək uğrunda yarışdılar.
Nəticələr təhlil edilərək ümumiləşdirildi və qiymətləndirildi.   "Ən yaxşı özüyeriyən artilleriya divizionu" adı uğrunda keçirilən yarışın qalibləri sırasında yer alan komandalardan birinin şəxsi heyətinin təəssüratlarını öyrənmək məqsədilə "N" hərbi hissəsində olduq. Komandanın rəhbəri mayor  Azad Cəfərov şəxsi heyətin yarışda iştirakından və qazandığı uğurdan söz açdı: "Yarışda iştirak edən divizionun şəxsi heyəti birinciliyi qazanmaq üçün mütəmadi olaraq məşqlər edirdilər. Həmin məşqlərin nəticəsidir ki, hərbi hissəmizə qalibiyyət sevincini bəxş edə bildik. Hərbi qulluqçularımızın döyüş vərdişlərinin təkmilləşdirilməsi gələcək döyüşlərdə qısa müddət ərzində yüksək nailiyyətlər əldə edəcəyimizin qarantı deməkdir. Belə yüksək səviyyənin əldə edilməsində mənəvi-psixoloji vəziyyətin yüksək olması da böyük rol oynayır. Hər birimiz Ali Baş Komandanın döyüş əmri ilə torpaqlarımızı işğaldan azad etməyə hazırıq".
Söhbətə qoşulan kapitan Rəşad Məmmədov bildirdi ki, ilk olaraq yarışa qatılan divizionun zabit heyətinin nəzəri bilik səviyyəsi yoxlanıldı və qiymətləndirildi. Divizion komandiri döyüş əmrini çatdırdıqdan sonra atəş mövqelərinin və komanda müşahidə məntəqələrinin tutulması həyata keçirildi. Zabit onu da qeyd etdi ki, iştirakçılardan fərdi və qrup şəklində normativlər götürüldü, hədəflərin qısa müddətə məhv edilməsi üzrə tapşırıqlar icra olundu.
"Komandamız yarışa yaxşı hazırlaşmışdı. Ordumuzda belə yarışların keçirilməsi döyüş hazırlığının inkişafına, şəxsi heyətin döyüş şəraitinə uyğunlaşmasına və gələcəkdə əldə edəcəyimiz uğurlu nəticələrə böyük təkan deməkdir. Hər birimiz yüksək əhval-ruhiyyə ilə yarışa hazırlaşırdıq. Bununla kifayətlənməməliyik, hər gün öz üzərimizdə çalışmalıyıq. Qalib olmağımızda komandanın hər üzvünün əməyi böyükdür. Yarışa hazırlıq zamanı komandirlərimiz yaranan problemləri aradan qaldırmağımız üçün əllərindən gələni əsirgəmir, hər cür köməklik göstərirdilər. İnanırıq ki, keçirilən yarışlar Böyük Qələbəyə vəsilədi. Tezliklə yarışın qalibləri Ali Baş Komandanımızın əmri ilə Böyük Qələbənin qalibləri kimi Şuşaya, Laçına, Ağdama… üçrəngli bayrağımızı sancacaqlar. Ali Baş Komandan İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun diqqət və qayğısını daim üzərimizdə hiss edirik və bu etimada cavab olaraq alacağımız əmri qələbəylə başa çatdıracağıq, - deyə baş leytenant Məmməd Məmmədov bildirdi.
Baş leytenant Rəfael Hüseynov hərbçi ixtisasını seçməkdə valideynlərinin böyük əməyi olduğunu qeyd etdi: "Hələ uşaq vaxtlarından hərbi mundirə həvəsim böyük idi. Bunu nəzərə alaraq ixtisas seçimi zamanı valideynlərim etiraz etmədilər, məni dəstəklədilər. Yarışda uğur qazanan komandalar sırasında olmağımızla fəxr edirəm. Etiraf edim ki, komandalar arasında güclü rəqabət var idi. Ancaq biz qələbəyə gedən bütün çətinliyin öhdəsindən gəldik və uğur qazandıq. Gələcək yarışlarda da yüksək nəticələr əldə etmək üçün komandanın bütün üzvləri gücündən və iradəsindən istifadə etməlidir. Bizim üçün birinci, ikinci və ya üçüncü olmaq o qədər də önəmli deyildi. Önəmli olan Vətənimizə xidmət etməkdi. Önəmli olan ocaqlarından didərgin düşmüş soydaşlarımızın Vətən həsrətinə son qoymaqdır".
- Tabeçiliyimdə xidmət edənlərin nəzəri və praktiki biliklərinin artırılmasına üstünlük verirəm. Şəxsi heyətin asudə vaxtlarının səmərəli keçməsi üçün xidmətlə bağlı müxtəlif əyləncələrin, yarışların, intellektual oyunların keçirilməsi prioritetlərimiz sırasındadır. Belə yarışların keçirilməsi hərbi qulluqçular arasında rəqabət yaratmaqla yanaşı, onların bilik səviyyələrinin artmasında, təcrübə mübadiləsində böyük rol oynayır. Yarışlara hazırlıq zamanı bunun bir daha şahidi oldum. Hər kəs komandirlərin təcrübəsindən, əldə olan ədəbiyyatlardan geniş istifadə edirdi. Bunun nəticəsidir ki, biz uğur qazananlar sırasında olduq. Düşünürəm ki, belə yarışlar divizionumuzun döyüş hazırlığına müsbət təsir göstərir. İnanırıq ki, tez bir zamanda Böyük Qələbənin sevincini də yaşayarıq. Bütün yarış iştirakçıları adından komandir heyətinə bizə göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlığımı bildirirəm, - deyə baş leytenant İgid Məmmədov sevincini də, qürurunu da belə bildirdi.
Gizir Urxan Qələndərov keçirilən yarışın həyatında ən yaddaqalan anlardan biri olduğunu dedi: "Çox sevinirəm ki, bu yarışın iştirakçılarından biri də mən oldum. Yaxşı bilirik ki, əsl qələbəmiz qarşıdadır. Azərbaycan Ordusunun hərbi qulluqçusu olmağımla fəxr edirəm. Nə qədər ki, torpaqlarımız bədxah düşmənlərimizin işğalındadır, Vətən qarşısında borcumuz bitməyib. "Ən yaxşı özüyeriyən artilleriya divizionu" adı uğrunda yarış çox maraqlı keçdi. Birincilik uğrunda gərgin mübarizə gedirdi. Sadəcə yüksək nailiyyət göstərən qalib gəldi".
Əsgər Vüqar Mustafayev bildirdi ki, yarışın iştirakçısı olmaq belə böyük uğurdur: "Bu, hər birimizin uğurudur. Biz də öz növbəmizdə yuxarı komandanlığın bizə göstərdiyi etimadı doğrultmaq üçün mübarizə aparırdıq. Həmişə olduğu kimi, bu dəfə də ordumuzun inkişafını və gücünü öz gözlərimizlə gördük. İnanırıq ki, tezliklə qazanacağımız Böyük Qələbənin sevincini yaşayacağıq!"

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR