Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Sentyabr 2018 09:01

“Gücümüzü xalqımızın inamından alırıq”

Xalq və ordu birliyi müstəqil Azərbaycan dövlətinin, güclü və qüdrətli ölkəmizin regionda aparıcı söz sahibinə çevrilməsində xüsusi əhəmiyyət kəsb edir. Hər dövlətin ərazi bütövlüyünü, toxunulmazlığını qoruyan güclü ordusu olmalıdır. Ordu xalqa daim arxalanırsa, xalq ordusuna güvənirsə - xalq ordunun, ordu xalqın dayağıdırsa,  dövlət daha güclü, daha qüdrətli olur.
Azərbaycan Ordusu arsenalında olan ən müasir silahları, texnikaları, yüksək döyüş hazırlığına malik olan şəxsi heyəti ilə nəinki Cənubi Qafqazda, dünyada ən güclü ordular sırasındadır.
Ön xətdə yerləşən hərbi hissələrdə də əsgərlərimizin döyüş əzmini, qələbə ruhunu gördükcə əmin oluruq ki, Azərbaycan əsgəri torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Onlar da hiss edirlər ki, həmin gün uzaqda deyil, Ali Baş Komandanımız döyüş əmri verəcək, döyüşəcəklər, qələbə qazanacaqlar.
Ön xətdə xidmət edən zabitlərimizin, gizirlərimizin, əsgərlərimizin üzlərində qələbə ruhunu hiss etməkdən, yüksək mənəvi-psixoloji hazırlığın nişanəsi olan qorxmazlıq hissini duymaqdan gözəl təəssürat ola bilməz. Onların sayəsində yaxın vaxtlarda "Qarabağdan salamlar", "Kəlbəcəri azad etdik", "Şuşamıza qayıtdıq" kəlmələrini eşidəcəyik…
Səngərdəyik.
"Gün ərzində postda heç bir hadisə baş verməyib", -  leytenant Səfər Hüseynquliyev hərbi hissənin zabitinə raport verir. Leytenant Səfər Hüseynquliyev 2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olub. Bir müddət arxa cəbhədə təcrübə topladıqdan sonra ön xəttə təyin edilib.
- Ön xəttə yeni təyin olunmusunuz. Xidmətiniz necə keçir?
- Vətənə sevgi ilə xidmət edirik. Mən arxa bölmədə xidmət edərkən düşünürdüm ki, görəsən, nə vaxt ön mövqedə xidmət edəcəm. Bu gün buradayam. Cəsurlarla çiyin-çiyinə Vətən keşiyində dayanmaqdan şərəfli heç nə yoxdur.
"Müntəzəm olaraq şəxsi heyətlə fərdi söhbət edir, problemləri ilə maraqlanıram. Yuxarı komandanlıq da tez-tez posta gəlir, əsgərlərimizlə görüşür. Ona görə bu gün bölməmizdə döyüş ruhu yüksək səviyyədədir. Yaradılan şəraitdən razıyıq. Xidmətlə bağlı heç bir çətinliyimiz yoxdur. Hamımız Ali Baş Komandanımızın rəhbərliyi altında döyüşlərə girəcəyimiz günü səbirsizliklə gözləyirik."
Manqa komandiri ilə birlikdə müşahidədə dayanan əsgərlərimizlə görüşürük.
Kiçik çavuş Vüsal Əsədov Ağdam rayonunun Əlimədədli kəndində dünyaya göz açıb. Beş ildir ordu sıralarında manqa komandiri vəzifəsində xidmət edir. O bildirir ki, uşaqlığı mərmi səslərini eşitməklə keçib. "Kəndimiz düşmənə yaxın məsafədədir. O vaxtlar düşmən atəşkəsi tez-tez pozurdu. Onların atəşlərindən qorxmurduq. Valideynlərim deyirdilər ki, düşmən bizdən qorxmalıdır. Çünki onlar bizim torpaqlarımızı işğal ediblər. Bu sözlərdi məni bu gün orduya bağlayan. Mən fəxr edirəm ki, hərbi xidmətdəyəm. Hər an yuxarı komandanlığın istənilən əmrini yerinə yetirməyə hazıram."
Əsgər Kənan Əkbərlinin sözləri məni kövrəldir. Əsgər danışdıqca gözlərinin dolduğu hiss olunur. "Əslim Laçındandır, ancaq Laçını görməmişəm. Sadəcə, keçmişi özündə əks etdirən şəkillərə baxdıqca, valideynlərim oranın təbiətindən, gözəlliyindən danışdıqca gözlərimdə canlanır Laçınım. Oraların necə gözəl olduğunu təsəvvür etmək çətin deyil. Bu gün xidmətdəyəm. Ali Baş Komandanımız əmr verəndə işğalda olan torpaqlarımızı, Laçınımızı azad edəcəyik. Onda atama zəng edib deyəcəm: "Oğlunla qürur duya bilərsən, Laçını azad etdik". Bu cür sevincli xəbərləri tezliklə xalqımıza arzu edirəm. Onlar bizə güvənir. Biz gücümüzü xalqımızın inamından alırıq."
"Vətəni, bu torpaqları qorumaq həm vətəndaşlıq, həm də əsgəri borcumuzdur", - deyə əsgər Hüseyn Müslümov söhbətə qoşulur. "Güclü ordumuz var. Aprel döyüşlərində ermənilər silahlarını atıb qaçdılar. Gördülər ki, Azərbaycan Ordusu hər tapşırığı yerinə yetirmək gücündədir. Düşmənə Ali Baş Komandanımızın sözləri ilə səslənirəm: Əgər ölmək istəmirsənsə, onda torpağımızdan çıx get!"
Əsgərlər Ədalət Vahabzadə və Aslan Sədullayev də eyni fikirləri deyirlər. Qürurlanıram ki, belə əsgərlərimiz var… Qürurlanıram ki, əsgərlərimiz "Biz Azərbaycan əsgəriyik, hər zaman Ali Baş Komandanımızın əmrinə hazırıq", - deyirlər...

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR